Главная > Siyasət / Gündəm > Prezident kadr islahatlarının anonsunu verdi
Prezident kadr islahatlarının anonsunu verdi2-02-2021, 12:53. Разместил: admin |
Prezident İlham Əliyevin dünən müsahibəsində nazirlərin adlarını çəkərək onları tənqid etməsi ölkə ictimaiyyətində ciddi müzakirələrə və diqqətə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığı ilk gündən cəmiyyətin ağlında bir sual var idi: görəsən, Şuşanı işğaldan azad edə biləcəyikmi? Ali Baş Komandan İlham Əliyev də hələ müharibənin gedişatında xarici mediaya müsahibəsində “Şuşasız bizim işimiz yarımçıq qalar” demişdi. Azərbaycan əsgəri məşəqqətli və şərəfli addımlarla döyüşərək Şuşanı düşməndən azad edəndə ölkədə hər kəsin diqqəti Şuşada idi. İndi isə məmurların gözləri Şuşanın üzərindədir. Ordu Şuşanı işğaldan azad etdi, hazırda isə Prezident nazirlərin bu şəhəri zəbt etməsinin qarşısını alır. Ölkə rəhbəri dünənki müsahibəsində bildirib ki, cəmi 300 hektarlıq ərazidə və qala üzərində zirvədə yerləşən Şuşada aidiyyatı olmayan qurumlar regional şöbə açmaq istəyir. Həmin qurumların rəhbərləri dövlət başçısına müraciət edərək Qarabağ üçün regional mərkəzi məhz Şuşada açmaq istədiklərini bildiriblər. Prezident ilk dəfə onların kimliyini açıqlayıb. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Gömrük Komitəsinin sədri, general-polkovnik Səfər Mehdiyev, “Azəravtoyol” sədri Saleh Məmmədov, AZAL-ın prezidenti Cahangir Əsgərov Prezidentə müraciət edərək Şuşada filial, əslində isə iqamətgah tikmək istədiklərini deyiblər. Mərkəzi Bank sədri Elman Rüstəmov isə subardinasiya qaydalarını pozaraq birbaşa ictimaiyyətə Mərkəzi Bankın Şuşada nümayəndəlik açacağını bəyan edib. Mərkəzi Bank haqqında qanunun 4-cü maddəsində bu qurumun məqsədləri açıq-aydın göstərilib: qiymətlərin sabitliyini, banklararası ödəniş sistemlərinin təşkili və bank sistemində sabitliyə dəstək vermək. Bu işləri isə Şuşada filial açmadan da etmək olar. AMB-nin bank sistemində sabitlik uğrunda fəaliyyətində ən son diqqət çəkən addım bir gündə 4 bankın bağlanması qərarı idi. Pandemiya ərəfəsində verilən bu qərar ictimaiyyət və deputatlar tərəfindən sərt tənqid olundu. Mərkəzi Bankın ən son diqqət çəkən layihəsi isə təxminən yarım milyarda yaxın vəsaitlə özünə yeni bina sifariş verməsi oldu. Geniş müzakirələr və qınaqların ardından Elman Rüstəmov bu iqamətgahı dövlətin deyil, öz pulları ilə tikdirdiyini açıqladı. Sərhəd olmayan şəhərdə Elçin Quliyev zastava, Səfər Mehdiyev gömrük postu, hava limanı olmayan şəhərdə Cahangir Əsgərov filial, hələ Şuşaya qədər yolu çəkib bitirməyən Saleh Məmmədov şöbə, Qarabağın minalardan təmizlənməsini yekunlaşdırmayan Kəmaləddin Heydərov Şuşada regional mərkəz yaratmaq istəyir. İlham Əliyev bu məntiqə sığmayan təklifləri “ucuz populyarlıq” adlandırıb və bunun dalınca qaçanların axırının pis olduğunu xatırladıb. Dövlət başçısı məmurların yeni torpaq zəbt etmək, orada iqamət tikib, hasara alıb özü üçün istirahət guşəsi yaratmaq arzularını ürəyində qoyub. Prezident heç kimin bu cür özbaşınalıqlar edə bilməyəcəyini xatırladıb və “Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq” deyərək xəbərdarlıq edib. Bu arada qeyd edək ki, Prezident son illərdə keçirdiyi müşavirələrdə, görüşlərdə dəfələrlə məmurlara sərt xəbərdarlıq edib. Bundan öncə məmurların hərəsinin bir səmərəsiz layihə ilə büdcədən pay götürməyə can atdığını deyərək onları bu işlərdən uzaq durmağa çağırıb. Bu dəfə isə dövlət başçısı artıq onu bezdirən məmurların adlarını ictimaiyyətə açıqlayıb: “Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, onları iyrəndirməyim, Amma mənim də artıq səbrim tükənir. Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin”. Azərbaycan Ordusunun işğaldan azad etdiyi Şuşanı zəbt etmək istəyən general-polkovniklərin bu hərəkətlərinə görə dövlət başçısının “bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır” mesajı kadr islahatlarının anonsu kimi qəbul edilə bilər. Hökumətin bir neçə nazirlə vidalaşacağı günlər artıq daha yaxın görünür. Вернуться назад |