Главная > Siyasət > Rusiya Qafqazda müttəfiqini dəyişdi: "Ermənistan heç kimə lazım olmayacaq" mesajı
Rusiya Qafqazda müttəfiqini dəyişdi: "Ermənistan heç kimə lazım olmayacaq" mesajı21-08-2024, 09:00. Разместил: admin |
Rusiya siyasi dairələri Paşinyan hakimiyyətinə Ermənistanın hansı fəlakətlərə doğru sürükləməkdə olduğunu və onu hansı qaçılmaz təhlükənin gözlədiyini açıq şəkildə izah etməyə çalışırlar... Ancaq böyük ehtimalla Ermənistanda Rusiyaya xəyanətin doğura biləcəyi qorxunc təhlükəni yalnız Belarus prezidenti Aleksandr Lukaşenkonun bu ölkə barədə dəhşətli proqnozu reallaşdıqdan sonra anlamağa başlayacaqlar... Rusiya Cənubi Qafqazda yenidən fəallaşmağa çalışır. Prezident Vladimir Putinin son Bakı səfəri bu baxımdan, diqqəti çəkməyə başlayıb. Belə ki, Kreml sahibinin bu səfəri regional proseslərə Rusiyanın yanaşma tərzini nisbətən aydınlaşdırmış oldu. Rusiyanın yeni Cənubi Qafqaz prioritetləri artıq böyük ölçüdə dəqiqləşildirmək üzrədir. Və bu, Ermənistan üçün də kifayət qədər ciddi problemlər yarada biləcək geopolitik dəyişiklikdir. Məsələ ondadır ki, Kreml uzun müddət rəsmi İrəvana açıq və dolayısı mesajlar verdi, xəbərdarlıqlar etdi. Rusiya siyasi dairələri Ermənistana hərbi müttəfiqlik öhdəliklərinə sadiq qalmağın vacib olduğunu xatırlatmağa çalışdı. Üstəlik, Paşinyan hakimiyyətinin Rusiyaya hərbi-siyasi xəyanət mövqeyinin Ermənistana baha başa gələ biləcəyinə eyham vurdu. Və bu, Kremlin Rusiya tərəfindən süni şəkildə yaradılmış Ermənistanı belə asanlıqla Qərbin istifadəsinə buraxmaq niyyətindən uzaq olduğunu birmənalı şəkildə təsdiqləyirdi. Ancaq Paşinyan hakimiyyəti Kremldən göndərilən xəbərdarlıq mesajlarına demək olar ki, əhəmiyyət vermədi. Əksinə, rəsmi İrəvan Qərbdən gələn təlimatları icra edərək, Ermənistanın Rusiya ilə hərbi-siyasi müttəfiqlik münasibətlərini tamamilə korlamaq istiqamətində addımlar atmağa üstünlük verdi. Son vaxtlar Ermənistanda ABŞ-ın qeyri-leqal hərbi bazanın yaradılmasına imkan verən Paşinyan hakimiyyəti Rusiya ilə münasibətlərdə ümumiyyətlə, bütün "qırmızı cizgiləri" aşmış oldu. Və rəsmi İrəvan tərəfindən elə bir situasiya yaradıldı ki, bundan sonra Rusiya və Ermənistan arasında uçurulan körpülərin nə vaxtsa, bərpa olunmasının mümkünlüyünü iddia etmək də çətinləşdi. Belə anlaşılır ki, rəsmi İrəvan Ermənistan üçün ABŞ, Avropa Birliyi və Fransanın xeyrinə prinsipial seçim edib. Deməli, Kremlin bundan sonra Ermənistanın Rusiya orbitinə geri dönüşünə ümid bəsləməsi geopolitik sadəlövhlük və böyük səhv olardı. Ona görə də, indi Kreml də Cənubi Qafqazda Rusiyanın maraqlarına ən uyğun optimal seçimi etmək məcburiyyətində qalıb. Və Rusiya siyasi dairələri bu seçimin konkret istiqamətləri barədə indi daha açıq mətnlə mesajlar verməyə başlayıblar. Məsələ ondadır ki, Kremlə yaxın analitik-təhlil mərkəzləri Cənubi Qafqazda Rusiyanın yalnız Azərbaycana güvənə biləcəyini birmənalı şəkildə vurğulayırlar. Onların qənaətinə görə, Azərbaycan bu regionda indi Rusiyanın ən etibarlı strateji tərəfdaşıdır. Bu baxımdan, yaxın gələcəkdə Kreml Cənubi Qafqazda Azərbaycan-Rusiya münasibətlərinin inkişafına, iqtisadi-ticari əməkdaşlığa və strateji geoiqtisadi layihələrin reallaşdırılmasına xüsusi diqqət ayırmaq niyyətindədir. Və bu, regionda Azərbaycan-Rusiya strateji tərəfdaşlığının daha fərqli, həm önəmli mərhələyə keçirilmək üzrə olduğunu göstərir. Maraqlıdır ki, Kremlə yaxın olması ilə diqqəti çəkən rus politoloq Sergey Markov da açıq mətnlə vurğulayıb ki, prezident Vladimir Putinin Azərbaycana rəsmi səfəri Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqinin dəyişməsi ilə bağlı tarixi hadisə oldu. Yəni, rus politoloq Azərbaycanın da Rusiyanın müttəfiqləri sırasına qatıldığını demir. Əksinə, regional müttəfiqin dəyişdiyini vurğulayır və Azərbaycanın Cənubi Qafqazda yeni müttəfiq olduğunu qabardır. Və bu, o deməkdir ki, Kremldə artıq Ermənistanı Rusiyanın müttəfiqi hesab etməkdən birmənalı şəkildə vaz keçiblər. Rus politoloq son 30 ildə Cənubi Qafqazda məhz Ermənistanın Rusiyanın müttəfiqi olduğunu xatırladıb. Ancaq onun fikrincə, rəsmi İrəvanın ermənipərəst və antiazərbaycan qüvvələrə çevrilmiş Qərbə, o cümlədən də ABŞ, Avropa Birliyi və Fransaya sığınmaq qərarı verməsi ilə bu müttəfiqliq münasibətləri artıq iflasa uğrayıb: "Halbuki, bunun əksinə olaraq, Rusiya və Azərbaycan münasibətləri son üç ildə daha da inkişaf edib. Bu baxımdan, prezident Vladimir Putinin Bakıya son rəsmi səfəri Rusiyanın regionda əsas müttəfiqinin dəyişdiyini göstərdi. Regionda yeni strateji müttəfiqin məhz Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycan olduğu birmənalı şəkildə təsdiqləndi..." Maraqlıdır ki, bütün bunlara paralel olaraq, Ermənistana yönəlik ittihamlar da ön plana çıxmağa başlayıb. Belə ki, prezident Vladimir Putin əvvəlcə Bakıda Rusiyanın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün hər cür dəstək verməyə hazır olduğunu vurğulayıb. Kreml sahibi bildirib ki, Rusiya ən qısa zamanda yekun sülh sazişinin imzalanması məqsədilə həm vasitəçiliyə, həm də danışıqlar üçün platforma təqdim etməyə də hazırdır. Və Kreml bununla üstüörtülü şəkildə mesaj verir ki, regional sülhdə tamamilə maraqlıdır, üstəlik, bunu Ermənistanın sığındığı Qərb deyil, məhz Rusiya təmin edə bilər. Belə anlaşılır ki, Kreml rəsmi İrəvana Rusiyanın himayəsindən kənarda sülhə və təhlükəsizliyə nail ola bilməyəcəyini anlatmağa çalışır. Rusiya siyasi dairələri xəbərdarlıq edirlər ki, Ermənistan Qərbə yaxınlaşdıqca, təhlükəsizlik problemləri daha böhranlı xarakter alacaq. Rusiya Rusiya XİN bəyan edib ki, rəsmi İrəvanın KTMT ilə qarşılıqlı fəaliyyətdən uzaqlaşması Ermənistanın milli təhlükəsizliyini zəiflədir. Rusiya xarici siyasət idarəsindən bildirilib ki, Ermənistanın sabitliyinə qarant kimi KTMT və Rusiyanın alternativi yoxdur. Və bu, o deməkdir ki, Kreml rəsmi İrəvana dolayısı ilə Qərbə olan ümidlərin reallıqdan uzaq olduğunu anlatmağa çalışır. Rusiyanın əsas hərbi-strateji müttəfiqi Belarusun prezidenti Aleksandr Lukaşenko isə Ermənistanı gözləyən ciddi təhlükələri daha açıq mətnlə ifadə edib: "Ermənistan bizdən başqa kimə lazımdır? Heç kimə... Elə isə iqtisadiyyatını inkişaf etdirib, öz resurslarına köklənsin. Hansı Fransa və ya hansı Makron..? Sabah o da hakimiyyətdə olmayacaq və hər kəs Ermənistanı unudacaq". Göründüyü kimi, Paşinyan hakimiyyətinə Ermənistanın hansı fəlakətlərə doğru sürükləməkdə olduğunu açıq şəkildə izah edirlər. Halbuki, rəsmi İrəvan Qərbin siyasi nəzarəti altında olduğundan Kremldən gələn ardıcıl xəbərdarlıq mesajlarına əhəmiyyət verəcəyi hələlik qətiyyən inandırıcı görünmür. Böyük ehtimalla Ermənistanda Belarus prezidenti Aleksandr Lukaşenkonun proqnozu doğrulduqdan sonra Rusiyaya xəyanətin nəticələrini anlamağa başlayacaqlar.(Yeni Müsavat) Вернуться назад |