Главная > Siyasət > Deputatlığa namizədlərə dövlət büdcəsindən pul ayrılır?

Deputatlığa namizədlərə dövlət büdcəsindən pul ayrılır?


19-08-2024, 14:45. Разместил: admin
Deputatlığa namizədlərə dövlət büdcəsindən pul ayrılır?


Sentyabrın 1-də Milli Məclisin VII çağırış deputatlarının seçilməsi üçün növbədənkənar parlament seçkisi keçiriləcək. Proseslə bağlı ənənəvi olaraq gündəmə gələn məsələlərdən biri də namizədin qeydə alındığı gündən seçkinin nəticələrinin elan olunacağı tarixə qədər olan dövr ərzində onun bəzi xərclərinin qarşılanması üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulan vəsaitlə bağlıdır. Bu məsələ Seçki Məcəlləsinin 150.1, 150.2, 150.3, 150.4 və 150.5 maddələrində öz əksini tapıb.

Belə ki, Milli Məclisə seçki zamanı qeydə alınan namizədin nəqliyyat xərclərinin ödənilməsi ilə bağlı maddələrə əsasən, birmandatlı seçki dairəsi üzrə qeydə alınan namizədə müvafiq seçki dairəsi ərazisinin hüdudlarında (taksi və sifarişli reyslər istisna olmaqla) ümumi istifadədə olan şəhər, habelə şəhərkənarı və şəhərlərarası nəqliyyat vasitələrində gediş-gəlişin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.

Həmçinin bir neçə seçki dairəsi olan şəhərlərdə də bu dairələrin birində qeydə alınan namizədə şəhərdə gediş-gəlişinin dəyəri yenə də müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.

Eləcə də, qeydə alınan namizəd bu məqsədlə çıxış etdiyi birmandatlı seçki dairəsinin hüdudlarından kənarda yaşayırsa, əlavə olaraq ona dəmir yolu və ya ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə 4 dəfə yaxud təyyarə ilə 2 dəfə seçki dairəsinə və geriyə gediş-gəlişinin dəyəri müvafiq ödəniş sənədləri təqdim edildikdə ödənilir.

Əlavə edək ki, birmandatlı seçki dairəsi üzrə qeydə alınan namizədin gediş-gəlişinin dəyəri seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılan vəsait hesabına müvafiq dairə seçki komissiyası tərəfindən ödənilir. Nəzərdə tutulan ödənişlər dövlət büdcəsindən Mərkəzi Seçki Komissiyasına (MSK) ayrılan vəsait hesabına həyata keçirilir.

Onu da qeyd edək ki, əsas müzakirə mövzusundan biri də namizədə ayrılması nəzərdə tutulan vəsaitin, onun seçkidə qalib gəlmədiyi təqdirdə geri alınıb-alınmaması ilə bağlıdır. Bu məsələ isə, yəni namizədə ayrılan vəsaitin geri qaytarılması Seçki Məcəlləsində öz əksini tapmayıb.


Вернуться назад