AQTA-dan çağırış: Bu məhsulları alarkən diqqətli olun!
- 26-12-2023, 15:30
- Sosial
- 0
- 103
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçıları tərkibində şəkər olan qida məhsullarını alarkən diqqətli olmağa və həmin məhsulların etiket məlumatlarına nəzər yetirməyə çağırıb.
AQTA-dan verilən məlumata görə, istehlakçılar tərkibində şəkər olan qida məhsullarını alarkən üzərindəki etiket məlumatlarını nəzərdən keçirməlidirlər.
Belə ki, bu zaman ilk növbədə məhsulların tərkibindəki şəkərin miqdarına diqqət yetirilməlidir. Yadda saxlamaq lazımdır ki, etiketin üzərindəki miqdar məhsulun hər 100 mq və ya 100 ml-dəki miqdarı göstərir. Bunu nəzərə alaraq, istehlakçılar həmin qidadan qəbul edəcəkləri miqdara uyğun şəkər istehlakını hesablaya bilərlər.
Həmçinin məhsulların tərkibindəki inqrediyentlər onların həmin qidadakı miqdarının azalması istiqamətində yazılır. Əgər inqrediyent siyahının əvvəlindədirsə, deməli, onun məhsulda miqdarı digər inqridiyentlərə nisbətən daha çoxdur. Bəzən məhsulların üzərində şəkər sözü yazılmaya bilər, lakin əvəzində qlükoza, fruktoza, dekstroza, maltoza, sirop yazıla bilər. Bunlar da şəkərin növləridir. Bundan əlavə, eyni növ qida məhsullarını müqayisə edərək tərkibində daha az şəkər olanı almaq tövsiyə edilir.
Qeyd edək ki, şəkərin normadan artıq istehlak edilməsi insan orqanizmində piylənmə, diş çürüməsi, 2-ci tip diabet, ürək xəstəlikləri, ateroskleroz yaradır, bəzi xərçəng xəstəlikləri riskini artırır. Mövcud təhlükələr nəzərə alınaraq, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən böyüklər və uşaqlar üçün gündəlik sərbəst şəkər qəbulunun təxminən 25 qrama (6 çay qaşığı) qədər azaldılması tövsiyə olunur. Bu miqdar tək şəkər tozuna, qəndə deyil, həm də qidaların tərkibindəki şəkərə aid edilir.