Şəhid olmuş hərbi qulluqçuların ailələrinə pensiya necə təyin edilir?
- 8-12-2020, 11:40
- Sosial
- 0
- 296
“Ümumilikdə vəfat edən hər bir şəxsin topladığı pensiya kapitalı onun ailəsinə ailə başçısını itirməyə görə pensiya təyin olunmasına hüquq yaradır. Yəni şəxs gələcəkdə yüksək pensiya ala bilməsinə imkan verən pensiya kapitalı toplayıbsa, lakin pensiya yaşından əvvəl vəfat edibsə və ya həlak olubsa, həmin pensiya kapitalı onun ailəsinin yüksək pensiya təminatı üçün əsas yaradır”.
Bu barədə “Report”un yüksək pensiya alan hərbçilərin ailəsinə pensiyaların verilməsi ilə bağlı sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, qanunvericiliyə əsasən, ölkənin müdafiəsi zamanı həlak olmuş və xəsarət alması nəticəsində sonradan vəfat etmiş hərbi qulluqçuların ailələrinə də pensiya təyin edilir.
Nazirlik eyni zamanda son döyüşlərdə könüllü, yaxud ehtiyatdan çağırılaraq xidmət edən hərbçilərə aylıq maaşın verilməsi məsələsinə də aydınlıq gətirib:
“Vətən müharibəsində könüllü, yaxud ehtiyatdan çağırılaraq iştirak etmiş hərbiçilərin iş yeri və əməkhaqqı saxlanılır. Hərbi xidmətlə əlaqədar əməkhaqqının ödənilməsi məsələsi Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid deyil”.
Əlilliyi olan şəxslərə əlillik müavinətindən başqa hansısa əlavə aylıq ödənişlərin edilməsi məsələsinə gəlincə, ümumilikdə, əlilliyə görə iş stajına uyğun olaraq aylıq pensiya və ya müavinət verilir: "Müharibə əlillərinə isə həmin pensiya və ya müavinət, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü təyin olunaraq ödənilir”- deyə sorğunun cavabında vurğulanıb.
Məlumat üçün bildirək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.