Главная > Sosial > Kamaləddin Qafarov: “Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri yeni formata keçir”
Kamaləddin Qafarov: “Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri yeni formata keçir”4-02-2022, 09:18. Разместил: admin |
“Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Dəyəri 33 milyard ABŞ dolları olan və XXI əsrin ən böyük layihələrindən biri hesab edilən Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizinin xüsusi rolu var. Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığın formalaşması Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP-ın istismara verilməsilə daha yüksək səviyyəyə keçmiş oldu və bu nailiyyət, ilk növbədə, Prezident İlham Əliyevin uzun illər ərzində nümayiş etdirdiyi prinsipial mövqeyi, qətiyyəti və strateji idarəçiliyi sayəsində əldə olunub. Bir məqamı da xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir və bu da ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir”. Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili qeyd edib ki, Cənub Qaz Dəhlizi qlobal beynəlxalq əhəmiyyət kəsb etməklə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu müstəsna edib və ölkəmizin Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətlərini tamamilə yeni formata keçirib. K.Qafarovun sözlərinə görə, bu formatın Azərbaycanın milli maraqlarına tam uyğun olması birmənalıdır: “Prezident İlham Əliyevin toplantıda etdiyi çıxışında bildirdiyi kimi, Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artırıb. Azərbaycan keçən il bu istiqamətdə 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var və ona tələbat getdikcə artır. Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb. Bütün bu illər ərzində Azərbaycan özünü etibarlı tərədaş kimi göstərərək, təchizatda hər hansı bir fasiləyə və ya müqavilə şərtlərinin pozulmasına yol verməyib. Azərbaycanın enerji siyasəti həmişə açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alır və bu göstəricilər də getdikcə artır. Ölkəmizin Avropanın enerji təhlükəsizliyi baxımından önəmini artıran əsas məqamlardan biri də budur ki, Avropa ölkələrinin enerji resurslarına getdikcə artan tələbatı fonunda Azərbaycanın isbat edilmiş qaz ehtiyatları kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Bu barədə Məşvərət Şurasının toplantısında açıqlama verən dövlət başçımız bildirdi ki, bu göstərici 2,6 trilyon kubmetrdir. O cümlədən, ən böyük yataq bir trilyon kubmetr ehtiyatı təsdiqlənmiş “Şahdəniz” yatağıdır. Lakin mövcud perspektivlər Azərbaycanın isbat edilmiş qaz ehtiyatları göstəricilərinin yaxın gələcəkdə dəyişərək daha yüksək olacağını deməyə əsas verir. Beləliklə, Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, tərəfdaş ölkələrin işi isə davam edir və tərədaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, mövqeylərinin möhkəmlənməsinə əhəmiyyətli töhfələr verməklə ölkəmizin milli mənafeylərinə tamamilə uyğundur.” Millət vəkili bildirib: “Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, bu gün Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb. Ölkəmiz dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir və bu, əlbəttə ki, çox böyük nailiyyətdir. Hazırda qoyulan vəsaitlərin səmərəli xərclənməsi hesabına ölkəmizin elektrik enerji xətləri tamamilə müasirləşdirilib, habelə yeni elektrik stansiyaları tikilib. Məsələn, yaxın vaxtlarda Bakının Qobu rayonunda demək olar ki, 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışı olacaq. Ötən ay enerji bazarında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Bundan başqa hazırda ölkənin işğaldan azad edilmiş əraziləri üçün xüsusi proqram hazırlanıb. Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur”. K.Qafarov açıqlamasının sonunda xüsusi vurğulayıb ki, Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşı olan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Digər tərəfdən də bu gün Azərbaycan dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. Həm də ixracın həcmi getdikcə artır. Şübhəsiz, Azərbaycanda bərpaolunan enerji mənbəyi nə qədər çox olsa, ölkə ixrac üçün daha çox qaza qənaət edə bilər. Bu məqsədlə Xəzər dənizinin təsdiq olunmuş enerji yataqlarının qiymətləndirilməsinə dair xüsusi proqram böyük əhəmiyyət kəsb edir. Artıq təsdiq olunub ki, Xəzər dənizinin texniki potensialı ilkin göstəricilərə əsasən 150 min meqavatdan çoxdur. Artıq bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər alınıb. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan potensial enerji resurslarına malik bir ölkə və etibarlı tərəfdaşdır. Вернуться назад |