Daha 43 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə evlər verildi - FOTO
- 29-12-2020, 10:06
- Sosial
- 0
- 356
Bir sıra rayonlarda daha 43 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Ölkə.Az"a verilən məlumata görə, Biləsuvar rayonunda fərdi evlərin təqdim edilməsi tədbirində nazir müavini Vüsal Nəsirli və Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov iştirak ediblər.
Şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin evlə təminatı proqramının bu il 1500 ailəni əhatə etməsinin nəzərdə tutulduğu, artıq 1400-ə yaxın mənzil və fərdi evin bu kateqoriyadan olan vətəndaşlara verildiyi bildirilib. Ümumilikdə indyədək 9 minədək şəhid ailəsinin, müharibə əlilinin evlə təmin edildiyi diqqətə çatdırılıb.
Bu kateqoriyalardan olan vətəndaşlara yönələn sosial ödənişlərin də mütəmadi artırıldığı, İkinci Qarabağ müharibəsində şəhid olanların ailələri, müharibə iştirakçıları ilə bağlı sosial dəstək işlərinin aparıldığı da qeyd edilib. Minlərlə insanın artıq sosial dəstəklə təmin edildikləri, bu sahədə də işlərin davam etdiyi bildirilib.
Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onlara qayğının artırılması üçün görülən işlərə və bu gün yeni evlərlə təmin olunduqlarına görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.