Metro açılandan sonra gediş haqqı artırılacaq? - Suala aydınlıq gətirildi
- 9-04-2021, 13:20
- Sosial
- 0
- 445
Bakı metrosu artıq bir ilə yaxındır ki, faəliyyətini dayandırıb.
Baku.ws xəbər verir ki, metrodan rəsmi açıqlamaya görə, ötən il 228 milyon sərnişinə xidmət göstərməli idi. Amma insanlarımızın sağlamlığı, təhlükəsizliyi naminə görülən tədbirlər siyahısına metroda sərnişindaşıma prosesinin dayandırılması da daxil edilib. İl ərzində yeraltı nəqliyyatla 74 milyon 709 min 237 sərnişin daşınıb.
Bununla da, 2020-ci il planına əsasən Bakı metrosunun qazancı 68 400 000 AZN olmalı idi. Lakin nəzərdə tutulandan 45 987 229 AZN-dən az, 22 412 771 AZN qazanıb. Bu il də metro qazanc əldə etməyib.
228 000 000 x 0.30 = 68 400 000
74 709 237 x 0,30 = 22 412 771 AZN
68 400 000 - 22 412 771 = 45 987 229
Rəsmi açıqlamada həmçinin bildirilir ki, Bakı metrosu adi rejimlə fəaliyyət göstərir. Yəni işçilərin məvacibi qrafikə uyğun verilir və digər fiks xərclər çəkilir. Bu metro açılandan sonra gediş haqqının artacağı fikirlərini ortaya atır. Elə sosial şəbəkələrdə də bu barədə iddialar ortaya atılır.
Bəs bu iddiaların iqtisadi əsasları varmı?
Məsələyə aydınlıq gətirmək üçün ilk öncə ekspertlərə müraciət etdik. İqtisadçı ekspert Azər Mehtiyev BAKU.WS-ə açıqlamasında bildirdi ki, Bakı metrosunun itirdiyi qazanc sonradan bərpa olunan vəsait deyil.
“Onsuz da metro zərərlə işləyən qurumdur. Üstəlik metroda tikinti işləri də davam edir. Yəni bunları sonradan bərpa edilən itki hesab etmək olmaz. Ona görə də, metro açılanda gediş haqqını qaldırmaqla, bu itkini qarşılamaq mümkün deyil”, - deyə Azər Mehtiyev bildirib.
Ekspertin fikrincə, metronun bütün xərcləri ciddi şəkildə araşdırılmalıdır:
“Onsuz da metronun əsas xərci dövlət üzərinə düşür. Lakin mövcud sistem daxilində, cari əməliyyat xərclərinin araşdırılmasına ehtiyac var.
Mümkün qədər xərclər azaldılmalıdır. İstənilən halda, hazırkı gediş haqqı ilə bütün xərcləri qarşılamaq mümkün deyil. Metronun ən az ön xərclərinin bağlanması mexanizmi təklif olunarsa, bu zaman mütləq gediş haqları artırılmalıdır.
Bu zaman da gediş haqlarının artırılmasının müxtəlif variantları təklif edilə bilər. Ən yaxşı variant məsafəyə görə gediş haqlarının dəyişdirilməsidir.
Digər tərəfdən cəmiyyətin sosial durumunu nəzərə alıb, gediş haqqını olduğu kimi saxlayır. Bu zaman da, metronun xərclərində yaranmış fərqi dövlət öz üzərinə götürür.
Dövlət gəlirləri hesabına, həmin fərq ödənilir.
Lakin cəmiyyətin yaşayış səviyyəsi yüksələrsə, o zaman gediş haqqını qaldırmaqla, yaranmış kəsirləri ödəmək olar. Azərbayanın indiki reallığında bu o qədər də düzgün addım olmaz”.
Millət vəklili, iqtisadçı ekspert Vüqar Bayramov da hesab edir ki, çıxış yolu metroda gediş haqqlarının artırılması deyil. Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, Bakı Metropoliteni mütəmadi Dövlət Büdcəsindən datasiya alan qurumlar siyahısındadır.
“Metropolitendə daşınma xərclərinin böyük bir hissəsi dövlət tərəfindən ödənilir. Çünki xərclər gəlirdən çoxdur. Həmin fərq də dövlət tərəfindən kompensasiya olunur.
Hətta pandemiya dövründə metronun işləməməsinə baxmayaraq, Bakı Metropolitenində gediş haqqının artırılması ilə bağlı iqtisadi zəmin yoxdur.
Çünki metro adi rejimlə işləmədiyi üçün xərcləri də əvvəlki dövrlərlə müqayisədə azdır. Fiks xərclər, əmək haqları, təmir və s. kimi ödəmələr isə dövlətin ayırdığı kompensasiya hesabına ödənilə bilər”.
Bəs Bakı Metropoliteni rəhbərliyi tərəfindən gediş haqlarının artırılması ilə bağlı hökumətə müraciət edilibmi?
Suala cavab tapmaq üçün "Bakı Metropoliteni" QSC ilə əlaqə saxladıq.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirdi ki, hazırda gediş haqqının artımı ilə bağlı məsələ gündəmdə deyil.
“Bakı Metropolitenində sərnişindaşıma qiymətlərinin artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib”, - deyə Bəxtiyar Məmmədov bildirib.
Xatırladaq ki, Azərbaycanda koronavirusun ilk halı ötən il 28 fevralda qeydə alınıb. Ölkədə koronavirusla mübarizə tədbirləri çərçivəsində martın 24-dən xüsusi karantin rejimi elan olunub.
2020-ci martın 31-i saat 22:00-dan etibarən sərnişindaşıma fəaliyyəti ilk dəfə uzun müddətə dayandırılan metropoliten mayın 9-u yenidən stansiyalarının qapılarını sərnişinlərinin üzünə açıb.
İyun ayının 4-dən isə həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyib. 4 iyul saat 00:00-dan sərnişindaşıma fəaliyyəti ikinci dəfə dayandırılıb.
Bu dəfə metropoliten sentyabr ayının 14-də sərnişinlərinə qovuşub. Növbəti dəfə qəbul edilmiş qərarla yeraltı nəqliyyat oktyabrın 19-dan “COVID-19” virusunun yayılmasının qarşısının alınması məqsədilə əsas vəzifəsinin yerinə yetirməmək qadağası ilə üzləşib. Beləliklə, 2020-ci il oktyabrın 19-dan bəri Bakı metrosu işləmir.
Bu səbəbdən də, ötən il Bakı metrosu istismar fəaliyyəti üçün büdcədən 40 milyon manat subsidiya və pandemiya ilə bağlı zəruri xərclərinin qarşılanması üçün 27,7 milyon manat maliyyə yardımı alıb. 2021-ci ildə “Bakı Metropoliteni” QSC üçün dövlət büdcənindən 39,2 milyon manat vəsait ayrılacaq.
Qeyd edək ki, 30 sentyabr 2009-cu ildə Tarif (Qiymət) Şurasının iclasında Bakı metropolitenində gediş haqqının qaldırılması barədə məsələ müzakirə olunub. Oktyabrın 1-dən gediş haqqının 15 qəpik olması barədə qərar qəbul edilib.
2011-ci il noyabrın 24-də Tarif (Qiymət) Şurasının iclasında metropolitendə gediş haqqının qaldırılması barədə məsələ müzakirə olunub. Həmin qərara əsasən, 2011-ci il dekabrın 1-dən gediş haqqı 20 qəpik həddində müəyyənləşdirilib.
2015-ci il avqust ayının 8-dən Bakı metropolitenində gediş haqqının ödənilməsi “BakıKart” sistemi ilə həyata keçirilib. Həm də həmin gündən ilk dəfə şəhər ictimai sərnişindaşıma sahəsində iki fərqli nəqliyyat sisteminin inteqrasiya olunmuş ödəniş sisteminin tətbiqinə başlanılıb.
Tarif (qiymət) Şurasının 2018-ci ilin 30 iyul tarixində keçirilən iclasında 2018-ci il avqustun 1-dən 1 gediş üçün 30 qəpik müəyyən olunub.