Главная > Siyasət > Ermənilərin daha bir hədəsi: “Mingəçevir su anbarını partladarıq…“
Ermənilərin daha bir hədəsi: “Mingəçevir su anbarını partladarıq…“27-07-2020, 10:41. Разместил: admin |
Dünyanın dörd tərəfində azərbaycanlılarla ermənilər arasında gərginlik yaşanır. Bu məsələ ilə bağlı müxtəlif fikirlər var. Bəzən bu fikirlər bir-birinə daban-dabana zidd olur. Hesab edirik ki, bu gərginlik bizim xeyrimizədir. Niyə? Çünki hazırda dünyanın bütün agentlikləri, bütün dünya bu qarşıdurmadan danışır, yazır, göstərir. Bu məsələyə dünya miqyasında maraq yaranıb. Təbii ki, ortaya suallar çıxır. Araşdırıldıqda isə məlum olur ki, ermənilər Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisinin 20 faizini işğal edib. İşğal faktı az qala bütün yazılarda qırmızı xətlə keçir. Mən ingilis və alman dillərində bu məsələ ilə bağlı gedən yazıları izləməyə çalışıram. Bəli, Qərb mətbuatında ermənilərə simpatiya var. Ancaq Qərb mətbuatı həqiqətə arxa çevirə bilməz. Ona görə də istər-istəməz hadisənin kökündə erməni separatizminin dayandığı qeyd olunur. Avropada isə separatçıları sevmirlər. Çünki Avropa dövlətlərinin də separatçılarla ciddi problemləri var. Məsələn, Almaniyanın həftəlik qəzeti olan “Die Zeit” qəzetini götürək. “Stolpernd in den Krieg?” (Müharibəyə tuş gəlmək?) adlı məqaləsində deyilir: “Dağlıq Qarabağ bölgəsi beynəlxalq hüquqa əsasən Azərbaycana məxsusdur, lakin həmin ərazidə tarixən ermənilər məskunlaşıb”. Bu məsələdə ən önəmli məqam həmin ərazinin beynəlxalq hüquqa görə kimə məxsus olmasıdır. Bu mövzuya toxunanlar bir qayda olaraq beynəlxalq hüquqa görə Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını vurğulamaq zorundadır. “Die Zeit” qəzeti daha sonra yazır: “Ermənistanda 2019-cu ildə keçirilmiş son sorğu göstərdi ki, münaqişənin sülh yolu ilə həll olunacağına olan ümid durmadan azalır. Azərbaycanda parlamenti ələ keçirən nümayişçilər isə hökumətin Dağlıq Qarabağı geri almaq üçün müharibəyə başlamasını tələb edirdilər. Azərbaycanın müdafiə naziri Ermənistandakı atom elektrik stansiyasını atəşə tutacağını və nüvə fəlakətinin baş verəcəyini bildirərək erməni tərəfini hədələyib”. Gördüyünüz kimi, nə Ermənistanda, nə də Azərbaycanda xalq Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunacağına inanmır. Bu isə o deməkdir ki, müharibənin başlaması sadəcə zaman məsələsidir. “Die Zeit” nədənsə Metsamor atom elektrik stansiyasının partladılması ilə bağlı səslənmiş fikri Azərbaycan müdafiə nazirinin ayağına yazır. Halbuki bu bəyanat Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlıya məxsusdur. O, belə demişdi: “Eyni zamanda Ermənistan tərəfi unutmamalıdır ki, Ordumuzun arsenalında olan ən yeni raket sistemləri Metsamor AES-i yüksək dəqiqliklə vurmağa imkan verir ki, bu da Ermənistan üçün böyük fəlakətə səbəb ola bilər”. Bu fikir ona görə səsləndirilib ki, Ermənistan tərəfi müharibə başlayacağı təqdirdə Mingəçevir Su Anbarını partlatmaqla hədələyib. Nədənsə Almaniya nəşri Azərbaycan tərəfindən səslənən hədənin Ermənistan tərəfindən səslənən hədəyə cavab olduğunun üstündən sükutla keçib. Mən əminəm ki, bunu bilərəkdən edirlər. Çalışırlar ki, erməniləri mümkün qədər müsbət obrazda təqdim etsinlər. Bir məqamı da vurğulayım ki, Almaniya qəzetləri də digər Qərb media orqanları kimi bu davanı həm də müsəlman-xristian müharibəsi kimi xarakterizə edirlər. Ona da diqqət edilir ki, Ermənistanın arxasında Rusiya, Azərbaycanın arxasında isə Türkiyə dayanıb. Düzdür, bəzi məqalələrdə o da qeyd olunur ki, Ermənistanla müqayisədə Azərbaycan daha çox Qərbin yanındadır. Ermənistan isə Rusiyaya bağlıdır. Bu məqam daha çox ABŞ və İsrail mətbuatında qabardılır. Ermənistan və Azərbaycan tərəfindən səslənən hədələr məsələsi də qızğın müzakirələrə səbəb olur. Bir çox ekspert Vaqif Dərgahlının bəyanatını yanlış təqdim edir. Yeri gəlmişkən, bu bəyanat Qərbdə geniş rezonans doğurdu. Xatırladım ki, bu kimi bəyanatlar hər iki tərəfdən əvvəllər də səsləndirilib. Ancaq Qərb mətbuatı belə dərinliklərə gedə bilmir. Ən yaxşı halda “Die Zeit” kimi Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qarabağ münaqişəsi üzrə mütəxəssis kimi tanınan Tomas de Vaala üz tuturlar. Qeyd edirlər ki, o, uzun illərdir ki, Azərbaycanla Ermənistan arasında gərginliyin artdığınından bəhs edir. Ancaq onun səsini eşidən yoxdur. Şübhəsiz ki, su tutumu baxımından Avropa miqyaslı strateji obyekt sayılan Mingəçevir su anbarı sərəncamında ən müasir silahlar olan Hava Hücumundan Müdafiə qoşunlarımızın qoruması altındadır. Ermənistanın belə bir obyekti vurması o qədər də asan məsələ deyil. Ancaq ermənilər elə ilk fürsətdə bizi su anbarını partlatmaqla hədələyirlər. Özü də qeyd etdiyim kimi bu, təzə söhbət deyil. Ermənistanın eks-prezidenti Serj Sarkisyanın “Raketlərlə bütün Azərbaycanı Ağdama çevirəcəyik” bəyanatı yadınızdadırmı? S. Sarkisyanın Azərbaycanı “İskəndər” raketləri ilə hədələdikdə azərbaycanlı ekspertlərdən biri “Metsamor”a bir raket atsaq, Ermənistanda 150 il həyat olmaz”, demişdi. Bu kimi bəyanatlar 2017-ci ilin aprelində ciddi müzakirə mövzusu idi. Son günlərdə Avropada keçirilən mitinqlərdə kürəyində “ASALA” yazılmış köynəklər geyinən erməni gənclərini də gördük. Türkiyə millətçilərinin təzyiqi altında fəaliyyətini dondurmaq məcburiyyətində qalmış ASALA-nın yeni simpatizanlarının “Bakı nəzərə alsın ki, 20 yanvar ASALA-nın ad günüdür”, hədəsini də tarix unutmayıb. Orasını da deyək ki, aprel döyüşlərində rüsvayçı məğlubiyyətə uğrayan Ermənistanın sabiq müdafiə naziri Vaqarşak Arutyunyan “müharibə başlayacağı təqdirdə Mingəçevir su anbarını” partladacaqlarını, nəticədə Azərbaycan ərazisinin üçdə iki hissəsi su altında qalacağını bildirmişdi. Biz xalq və dövlət olaraq Qarabağı terrorçulardan təmizləmək üçün müharibəyə hazır olmalıyıq. Bu münaqişənin danışıqlar yolu ilə həll olunmasına çalışmışıq. Elə bu məqsədlə də az qala 30 ildir ki, danışıqlara ciddi maraq göstərmişik. Ancaq kompromisə hazır olmayan Ermənistanla anlaşmaq mümkün deyil. Danışıqlar üçün ayrılmış zaman limiti isə çoxdan başa çatıb. Müharibə isə siyasi hədəflərə çatmağın başqa bir yoludur. Hədəf isə bəllidir: Azərbaycanın ərazi bütövlüyü nəyin bahasına olursa olsun bərpa olunmalıdır və heç bir hədə bizi bu yoldan döndərə bilməz… /musavat,com/ Вернуться назад |