Pensiyalar nə qədər artacaq? - Rəqəmlər dəqiqləşir
- 16-11-2023, 11:16
- Sosial
- 0
- 236
2023-cü ilin ilk 9 ay üzrə orta aylıq nominal əməkhaqqı artımı da elan edildi. Bu müddətdə orta aylıq əməkhaqqı 11,2% artıb. Qeyd edək ki, ilk 8 ayda bu göstərici 11,3% idi. Orta aylıq əməkhaqqıdakı artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa pensiyalarda artım da o qədər olacaq.
Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, hazırda indeksləşmədə iki göstəricidən (orta aylıq əməkhaqqının artım səviyyəsi və inflyasiya göstəricisi) istifadə edilir:
"Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əməkhaqqıda artım tempinə, pensiya kapitalı isə inflyasiya göstəricisinə indeksasiya olunur. Bu ildən tətbiq olunan vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqıdakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur".
Millət vəkilinin sözlərinə görə, bu ilin 9 ayındakı tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar təxminən 11%-ə indeksasiya olunacaq: "Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda, orta maaşda artım tempi yüksəldikcə, pensiyalarda daha çox artımlar müşahidə olunacaq. Bu baxımdan, orta aylıq əməkhaqqıdakı artım faizi yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir".