Cavanşir Paşazadə: İlham Əliyev Türkiyə və Azərbaycanın iqtisadi imkanlarını ortalayan ideyaları artıq öz işini görən nəhəng iqtisadi layihələrə çevirə bilmişdir
- 8-06-2021, 11:50
- Sosial
- 0
- 385
Milli Məclisin deputatı Cavanşir Paşazadə - Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşsa da, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə bir ehtiyac duyulmaqdadır. Perspektivdə isə Azərbaycan və Türkiyənin iqtisadi sahədə münasibətlərini daha da möhkəmləndirəcək əsas məqamlardan biri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi olmuşdur. Biz indiyədək Bakı-Tbilisi-Ceyhan Bakı- Tblisi-Ərzurum kəmərləri vasitəsilə enerji sahəsində əməkdaşlıq edirik. Hazırada Naxçıvanın həm iqtisadi sferada sürətlə inkişaf etməsində, həm də təhlükəsizliyinin təmin olunmasında qardaş Türkiyə böyük rol oynayır.
İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə - TANAP layihəsi Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyır. 1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaqdır.
Həmçinin, iki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə 2018-ci ilin sentyabr ayında SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşasını başa çatmış “Star” neft emalı zavodunun açılış mərasiminin keçirilməsini göstərmək olar.
Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir. Azərbaycanda fəaliyyət göstərən 13000-dən artıq türk şirkətinin indiyədək iqtisadiyyatımıza investisiyalarının həcmi təxminən 10 milyard dollar məbləğində olmuşdur. Türk şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, tekstil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərməkdədir.
Azərbaycan-Türkiyə əlaqələrinin tükənməz potensialı xalqlarımız arasındakı milli, mədəni və dərin tarixi əlaqələrə söykənmişdir. Təsadüfi deyil ki, dövlət müstəqilliyimizi ilk tanıyan məhz Türkiyə Cümhuriyyəti olmuşdu. Bu, başqa cür ola da bilməzdi! Qarşılıqlı münasibətlər, ümumi dil, ümumi mədəniyyət, ağır və xoş günlərdə daim birgə olma hər iki dövləti sarsılmaz tellərlə bir-birinə çoxdan bağlamışdı. Bununla belə Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrin qurulması Azərbaycanın sovet imperiyasının əsarətindən xilas olması ilə eyni vaxta düşür.
Türkiyə Cümhuriyyəti ilə Azərbaycan arasında ilk iqtisadi saziş 1992-ci ildə Ankarada imzalanmış “Ticarət və İqtisadi Əməkdaşlıq haqqında Saziş” olmuşdur. Lakin müasir Türkiyə-Azərbaycan münasibətlərinin tarixi XX əsrin 90-cı illərin əvvəllərindən başlayır. Bu o zamanlar idi ki, ölkəmiz ərazi iddiaları ilə çıxış edən bədnam qonşularımızın hərbi təcavüzü qarşısında dərin iqtisadi və siyasi böhran yaşayırdı. Yenicə müstəqilliyini əldə etmiş dövlətə qarşı elan olunmamış müharibə və düşmən havadarlarının məkrli siyasəti xaqımızı çox ağır aqibətlə üz-üzə qoymuşdu. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi həqiqətən də xalqın qurutuluşu idi. Ölkənin vəziyyətini real qiymətləndirən Heydər Əliyev Türkiyə-Azərbaycan münasibətlərinə “Bir millət-İki dövlət” tezisi ilə yeni rəng qata bilmişdi.
Türkiyənin Azərbaycan iqtisadiyyatında rolu əvəzedilməzdir. XXI ərsin əvvəllərində respublikamızın siyasi sükanını uğurla idarə edən Prezident İlham Əliyev də ölkələrimiz arasındakı iqtisadi potensialı yüksək qiymətləndirə bildi. Məhz İlham Əliyev Türkiyə və Azərbaycanın iqtisadi imkanlarını ortalayan ideyaları artıq öz işini görən nəhəng iqtisadi layihələrə çevirə bilmişdir.
Bu gün Azərbaycan və Türkiyə arasında iqtisadi inkişaf davamlı olaraq yüksələn xətt üzrə gedir. Türkiyə Azərbaycanın ən iri həcmli iqtisadi partnyorudur. Türkiyə həmçinin Azərbaycana investisiya qoyan ən böyük iqtisadi tərəfdaşdır. Türkiyə iş adamları Azərbaycanın iqtisadi potensialına inam nümayiş etməkdə davam edirlər. II Qarabağ müharibəsində Türkiyə Respublikasının Azərbaycanı dəstəkləməsi Azərbaycanla Türkiyə arasındakı münasibətləri daha yüksək səviyyəyə qaldırmışdır.
Xalqlarımız arasındakı qardaş münasibətlər əlaqələrin sarsılmazlığına xidmət edir. Prezident İlham Əliyev özü də qeyd etmişdir ki, ölkələrimiz arasındakı sıx münasibətlər azad olunmuş torpaqların dirçəldilməsində və infrastrukturun yenidən qurulmasında Türkiyə şirkətlərinin müstəsna rolu olacaqdır. Bu baxımdan Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin potensial imkanları tükənməzdir.
27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi və xalqımızın 44 günlük müharibədə qalib gəlməsi ölkələrimiz arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Qarabağda yeni quruculuq işlərinin aparılmasında həyatın bərpası təhlükəsizliyin təmin olunmasında Azərbaycan – Türkiyə arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti çox böyükdür. Türkiyə işğaldan azad edilən ərazilərimizin bərpası işində də Azərbaycanın yanındadır və yanında olacaq. Türkiyənin quruculuq-bərpa işində yaxından iştirak etməsi qardaşlığın yeni nümunəsi olacaq. İndi biz Qarabağ zəfərindən sonra yeni imkanlarımızı dəyərləndirməli yeni layihələr həyata keçirməliyik. Geniş ortaq istehsal imkanları da ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm amildir. Ölkələrimiz iqtisadi –siyasi sahələrdə çiyin-çiyinə bərabər çalışırlar. Bu birlik işğaldan azad edilən torpaqların bərpasında da yeni iqtisadi tarix yazacaq.