Главная > Siyasət > İlham Əliyev görüşlər keçirdi - Foto
İlham Əliyev görüşlər keçirdi - Foto18-10-2021, 12:52. Разместил: admin |
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilgini qəbul edib. Vedat Bilgin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş edib. Söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olunaraq, Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verdiyi bildirilib. Görüşdə digər sahələrdə olduğu kimi, sosial çalışma sahəsində də yaxşı iş birliyinin mövcud olduğu vurğulanaraq, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətinə toxunulub. Eyni zamanda, əmək bazarının tənzimlənməsi, Türkiyədə çalışan Azərbaycan vətəndaşlarının, Azərbaycanda çalışan Türkiyə vətəndaşlarının sosial müdafiəsi məsələlərinin müzakirəsinin də önəmi qeyd olunub. *** Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 18-də Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri, Qətər-Azərbaycan Hökumətlərarası Komissiyanın həmsədri Məhəmməd bin Əbdülrəhman Al Taninin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Qonaq Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırıb. Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Qətər Dövlətinin Əmirinə çatdırmağı xahiş edib. Görüşdə Azərbaycanla Qətər arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Qətər Dövlətinin Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Al Taninin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin və regional məsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaratdığı bildirilib. Eyni zamanda, Bakıda keçiriləcək birgə hökumətlərarası komissiyanın iclasının əhəmiyyətinə toxunularaq, iqtisadi və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı ticarətin həcminin artırılmasının vacibliyi vurğulanıb. Qarşılıqlı investisiya, eyni zamanda, üçüncü ölkələrə investisiya qoyuluşu üçün böyük potensialın olduğu qeyd edilib. Söhbət zamanı, həmçinin post-pandemiya dövründə turizm sahəsində əməkdaşlığın perspektivləri də müzakirə olunub. Вернуться назад |