Zəngilana qayıdış başladı - PÜŞK ATILDI
- 17-06-2022, 11:28
- Sosial
- 0
- 247
Yaxın günlərdə azad edilmiş ərazilərdə daimi məskunlaşacaq insanların ilk köçürülməsi olacaq.
Bu barədə Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Amerikanın Səsinə müsahibəsində bildirib.
“Artıq ilk köçürülmə ilə bağlı püşkatma tədbiri də olub. Bu yaxın günlərdə ilk məcburi köçkün ailələri daimi məskunlamaq üçün Zəngilan rayonunda yeni salınmış Ağalı kəndinə köçürüləcək. İlkin olaraq 41 ailə Ağalı kəndinə köçəcək,“- o, qeyd edib.
Hüseynovun sözlərinə görə, məcburi köçkünlər arasında geri, əvvəlki yaşayış yerlərinə qayıdıb-qayıtmayacaqları ilə bağlı sorğu keçirilib. “Məcburi köçkün ailələrinin böyük əksəriyyəti, yəni 90 faizi geri qayıdacaqlarını bildirib. İndi hər bir yaşayış yerinin sakinləri arasında sorğu keçirilir,” -o, qeyd edib.
Məcburi köçkünlərin qayıdışı üçün ilk olaraq Zəngilan rayonunun Ağalı kəndi yenidən qurulur. Burada ölkədə ilk dəfə müasir texnologiyaların tətbiqi ilə “ağıllı kənd” layihəsi icra olunur. Rəsmi məlumatlara görə, hazırda 200 evin inşası başa çatdırılıb, daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi davam etdirilir.
Fərmail İsmayılov Zəngilan rayonundan olan məcburi köçkündür. O, bu günlərdə Ağalı kəndinə qayıtmağa hazırlaşır. Artıq yaşayacağı ev də məlumdur. Evlərdə günəş panelləri quraşdırlıb. Eleketrik, isti-soyuq su, telefon rabitəsi, internet təmin olunub. Məktəb, uşaq bağçası, xəstəxana yüksək səviyyədədir. Yollar tam qaydasındadır.
“Ailəmiz qayıdışı çox səmimi qarşılayır. Çünki, ora bizim ata-baba yurdumuzdur. Orada anadan olmuşuq, böyümüşük. Neçə illərdir həsrətini çəkdiyimiz ata-babalarımızın qəbirlərini ziyarət etmək bizə nəsib olub,” o, Amerikanın Səsisə bildirib.
İsmayılov daimi məskunlaşacağı Ağalı qəsəbəsində insanın yaşaması üçün lazım olan bütün təminatların yaradıldığını deyib.
“Burada ağıllı kənd qurulub. Evlərdə günəş panelləri quraşdırlıb. Elektrik, isti-soyuq su, telefon rabitəsi, internet təmin olunub. Məktəb, uşaq bağçası, xəstəxana yüksək səviyyədədir. Yollar tam qaydasındadır. Yəqin ki, iş yerləri də əhali qayıtdıqca açılacaq. Çünki şirkətlər işləyir,” o bildirib.
Möhübbət Səmədovun ailəsi də Ağalı kəndinə qayıdanlar arasındasdır. Onun ailəsi 8 nəfərdir, beş otaqlı, iki mərtəbəli evlə təmin olunub. Ailə artıq məskunlaşıb. Səmədov dogma yurduna qayıdışını belə təsvir edib.
“O hissləri ifadə etmək çətindir. Nə deyim? Uşaqlar məcburu köçkün düşəndə iki-üç yaşında idilər, indi 30-32 yaşındadırlar. Vallah, elə bil yenidən doğulmuşuq. İnanmadığımız bir gündür. Mən bir az kövrəyəm, Düşündüklərimi ifadə edə bilmirəm. Sevincimizin həddi-hüdudu yoxdur,” o deyib.
Rəsmi ststistikaya görə, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində hazırda Azərbaycanda 1,138,450 nəfər qaçqın və məcburi köçkün var.
Azərbaycan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bildirir ki, onlardan 350,000 nəfəri Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlardır.
Münaqişə zamanı 1988-1993-cü illərdə Dağlıq Qarabağdan, eləcə də ona bitişik yeddi rayondan olan yaşayış məntəqələrindən zorla qovulmuş məcburi köçkünlərin sayı 788 950 nəfər təşkil edir.
2020-ci il sentyabr-noyabr aylarındakı 44 günlük müharibə nəticəsində bir çox yaşayış məntəqəsində Azərbaycan hökumətinin nəzarəti bərpa edilib. Hazırda keçmiş silahlı münaqişə ərazisinin minalardan təmizlənməsi işləri ilə yanaşı əhalinin yenidən dogma yurdlarına qaytarlması üçün işlər aparılır.
Azərbaycan hökuməti azad edilmiş ərazilərdə kommunikasiya qurğularının bərpası, sosial obyektlərin, avtomobil və dəmir yollarının tikintisi, həmçinin hava limanlarının salınması işlərini davam etdirir. Eyni zamanda elektrik xətləri çəkilir, su, külək elektrik stansiyaları qurulur.
Hazırda ərazilərdə insanların daimi məskunlaşması üçün yeni şəhər və qəsəbələr salınır.