Главная > Siyasət > Azərbaycan Prezidenti karantin rejiminin yumşaldılmasından danışdı

Azərbaycan Prezidenti karantin rejiminin yumşaldılmasından danışdı


6-08-2020, 21:49. Разместил: admin
Azərbaycan Prezidenti karantin rejiminin yumşaldılmasından danışdı


"İndi bir daha demək istəyirəm ki, pandemiya ilə əlaqədar görülmüş işlərə bütövlükdə yüksək qiymət vermək olar. Ancaq əldə edilmiş nəticələr, eyni zamanda, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir. Mən bir daha qeyd etmək istəyirəm, üç həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılmışdır. Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu günə qədər biz buna nail ola bilmişik. Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır".
"Ölkə.Az" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə deyib.
Dövlət başçısı vurğulayıb: "Müsbət dinamika, əlbəttə ki, indi karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir. Ən əsas məsələ odur ki, buna nəzarət funksiyaları kimin üzərinə düşür? Siz gərək bu məsələ ilə bağlı ciddi təkliflər verəsiniz. Çünki gərək hansısa qurum, yaxud da ki, qurumlar və ya qurumların bir neçəsi bu məsələyə nəzarət etsin. Hesab edirəm ki, elektron vasitələrdən də istifadə olunmalıdır. İndi bir çox obyektlərdə kameralar var. Bu kameralar gərək bizim ümumi nəzarət sistemimizə qoşulsun və onlayn rejimdə videomüşahidə aparılsın. Çünki əgər hansısa insan müfəttiş kimi hansısa obyektə gedib nəyəsə nəzarət edəcəksə, bunun səmərəsi də ola bilər və eyni zamanda, biz bilirik ki, bəzən bu nəzarət çox xoşagəlməz hallara gətirib çıxarır. Hansısa sövdələşmə, hansısa təmənna ola bilər. Ona görə indiki şəraitdə biz, ümumiyyətlə, rəqəmsallaşmaya daha böyük fikir verməliyik. Həm dövlət, həm də özəl sektor tərəfindən göstərilən xidmətləri də bu ümumi sistemə inteqrasiya etməliyik. Hesab edirəm ki, bu məsələ də gərək çox ciddi nəzərə alınsın və onlayn videomüşahidə sistemləri təmin edilməlidir. Müvafiq dövlət qurumlarının imkanı olmalıdır ki, onlar bu videomüşahidəni aparsınlar. Əgər görsələr ki, sahibkarlar bu qaydaları pozur, onda onlar gərək cəzalandırılsın. Bu, birmənalıdır.

Çünki yumşalma bir çox ölkələrdə xəstəliyin yenidən geniş vüsət almasına gətirib çıxarır. Artıq bu haqda mətbuatda kifayət qədər məlumat var. Demək olar ki, bütün ölkələrdə - harada ki, yumşalma olub, obyektlər, turizm obyektləri, ictimai iaşə obyektləri, xidmət sektoruna aid obyektlər açılıb, orada xəstəlik yenidən geniş vüsət alır və buna ikinci dalğa deyirlər. Amma həkimlərin böyük əksəriyyəti bunu, sadəcə olaraq, sanitar normaların gözlənilməməsi ucbatından baş vermiş hadisə kimi dəyərləndirir. Mən də bu yanaşma ilə razıyam. Çünki bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. Ancaq heç kim deyə bilməz ki, hansısa ölkə bu xəstəliyə qalib gəlib. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır və bunu siz təşkil etməlisiniz".


Вернуться назад