Главная > Siyasət / Gündəm > Azərbaycan Prezidenti: İraqa tətbiq olunan sanksiyalardan hətta biri Ermənistana tətbiq edilsəydi, münaqişə çoxdan həll edilərdi
Azərbaycan Prezidenti: İraqa tətbiq olunan sanksiyalardan hətta biri Ermənistana tətbiq edilsəydi, münaqişə çoxdan həll edilərdi29-10-2020, 10:15. Разместил: admin |
Ermənistana hansı sanksiyalar tətbiq edilə bilərdi? O sanksiyalar ki, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etsin. Prezident İlham Əliyev bu fikri Rusiyanın İnterfaks agentliyinə müsahibəsində səsləndirib. Küveyti işğal edən İraqa qarşı tətbiq edilmiş sanksiyaları misal göstərən dövlətimizin başçısı deyib: “Axı, beynəlxalq hüquq baxımından təxminən eyni hadisə baş verib. Küveytin beynəlxalq aləmdə tanınmış ərazisi İraq tərəfindən işğal edilmişdi, hərbi cinayətlər törədilmişdi, etnik təmizləmə aparılmışdı. Yalnız dünya birliyinin vaxtında reaksiya verməsi nəticəsində bu işğal dayandırıldı, özü də qısa vaxtda. Daha sonra İraqa iqtisadi sanksiyalar tətbiq edildi, silah satışına embarqo qoyuldu, İraqın ərazisi uçuşların qadağan edildiyi zonaya çevrildi, insanlığa qarşı cinayətlər törətmiş hərbi canilər məhkəməyə cəlb edildi, mühakimə olundu. Ermənistana münasibətdə də bu cür sanksiyalar tətbiq edilməli idi. Mən əminəm ki, hətta bu sanksiyalardan biri tətbiq olunsa idi, münaqişə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək üçün siyasi iradə və istək yox idi. Çox ehtimal ki, belə bir mövqeyə üstünlük verilirdi - təki vəziyyət daha da kəskinləşməsin, gəlin hər şeyi olduğu kimi saxlayaq”. Münaqişənin dondurulduğunu qeyd edən Prezident vurğulayıb ki, hərçənd hamı başa düşürdü, bu, əbədi davam edə bilməz. “Hamı bunu hələ 10 il əvvəl başa düşürdü. Rusiya, ABŞ və Fransa prezidentləri bəyanatlarla çıxış ediblər, özü də dəfələrlə. Onlar aydın şəkildə deyirdilər ki, status-kvo qəbuledilməzdir. Yaxşı, biz bunu alqışladıq. Yadımdadır, bu, bizdə bəyənildi və mən də bunu şərh etdim. Bəs sonra nə oldu? Sonra bu tezisdən tədricən uzaqlaşmağa başladılar, onu artikulyasiya etmədilər və yeni tezis fikirləşib tapdılar ki, status-kvo davamlı deyil. Axı, bunlar tamamilə fərqli məsələlərdir. Axı, biz bunu gözəl başa düşürük. Deməli, həmsədr ölkələr Ermənistana hətta hər hansı siyasi təzyiq göstərmək cəhdindən də geri çəkildilər. Status-kvonun davamlı olmadığını hamı bilirdi. Son hadisələr də bunu göstərdi. Buna görə bir daha deyirəm, münaqişəni tezliklə həll etmək üçün, - hələ gec deyil, - sanksiyalar lazımdır. Düşünürəm ki, həmsədr ölkələr təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər”, - deyə Prezident İlham Əliyev əlavə edib. Вернуться назад |