Главная > Siyasət > Moldova KİV-ləri Prezident İlham Əliyevin mətbuat konfransı barədə məlumatlar yayıblar

Moldova KİV-ləri Prezident İlham Əliyevin mətbuat konfransı barədə məlumatlar yayıblar


3-03-2021, 13:30. Разместил: admin
Moldova KİV-ləri Prezident İlham Əliyevin mətbuat konfransı barədə məlumatlar yayıblar


Azərbaycan Prezidenti İlham Əliyevin 26 fevral tarixində yerli və xarici media nümayəndələri üçün 4 saatdan çox müddətdə keçirdiyi mətbuat konfransı bütün dünyada böyük maraqla qarşılanıb.
Dünyanın bir sıra tanınmış mətbu orqanlarında bu konfransla bağlı siyasi təhlillər yer alıb. Prezidentin mətbuat konfransı ilə bağlı Moldova mətbuatında da yeni analitik məqalə yayımlanıb. “İlham Əliyev: “Azərbaycanlılar azad edilmiş torpaqlara qayıdacaqlar. Başqa yol yoxdur” adlı məqalə point.md, ava.md, tribuna.md, noi.md kimi tanınmış media qurumlarında rus və rumın dillərində dərc edilib. 

Həmin məqalənin Azərbaycan dilində tərcüməsini təqdim edirik:

Fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib. Konfrans zamanı Prezident bildirib ki, Azərbaycan üçün ilk və ən vacib mərhələ 30 il əvvəl doğma yurdlarından qovulmuş vətəndaşların - məcburi köçkünlərin azad edilmiş torpaqlara geri qaytarılmasıdır.

“Mən tam əminəm ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da azərbaycanlılar qayıtmalıdırlar, qayıdacaqlar da. Noyabrın 10-da imzalanmış Bəyanatda bu göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə ancaq özünə zərbə vurmuş olar”, - deyə dövlət başçısı qeyd edib. 

Mətbuat konfransında İlham Əliyev qaçqınların qayıtmasının əsas şərtinin torpaqların minalardan təmizlənməsi olduğunu da bildirib. Dövlət başçısı çıxışında Ermənistan tərəfinin Azərbaycana minalanmış ərazilərin xəritəsini verməməsindən söz açıb.

Qeyd edib ki, bu bir cinayət kimi qəbul edilə bilər, çünki minaların partlaması dinc azərbaycanlıların ölümünə səbəb olur. Prezident bildirib: “Erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib. Yeri gəlmişkən, bu da cinayət hesab edilə bilər. Ona görə ki, hərbi əməliyyatlar başa çatandan sonra bizdə həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub, bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib. Bu gün bizdə mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil. Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər”.

Ölkə başçısı jurnalistlərin suallarını cavablandırarkən vətəndaşların geri qaytarılması üçün digər bir vacib cəhətin azad edilmiş ərazilərin bərpası olduğunu söyləyib. Çünki erməni işğalçıları Qarabağın şəhər və kəndlərini xarabalığa çeviriblər. 

“Füzulidə hava limanının inşasına artıq başlanılıb, Zəngilan və Laçında daha çox tikinti aparılması planlaşdırılır. Biz də “Smart Village” pilot layihəsini ilin sonuna qədər həyata keçirmək istəyirik, çünki vətəndaşlarımız yaxşı şəraitdə yaşamağa layiqdirlər. Artıq təkcə Qarabağ sakinləri üçün deyil, ümumiyyətlə Azərbaycan və qonşuları üçün faydalı olan iqtisadi layihələr planlaşdırılır. Türkiyə, İran, Rusiya və bəlkə şansını əldən verməsə, Ermənistan da bu layihələrə daxil ola bilər. Məsələn, Zəngəzur dəhlizi. Hər şey qaydasında olarsa, Avrasiyanın yeni nəqliyyat damarı açıla bilər”, - deyə Prezident əlavə edib. 

Konfrans zamanı jurnalistlər, azərbaycanlıların ermənilərin törətdikləri vəhşiliklərdən sonra onlarla birlikdə yaşayıb-yaşamayacaqları ilə də maraqlanıblar. 

“O ki, qaldı gələcəkdə ermənilərlə birgə yaşamağımıza, mən bir daha demək istəyirəm ki, müxtəlif ölkələrdə bu baş verir, o cümlədən Azərbaycanda. Bu yaxınlarda mənə verilən məlumata görə, hətta bizim jurnalistlər Azərbaycanda yaşayan keçmiş Ermənistan müdafiə nazirinin bacısını da tapmışdılar. Baxın, Ermənistan müdafiə naziri 90-cı illərdə azərbaycanlılara qarşı soyqırımın törədilməsində iştirak edib, onun doğmaca bacısı isə Azərbaycanda yaşayır. Ona bir söz deyən var? Yox. Bax, Azərbaycan xalqının əxlaqı budur, mənəvi durumu budur. Biz bundan sonra da buna hazırıq. Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıblar və Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı bir qarşıdurma, anlaşılmazlıq olmayıb. 

İkinci Qarabağ müharibəsi bunu bir daha göstərdi. Yəni bütün xalqların nümayəndələri bir bayraq altında bir yumruq kimi birləşdilər. Müharibə yaraları hələ sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Həm qurbanların yaxınları, həm də bütün Azərbaycan xalqı. Müharibənin yaralarının sağalması üçün vaxt lazımdır. Bunu biz başa düşürük və burada heç kimi tələsdirmək istəmirik. Heç kimi məcbur etmək istəmirik”, - deyə Prezident əlavə edib.

Eyni zamanda Azərbaycanın dövlət başçısı bölgədə uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin ləğv edilməsi məsələlərinin ölkə üçün çox ciddi məsələ olduğunu söyləyib.


Вернуться назад