AHİK-in təşkilatçılığı ilə məcburi əməklə bağlı beynəlxalq seminar keçirilib - FOTOLAR
- 19-05-2022, 15:49
- Sosial
- 0
- 212
Mayın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Beynəlxalq Əmək Təşkilatının 29 və 105 saylı konvensiyalarının tələblərinin həyata keçirilməsində həmkarlar ittifaqlarının rolu” mövzusunda hibrid formatda seminar keçirilib.
aia.az xəbər verir ki, seminarda AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Avropa bürosunun sektor müdiri Sergiyus Qlovaskas, BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Moskva bürosunun Baş mütəxəssisi Qoça Aleksandriya, BƏT-in Azərbaycan üzrə milli koordinatoru Yaşar Həmzəyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və digər şəslər iştirak ediblər.
Seminarın açılışında çıxış edən BƏT-nin sektor müdiri Sergiyus Qlovaskas qlobal problem olan məcburi əməkdən, bunun milyonlarla insanın hüquqlarını pozmasından, xüsusilə özəl sektorda daha geniş vüsət almasından, yoxsulluğa gətirib çıxarmasından, həmçinin məcburi əməyin bütün formaları ilə mübarizənin üsul və vasitələrindən danışıb.
Geniş məruzə ilə çıxış edən AHİK sədri Səttar Möhbalıyev BƏT-nin “Məcburi əməyin ləğv edilməsi haqqında” 105 saylı konvensiyasının Azərbaycan tərəfindən icrasından və məcburi əməyə qarşı mübarizədə ölkəmizdə həmkarlar ittifaqlarının rolundan söz açıb. Bildirib ki, Azərbaycan hökuməti və ölkəmizin bütün maraqlı qurumları 105 saylı konvensiyanın tətbiqinə böyük diqqətlə yanaşır, göstərilən öhdəliklər nəzərə alınmaqla beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyi formalaşdırılıb və təkmilləşdirilir. Onun sözlərinə görə, Azərbaycanda məcburi əmək halları həmkarlar ittifaqları fəaliyyət göstərən iş yerlərində aşkarlanmayıb, eləcə də bu barədə AHİK-ə ciddi məlumat, müraciət və şikayət daxil olmayıb və əmək münasibətləri ilə bağlı bütün hüquq pozuntuları hökumətin, AHİK-in, həmçinin işəgötürənlərin daimi nəzarətindədir.
S.Möhbalıyev qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə reallaşdırılan uğurlu sosial-iqtisadi islahatlar proqramına beynəlxalq səviyyədə yüksək dəyər verilir: “Azərbaycanın BƏT-nin rəhbər orqanına üzv seçilməsi də bunun bir əlamətidir. İndiyədək ölkəmiz BƏT-nin 58 konvensiyasına qoşulub. Həmin sənədlərdən irəli gələn öhdəliklər də nəzərə alınmaqla milli əmək qanunvericiliyimiz beynəlxalq standartlara və normalara uyğunlaşdırılır. Azərbaycan həmkarlar ittifaqları həmişə BƏT-nin konvensiyalarının müddəalarının əsas prinsip və hüquqlarına əməl olunmasına böyük diqqətlə yanaşır, əmək, sosial və iqtisadi sahədə qanunvericilik aktlarının qəbul edilməsində, qanunların təkmilləşdirilməsi zamanı ekspertizada rəy və təkliflərini bildirməklə fəal iştirak edir”.
Konfederasiya sədri vurğulayıb ki, AHİK icbari əməyə qarşı ölkənin qanunvericilik orqanları ilə sıx əməkdaşlıq edir, əmək qanunvericiliyində dəyişiklik və əlavələr edilməsi üçün təkliflər verir. O həmçinin əlavə edib ki, Nazirlər Kabineti və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə bağlanmış Baş Kollektiv Sazişdə uşaq əməyinin, icbari əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi nəzərdə tutulub”.
S.Möhbalıyev məcburi əməyə qarşı konkret təkliflər də irəli sürüb: “Biz sosial partnyorlarımızla birgə icbari əmək riski barədə ictimaiyyəti kifayət qədər məlumatlandırsaq, qeyri-qanuni miqrantları alternativ yerli gəlir imkanları və bacarıqları ilə təmin etsək, işçilərin öz hüquqları və sərt qanunların həyata keçirilməsi ilə əlaqədar maarifləndirsək, icbari əməyin ləğvinə nail ola bilərik. Bunun üçün insanları işə cəlb etmə ilə məşğul olan agentliklərin, əmək müqaviləsi bağlayanların və işəgötürənlərin fəaliyyətinin monitorinqini aparmaq və tənzimləmək, icbari əmək qurbanlarının reabilitasiyası və normal axına girmələri üçün praktiki tədbirlər görmək və bütün işçilərin kollektiv danışıqlarda iştiraklarını təmin etmək lazımdır”.
Digər çıxış edənlər məcburi əməyin qurbanı olan şəxslərin hüquqlarının müdafiəsindən, onlara dəyən zərərin mütləq ödənilməsindən, maarifləndirmə işinin təşkilindən, bu sahədə əmək müfəttişliyi xidmətlərinin işinin gücləndirilməsindən, həmçinin məcburi əməyin risklərini artıran əsas səbəblərin və amillərin aradan qaldırılması zərurətindən bəhs ediblər.
Qeyd edək ki, iki günü (19-20 may) əhatə edəcək seminarda məcburi əməyə qarşı mübarizədə həmkarlar ittifaqlarının rolu, fəaliyyəti və hüquqi maarifləndirmə tədbirləri, BƏT-nin 29 və 105 saylı konvensiyalarının Azərbaycanda implementasiyası haqqında məruzələr dinlənəcək.