Главная > Siyasət > Qərb Qafqazda “dəhşətli payız” planına başlayır: İrəvan Rusiyanı düşmən elan edəcək
Qərb Qafqazda “dəhşətli payız” planına başlayır: İrəvan Rusiyanı düşmən elan edəcək29-08-2024, 09:17. Разместил: admin |
Rəsmi İrəvan Qərbin ssenarisi üzrə olduqca təhlükəli və hətta geopolitik şok yarada biləcək hərbi-siyasi qərarların qəbuluna hazırlıq içərisindədir... Ermənistanın Cənubi Qafqazda yeni savaşa nail olmaqla, Rusiyaya qarşı “ikinci cəbhə”nin açılmasını təmin etməyə çalışacağı bildirilir... Cənubi Qafqazı savaş poliqonuna çevirmək üçün ardıcıl cəhdlər göstərilir. ABŞ və Qərb bu regionu da qlobal maraqların sınaq məkanı kimi nəzərdən keçirməkdədir. Cənubi Qafqaz ölkələrinin gələcək taleyi isə hazırda Qərb siyasi dairələrini qətiyyən naraht etmir. Əsas məsələ ondan ibarətdir ki, ABŞ və Qərbin bu regionda strateji hədəfləri var və nəyin bahasına olursa-olsun, onların reallaşmasına çalışırlar. Və bu, ümumilikdə, Cənubi Qafqazı qeyri-sabit hərbi-siyasi mərhələyə doğru sürükləyir. Təbii ki, bu regionda baş verənlərin əsas hədəfi məhz Rusiya ilə bağlıdır. Qərb siyasi dairələri Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılmasında israrlı davranmağa çalışırlar. Üstəlik, bu məqsədin reallaşması üçün Cənubi Qafqazda yeni savaşın törədilməsi indi Qərbdə artıq əvvəlcədən ssenariləşdirilmiş variant kimi ön planda saxlanılır. Və Gürcüstanın rəsmi dairələrinin son açıqlamalarında da bu ssenarilərə dolayısı eyhamlar yer almaqdadır. Məsələ ondadır ki, rəsmi Tiflis bir müddət əvvəl Gürcüstanı Rusiya ilə açıq qarşıdurmadan çox çətinliklə yayındıra bildiyini birmənalı şəkildə etiraf etmişdi. Həmin açıqlamada o da vurğulanırdı ki, ABŞ və Qərb uzun müddət Gürcüstanın Ukrayna savaşında Rusiya əleyhinə mövqe tutmasına cəhd göstərib. Əsas hədəf ondan ibarət olub ki, Gürcüstan Ukraynaya hərbi dəstək göstərsin, Rusiya ilə açıq qarşıdurmaya razılaşsın və bununla da, rəsmi Tiflisin Kremllə onsuz da neqativ məzmun daşıyan münasibətləri tamamilə pozulsun. Və bununla da Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmasına münbit şərait yaransın. Maraqlıdır ki, rəsmi Tiflis ABŞ və Qərbin bu məkrli oyunlarından Gürcüstanı çox çətinliklə yayındıra bildiyinə də eyham vurur. Hakimiyyətdə olan “Gürcü arzusu” Partiyası hesab edir ki, Gürcüstanın Rusiya ilə iqtisadi-ticari münasibətlərinin bu mərhələdə tamamilə pozulmaması böyük nailiyyətdir. Xüsusilə də, rəsmi Tiflis Rusiyaya qarşı sanksiyalara qoşulması üçün Qərbin Gürcüstana güclü təzyiqlər göstərdiyini vurğulayır. Və birmənalı şəkildə bildirir ki, əgər, rəsmi Tiflis Qərb siyasi dairələrinin bu təzyiqləri qarşısında geri çəkilərsə, Gürcüstanın iqtisadiyyatı ümumiyyətlə çökər, sosial-siyasi böhran ölkədə daxili xaos yaradar. Göründüyü kimi, rəsmi Tiflis sadəcə, ABŞ və Qərbin təzyiqlərindən şikayətlənmir, həm də Gürcüstanı böyük fəlakətlərdən uzaq tutmağa çalışdığını da ön plana çəkir. Halbuki, Qərb siyasi dairələri Gürcüstan üzərindən reallaşdırmağı bacarmadıqları məkrli planları indi Ermənistan vasitəsilə icra etməyə çalışırlar. Hər halda, indi rəsmi İrəvan Kremllə düşmənçilik səviyyəsini növbəti mərhələyə keçirtməyə doğru yönəldilməkdədir. Və Qərb siyasi dairələri Ermənistandan “geopolitik alət” kimi istifadə etmək məsələsində demək olar ki, heç bir problemlə üzləşmir. Ona görə də, hazırda Ermənistan növbəti regional hərbi-siyasi xaosun səbəbkarı roluna hazırlanır. Bir tərəfdən, rəsmi İrəvana Rusiya ilə qarşıdurmanı daha da dərinləşdirmək təlimatı verilib. Digər tərəfdən isə Ermənistanın üzərinə Cənubi Qafqazda yeni savaşın başladılmasına yönəlik cəhdlərin sınaqdan çıxarılması ilə bağlı birbaşa öhdəlik qoyulub. Və ona görə də, indi rəsmi İrəvan həm də Ermənistanın gələcək taleyini riskə ata biləcək mərhələyə böyük sürətlə yaxınlaşır. Bəzi məlumatlara görə, Paşinyan hakimiyyəti yaxın həftələrdə - sentyabr ayı ərzində Ermənistanın gələcək taleyini birbaşa müəyyən edə biləcək radikal siyasi qərarlar qəbul etmək niyyətindədir. Baş nazir Nikol Paşinyan siyasi komandasının qapalı toplantılarında bu barədə müəyyən eyhamlar vurmağa başlayıb. Üstəlik, rəsmi İrəvan bu istiqamətdə konkret hazırlıq prosesinə də start vermiş kimi görünür. Və bu hazırlığın sırasında hakim komandanın sıralarında ciddi “kadr təmizliyi”nin aparılması da yer almaqdadır. Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan son qapalı toplantıda Ermənistanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlərindən Ermənistanın yaxın vaxtlarda atacağı radikal addımlara tam dəstək tələb edib. Erməni baş nazir hakimiyyətin siyasi qərarlarına qarşı çıxacaq səfirlərə vaxt itirmədən indi dərhal istefa verməyi də məsləhət görüb. Yəni, baş nazir Nikol Paşinyan bu “taleyüklü mərhələ”də əl-ayağına dolaşanlardan xilas olmağı vacib hesab edir. Və bu prosesin qalmaqalsız reallaşmasında maraqlı olduğunu da qətiyyən gizlətmir. Bütün bunlar onu göstərir ki, rəsmi İrəvan olduqca təhlükəli və hətta geopolitik şok yarada biləcək qərarların qəbuluna hazırlıq içərisindədir. Ermənistan mətbuatına sızan məlumatlara görə, bu qərarlar əsasən iki istiqaməti əhatə edə bilər. Onlardan birincisi, Cənubi Qafqazda yeni savaşa nail olmaqla, Qərbin Rusiyaya qarşı “ikinci cəbhə” açmaq təlimatının icrası ilə bağlıdır. Ermənistanın ABŞ və Qərb tərəfindən sürətlə silahlandırıldığını nəzərə aldıqda, bu, indiki situasiyada tamamilə inandırıcı təsir bağışlayır. Digər tərəfdən, buna paralel olaraq, ikinci istiqamət üzrə Paşinyan hakimiyyətinin yaxın vaxtlarda Ermənistanın əvvəlcə KTMT-dan, ardıncasa, Rusiyanın patronajlığı altında olan digər kollektiv platformalardan çıxması barədə prinsipial siyasi qərar qəbul edəcəyi bildirilir. Əgər, bu məlumatlar özünü doğruldarsa, növbəti aydan başlayaraq, Cənubi Qafqazda “hərbi-siyasi və ümumiyyətlə, geopolitik temperatur”un yüksələ biləcəyi qətiyyən istisna deyil. Və bu baxımdan, hesab etmək olar ki, Qərb siyasi dairələri Ermənistan üzərindən Cənubi Qafqazda “dəhşətli və dağıdıcı payız planı”nı artıq reallaşdırmağa başlayıblar.(Yeni Müsavat) Вернуться назад |