Главная > Siyasət > Fransa özü üçün son dərəcə təhlükəli olan avantüradan imtina edəcəkmi?

Fransa özü üçün son dərəcə təhlükəli olan avantüradan imtina edəcəkmi?


23-11-2020, 10:52. Разместил: admin
Fransa özü üçün son dərəcə təhlükəli olan avantüradan imtina edəcəkmi?


“Dağlıq Qarabağın statusu üzrə indi razılığa gəlmək mümkün deyil. Münaqişənin həlli ilə bağlı təklif olunan yolların heç biri, yəni Qarabağın müstəqil dövlət kimi beynəlxalq aləmdə tanmması və onun Azərbaycana geri qaytarılması hazırda qeyri-mümkündür”.
Bu sözləri Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasiye 2009-cu il, martın 24-27-də Vyanada keçirilən Azərbaycan-Ermənistan Sülh Forumu zamanı demişdi.

“Qarabağın müstəqil dövlət kimi beynəlxalq aləmdə tanmması”-həmin dövrdə Ermənistanın tələbi idi. Minsk qrupunun həmsədrləri, ilk növbədə Fransa bu mövqenin qızğın tərəfdarı idilər.

Qarşılarında isə bir nəfər dayanmışdı: Azərbaycan Pespublikasının  Prezidenti İlham Əliyev.

O, ermənilərin və dəstəkçilərinin “Müstəqil Qarabağ arzularının gözlərində qalacağı” barədə 2008-ci il, oktyabrın 24-də prezident kimi ikinci inaqurasiyasında birmənalı şəkildə bəyan etmişdi: “Qarabağ heç bir zaman müstəqil olmayacaqdır. Azərbaycan bunu heç bır zaman tanımayacaqdır. Nə 5 ildə, nə 10 və ya 20 ildə. Heç vaxt.”

Prezident İ.Əliyev Dağlıq Qarabağın müstəqilliyinə çalışan Fransanın aparıcı rol oynadığı dünya güclərinə  qarşı 20 ildən çox mübarizə apardı. Vəziyyətin son dərəcə ağır olduğu, komanda üzvlərinin bəzilərinin təslimçilik mövqeyində dayandığı  zamanlarda belə ümidini itirmədi və qətiyyətli davranışı ilə rəqiblərini çaş-baş saldı.

Prezidentliyi dövründə apardığı diplomatik danışıqlarda rəqib cəbhənin hər hücumuna sarsıdıcı əks-hücumla cavab verdi.

Eyni qətiyyəti 27 sentyabrda başlayan erməni təxribatına qarşı da göstərdi və bir an belə tərəddüd etmədən Azərbaycan Ordusuna “əks-hücum” əmrini verdi.

Həmin gündən qəhrəman ordumuzun zəfər yürüşü və Fransa prezidenti Makronun telefon zəngləri başladı. Hər dəfə əzbərlənmiş mətnləri  təkrarlayaraq-“hərbi əməliyyatları dayandırın”-dedi.

Qarşılığında dönməz iradə və dəmir məntiqlə üzləşdi: “Ermənistan ordusu işğal etdiyi ərazilərdən çıxsın, BMT TŞ-nın qətnamələri icra olunsun, dayanaq!”.

Bu qətiyyət Azərbaycana 10 noyabr 2020-ci il tarixli zəfəri gətirdi  və Ermənistan “təslim aktı”nı imzalamaq məcburiyyətində qaldı.

Özünü Ermənistan qədər məğlub tərəf sayan Fransa imzalanmış “bəyanat”dan narazılığını gizlədə bilmədi. Fransanın Xarici işlər naziri Le Drian ABŞ-ın Dövlət katibi Pompeo ilə birlikdə bəyanat verərək:- “Ruslar Türkiyənin rolu da daxil olmaqla razılaşmanın parametrləri barədə izahat verməlidirlər”-dedilər.

Eyni vaxtda meydana atılan Paris meri Hidalqo  Fransa Xarici işlər nazirinə “Dağlıq Qarabağ respublikasını” tanımaq” barədə müraciət edəcəyini bildirdi. Bu bəyanatdan ruhlanan Paris şəhərinin şurası “böyük səxavət” nümayiş etdirdi və ermənilərə uzun müddət xərcləyib qurtara bilməyəcəkləri maliyyə yardımını göstərərək, düz “50 min avro” vəsait ayırdı.

Parisi bu məsələdə qabaqlayan və ələ düşmüş məqamdan öz maraqları üçün yararlanmağa çalışan Korsika Assambleyası BMT-yə, Avropa birliyinə daxil olan ölkələrə ermənilərin olmayan qurumunu tanımaq xahişi ilə müraciət etdi.

Bu müraciət Fransa rəhbərliyini düşünməyə və qarşıdan gələn təhlükələri görməyə vadar edəcəkmi?

Bu sualın cavabını noyabrın 25-də Fransa Senatındakı müzakirələr və sonrakı günlərdə  hökumətin atdığı addımlar verəcək. Hər halda prezident Makronun “Fransanın münaqişəyə nədən daha aktiv müdaxilə etməməsi ilə bağlı” suala verdiyi: “BMT səviyyəsində Dağlıq Qarabağ və ətrafındakı ərazilər Azərbaycan Respublikasına məxsusdur”- cavabı onun reallıqları düzgün qiymətləndirmək istiqamətində dəyişdiyinə müəyyən ümidlər yaradır.

Əks halda bu düşünülməmiş qərar təhlükəli presedentə çevriləcək və onun  ən böyük zərbəsi Fransanın özünə dəyəcək.

Çünki, ərazisində müstəqillik uğrunda ermənilərin çox sevdiyi üsulla- terror yolu ilə mübarizə aparan Korsika adası var. Bu adada 300 mindən artıq italyan yaşayır və oradan İtaliyaya qədər məsafə cəmi 73 km, Fransaya qədər isə ondan 2 dəfə artıqdır.

 Sonuncu dəfə bu məsələni xatırladan prezident İ.Əliyev  xəbərdarlıq etdi: “Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər, onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər? Onların bunu bizdən tələb etməyə nə haqqı var?”-dedi.

Çox güman ki, bu xəbərdarlıqlar öz nəticəsini verəcək və Fransa Ermənistanın belə cəsarət etmədiyi  addımı atmayaraq, “Dağlıq Qarabağ Respublikasını tanımaq” kimi avantüradan imtina edəcək. Ancaq qərarın necə olmasına baxmayaraq bir məsələyə münasibət qəti və birmənalıdır- Ermənistanın ədalətsiz mövqeyini kor-korana dəstəkləyən Fransa dövləti Minsk qrupunun həmsədri olmaq haqqını tamamilə itirmişdir. Ümid edək ki, böyük tarixi olan bu nüfuzlu dövlətin təmsilçiləri heç olmasa bu dəfə dürüstlük nümayiş etdirəcək və ATƏT-ə müraciət edərək həmsədrlikdən azad olunmalarını xahiş edəcəklər.
 

Abutalıb Səmədov,

Azərbaycan Naminə Alyans Partiyasının sədri.


Вернуться назад