Главная > Siyasət > Regionu qanlı poliqona çevirmək planı işə salınıb - Şərh

Regionu qanlı poliqona çevirmək planı işə salınıb - Şərh


22-08-2024, 14:53. Разместил: admin
Regionu qanlı poliqona çevirmək planı işə salınıb - Şərh


Fransanın liderliyi ilə Ermənistanın sürətli şəkildə hərbləşdirilməsi kampaniyası yeni mərhələyə daxil olub.

Qərbin xeyir-duası ilə məğlub Ermənistana hərtərəfli hərbi, maddi və mənəvi dəstək verilməsi ilə bağlı sensasion xəbərlər yayılıb. Ciddi narahatlıq doğuran bu xəbərlər regionda sülh quruculuğu səylərini əngəlləyir. Eyni zamanda Azərbaycanla Ermənistan arasında normallaşmaya, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə qarşıdır. Qərb dünyası və onun əlaltıları otuz illik işğal və işğaldan sonrakı müddətdə qərəzli və ikili standartlardan irəli gələn formada birtərəfli qaydada Ermənistana dəstək nümayiş etdirir. Və bu sırada bir vaxtlar Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in keçmiş Minsk qrupunun üzvü olan dövlətlər xüsusi ilə seçilirlər. Söhbət ABŞ və Fransadan gedir. Hər iki dövlət 2020-ci il Vətən müharibəsindən sonrakı dövrdə İrəvana dəstək nümayiş etdirib. Son vaxtlar isə bu dəstək hərbi fazaya çatıb. Burada bir məqamı da xüsusi vurğulamaq lazımdır. Məsələ ondadır ki, rəsmi Bakı bütün qonşuları ilə müttəfiqlik və mehriban qonşuluq münasibətləri qurmağı prioritet elan edib. Bu sırada bütün dövlətlər, o cümlədən Rusiya da var. Və bu balanslaşdırılmış siyasət Kremllə gərgin münasibətləri olan ABŞ və Fransa başda olmaqla, bir sıra dövlətləri narazı salıb. Bu səbəbdən də hər vəchlə Bakıya təzyiq göstərməyə, birtərəfli siyasət yürütməsinə çalışırlar.

Bu istiqamətdə həyata keçirilən ən çirkin və bədnam siyasət isə Ermənistanın silahlandırılmasıdır. Ötən gün yayılan xəbərlər də bunu təsdiqləyib.



“Qafqazinfo” xəbər verir ki, Caliber.az-ın ötən gün əldə etdiyi məlumatda bildirilib ki, son bir neçə həftə ərzində Ermənistan üçün nəzərdə tutulan silahlar ünvanına çatıb. Silah verən ölkələr arasında ABŞ, Fransa, İran və Hindistan var. Məlumata görə, Fransanın 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğuları və onların komponentləri, həmçinin tank əleyhinə raket kompleksləri və hava-hava raketləri Ermənistandadır. SEZAR özüyeriyən artilleriya qurğuları ilə bağlı əldə edilən məlumata görə, bu silahlar Fransanın Orli hava limanından İranın Mehrabad hava limanına göndərilir. Daha sonra İranın “Merac” aviaşirkəti silahları birbaşa son təyinat yerinə - Ermənistana çatdırır. 12 ədəd SEZAR özüyeriyən artilleriya sistemi İrəvana çatdırılıb. Təchizatın miqyasını daha yaxşı anlamaq üçün qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin əvvəlində Fransa ordusunun balansında cəmi 76 SEZAR sistemi olub. Bundan əlavə, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 hava-hava raketləri, “ERYX” tank əleyhinə idarəolunan raketləri, alman istehsalı DM32 qumbaraatanları və “Panzerfaust 3” tank əleyhinə raket sistemləri verilib. Bundan başqa, Ermənistan silahlı qüvvələri Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik “Apilas” reaktiv yaylım atəşi sistemləri və Amerikanın 50 ədəd BGM71-TOW tank əleyhinə idarə olunan raket kompleksləri ilə təmin edilib.



Hərbi ekspertlərin fikrincə, müvafiq modifikasiyalardan sonra bu silahlar Ermənistan Hərbi Hava Qüvvələrinin balansında olan müasir Su-30 SM qırıcılarında quraşdırılacaq. Nikol Paşinyanın etiraf etdiyi kimi, Rusiyanın “raketsiz” təchiz etdiyi qırıcılar bu modifikasiyalara ehtiyac duyur. Hindistanda belə modifikasiyalar üçün presedentlər mövcuddur və böyük ehtimalla, uyğunlaşma prosesi artıq müvafiq təcrübəyə malik hindistanlı hərbi mütəxəssislər tərəfindən həyata keçirilir. Qeyd olunanlar arasında xüsusilə ABŞ-nin mövqeyi nəzərə alınmalıdır. Ağ Ev bir tərəfdən bölgədə Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini bəyan etsə də, digər tərəfdən İrəvanla hərbi əməkdaşlığa, hətta təlimlərə start verir. Hər kəsə də bəllidir ki, İrəvanın hələ uzun müddət nəinki qalib gəlmək, hətta müharibə aparmağa nə resursu, nə də imkanı var. Görünür, ABŞ hər vəchlə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışır və bu yolda ermənilərdən istifadə olunur. Son zamanlar Rusiya ilə Ermənistan arasında gərginlik var və bu, artan xətlə gedir. Paşinyan hakimiyyəti Qərbə, ABŞ-yə inteqrasiya etmək xətti tutub. Digər yandan 102-ci bazanın çıxarılması gündəmə gəlib. Faktiki olaraq, Ermənistan ərazisində Fransa və ABŞ-nin nümayəndələri var. ABŞ hərbçilərinin Ermənistanda təlimlər keçməyi, Ermənistan ordusuna təlimatçılar göndərilməsi Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirib.



Maraqlıdır ki, Ermənistan özü susduğu halda, ABŞ və Fransa ermənilərin Qarabağa qayıtması məsələsini davamlı qaldırırlar. Bununla yanaşı, ABŞ Ermənistanda yeni nüvə reaktoru yaradır və onsuz da bütün region üçün böyük təhlükə kəsb edən “Metsamor”u daha da gücləndirir. Bu halda nə Ermənistanın seysmik zonada yerləşməsi, nə nüvə qaçaqmalçılığı kimi problemlər nəzərə alınmır.

Şübhəsiz ki, sülh prosesinin davam etdiyi bir məqamda hərbi kömək edilməsi Ermənistanda revanşist hissləri oyadır. Qərb və ABŞ bu addımı atmaqla Rusiya-Ukrayna müharibəsi fonunda bir oxla bir neçə hədəfi vurmağa cəhd göstərir.

O ki qaldı regiondan min km-lərlə kənarda olan Hindistana - ABŞ-nin və Fransanın diktəsi ilə oturub duran bu ölkə 44 günlük müharibədən sonra Ermənistanı silahlandıran ölkələrdəndir. 2024-2025-ci maliyyə ilində Ermənistan Hindistandan 600 milyon dollar məbləğində silah alıb. Məlumata görə, onlar Ermənistana “Pinaka” raket sistemləri, pilotsuz uçuş aparatları əleyhinə sistemlər, tank əleyhinə sistemlər, başqa silah və hərbi texnika tədarük edib. Dörd Pinaka batareyasının və onlar üçün raketlərin tədarükünə dair müqavilə İrəvana 250 milyon dollara başa gəlib.



Yeri gəlmişkən, Ermənistan ordusuna Qərb silahlarının verilməsi rəsmi Bakının iranlı tərəfdaşlarının davranışından böyük məyusluq yaradıb. Həmişə şifahi olaraq “regionçuluq” siyasətini müdafiə edən və xarici aktorların regiona daxil olmasına mane olan İran bu gün Ermənistana Qərb silahlarının, eləcə də Qərbin lisenziyası ilə istehsal olunan Hindistan silahlarının tədarükü üçün tranzit ölkə kimi çıxış edir. Yəni, Tehranın özü öz fəaliyyəti ilə NATO-nun Cənubi Qafqazda mövqelərini gücləndirməyə və Ermənistanı regionda Qərb qalasına çevirməyə kömək edir.

Təəssüf ki, İranın Azərbaycana qarşı qeyri-dost addımlarının sayı bununla başa çatmır. Azərbaycan tərəfinin mənbələri hərtərəfli yoxlamadan sonra sensasion məlumatı təsdiqlədilər ki, İran və Ermənistan 500 milyon dollarlıq gizli silah müqaviləsi imzalayıb. Bu barədə ilk xəbər verən “İran İnternational” nəşri yanılmadı. İranlı tərəfdaşların şəxsi söhbətlərdə və rəsmi kommunikasiyalarda bu xəbərin “saxta” olduğuna dair təminatlarına baxmayaraq, faktların və mənbələrin yoxlanılması məyusedici nəticələr çıxarmağa imkan verir: İran Ermənistanla silah müqaviləsinə yaşıl işıq yandırmaqla, bir daha azərbaycanlıların qanı üzərindən pul qazanmaq qərarına gəlib. Görünür, bəzi ölkələr də insanlar kimi dəyişmirlər.



Beləliklə, Qərb tipli silahların Ermənistana tədarükü ilə guya “regional hərbi balansı bərpa edən” ölkələr nəinki Qafqazda sülhün bərqərar olmasını uzaqlaşdırır, həmçinin uzun illər davam edən qanlı Ermənistan-Azərbaycan qarşıdurmasının yeni mərhələsini qaçılmaz edir. Ermənistan və Azərbaycan yenidən qanlı gölməçəyə itələnir. Hələ də revanşizmdən yaxa qurtara bilməyən Ermənistanın silahlanması və silah tranziti prosesində iştirak edən bütün ölkələr regionun gələcək faciələrinə və erməni dövlətçiliyinin məcburi ləğv edilməsinə görə öz siyasi və tarixi məsuliyyətlərini daşıyacaqlar. Görünür, Azərbaycan yenidən öz dəmir yumruğunu işə salmalı olacaq. Bu prosesdə isə növbəti dəfə uduzan Ermənistan olacaq. İrəvan və onun himayəçiləri anlamalıdırlar ki, revanşizmə sürükləməklə erməni xalqını daha ağır duruma salacaqlar.



Вернуться назад