Главная > Siyasət > Ruslan Həsənov: Humanizmin Mehriban Əliyeva bənzərsizliyi
Ruslan Həsənov: Humanizmin Mehriban Əliyeva bənzərsizliyi19-08-2024, 13:11. Разместил: admin |
102xeber.az saytının Təsisçisi Baş Redaktoru Hacı Ruslan Həsənov - Məşhur rus ədəbi tənqidçisi və publisisti V.Belinski humanistliyi şüur və təhsillə inkişaf etmiş insansevərlik kimi dəyərləndirirdi. Ədibin baxışından gəlinən qənaət bu idi ki, humanistlik üçün yalnız gendən gələn nəcib xüsusiyyətlərin daşıyıcısı olmaq kifayət deyil. Müəyyən nəslə, soykökə bağlı göstəricilər mütləq təhsillə çulğalaşmalıdır. Bu çulğalaşma həmin göstəricilərə şüur qazandırır, nizam formalaşdırır. Mövcud trayektoriyada yaranmış mənzərə isə artıq dəyərə çevrilir. Elə bir dəyərə ki, ondan bütöv bir toplum, ümumən cəmiyyət, ən əsası isə xalq faydalanır. Tam qətiyyətlə söyləyə bilərik ki, Azərbaycanın birinci xanımı, Birinci vitse-prezidenti Mehriban Əliyeva malik olduğu nəslə məxsus nəciblik keyfiyyətlərini dərin biliyi ilə çulğaşan humanizm nümunəsidir. Onun humanizmi ölkəmizin hüdudlarını aşan hadisədir. Vətənimiz Azərbaycanı milyonların gözündə dəyərə çevirən hadisə. Bu gün – 26 avqust tarixi canlı humanizm nümunəsi, bu dəyərə qlobal libas biçməyi bacarmış, onu parlaq ictimai hadisəyə çevirmiş Mehriban xanımın dünyaya gəldiyi gündür. Bununla bağlı yazımıza isə Mehribanxanım Əliyevanın ölkəmizin Birinci vitse-prezidenti təyin olunduqdan sonra “Rossiya 24” telekanalına müsahibəsində səsləndirdiyi fikirlərlə başlamaq istərdik: “UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri kimi, bütün bu illər ərzində mən öz beynəlxalq fəaliyyətimi nizamlamalı olurdum. İlk növbədə, bu, mənim üçün dünya ictimaiyyətinə Azərbaycanın tarixini, mədəni irsini, bununla yanaşı, Azərbaycanın bugünkü siyasi və ictimai gerçəkliklərini çatdırmaq imkanı idi. Müasir Azərbaycanın nə demək olduğunu, onun əhəmiyyətini, siyasi mövqeyini, bu ölkənin potensialını dünya ictimaiyyətinə çatdırmaq lazım idi. Düşünürəm ki, bu istiqamətdə də xeyli iş görməyə nail olmuşam. Buna görə də mən gələcəyə nikbin baxıram”. Diqqətə çatdırdığımız iqtibas birinci xanımın Birinci vitse-prezident postuna layiqliyinin yalnız kiçik preambulasıdır. Bu preambulaya diqqət yetirərkən, onun keçdiyi yol, məqsəd və vəzifələri, reallaşdırdığı tədbir və təşəbbüslər, gördüyü işlər gözlər önündə canlanmaqdadır. İstər-istəməz sual yaranır: Hansı məqamı fərqləndirək? Belə nəticəyə gəlirik ki, fərqləndirilməli cəhət yoxdur. Çünki Mehriban Əliyeva obrazının bütün sahə- lərdə gördüyü işlərin hamısı əhəmiyyətlidir. Yalnız bir ölçü vahidi var ki, onun adı ürəkdir. Böyük Ürək. O ürək Mehriban xanımın çoxşaxəli fəaliyyətinin məğzini Azərbaycana, azərbaycançılığa xidmət amalına kökləmək naminə döyünür. Bu amalın məğzində Heydər Əliyev Fonduna rəhbərliyin dayanmasının dərin məntiqi var. Axı, ulu öndər Heydər Əliyev Azərbaycan adlı ayrıca dünyadır. O, müasir, müstəqil respublikamızın qurucusu, azərbaycançılığın banisidir. Dahi şəxsiyyətin zəngin irsinin yaşadılması və təbliği isə Mehriban xanımın əlahiddə xidmətidir. Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi həyata keçirdiyi misilsiz fəaliyyət xətti ümummilli liderin ruhuna dərin ehtiram nümunəsi olmaqla yanaşı, həm də öz xalqı üçün fədakarlıqlar etmiş, olmazın məhrumiyyətlərə qatlaşmış nəhəng dövlət adamına münasibətdəki qədirbilənlikdir. Bu qədirbilənliyin milli dəyər şəklinə gəlməsi, öz ifadəsini genişmiqyaslı tədbirlərdə tapması Heydər Əliyev irsindəki fundamentallığa yeni ahəng qazandırır, bu irsi institusionallaşdırır. Bəli, əminliklə vurğulaya bilərik ki, Mehriban Əliyeva Heydər Əliyevin mənalı ömür yolunu məktəbləşdirib. Elə bir məktəb ki, onun başlıca qayəsində Vətən sevgisi dayanır. Bütün çətinliklərə sinə gərmək üçün özündə güc və təpər tapan, ruhdan düşməyən, uğursuzluqları uğura çevirmək əzmini təlqin edən sevgi. Ona görə Heydər Əliyev Fondu həm də Vətən sevgisinin ali mərkəzidir. Heydər Əliyev Fondu Mehriban Əliyevanın özünün zənginliyindəki Vətən sevgisindən də nəşət alan platformadır. Qurumun gördüyü işlər el-obaya bağlılıq keyfiyyətlərindən doğan gücün, rasional düşüncənin, iti zəkanın sevgi naminə təzahürüdür. Bu təzahür dövlətçilik təfəkküründəki təntənədir – Mehriban Əliyeva təntənəsi. Bu təntənədə milyonlarla azərbaycanlıya Vətəni, xalqı, dövləti Heydər Əliyev kimi sevmək aşılanır. Aşılanır ki, dövlətçiliyimiz və müstəqilliyimiz əbədi olsun. Aşılanır ki, müstəqil respublikamızın ideoloji xətti daimilik qazansın, xalqımız ümummilli liderin ideyalarına söykənərək, yeni uğur və nailiyyətlərə doğru inamla addımlasın. Bu yerdə Mehriban xanım Əliyevanın “Həyat dərsi” məqaləsindəki düşüncələrə üz tutmağı zəruri sayırıq. Çünki Heydər Əliyev zənginliyinə dəyər baxımından məxsusi ifadə tərzinə malik bu düşüncənin özü də dərin qədirbilənlikdir: “O zamanın qanunlarına görə yaşayan bir cəmiyyətdə respublika başçısının, sözün yaxşı mənasında, millətpərəst bir insan olması onun həyatının nə qədər maneələrlə, üstüörtülü təhlükələrlə, daxili sarsıntılarla dolu olduğunu göstərir. Başqa cür ola da bilməzdi! Axı Azərbaycan üçün Heydər Əliyev möhkəm sipər, dayaqdır. Bunu bizim nəslimiz 80-ci illərin sonunda Vətənin üstünü qara buludlar alanda – Qarabağ savaşında, 20 Yanvar faciəsində haqsızlıq və laqeydlik ilə üz-üzə qalanda hiss etdi. Onun varlığının Azərbaycan üçün Tanrı payı olduğunu onda dərindən duyduq. Hiss etdik ki, “Azərbaycan və Heydər Əliyev bir-birinə bağlanmış qırılmaz tellərdir” kəlmələrinin ifadəsi adi ritorika deyil. *** Daxilən zəngin dünyaya malik insanın xarakterinə hakim kəsilmiş duyğuların məcmusu həm də mədəniyyətdir. Yüksək mədəniyyətə sahib fərdlərin malik olduqları keyfiyyətlər bir yerə toplanaraq xalqın şüur və düşüncəsinin məhsulu kimi qəlibləşir. Nəticə etibarilə düşüncə kübarlığının özü mədəniyyət hadisəsinə çevrilir. Azərbaycan xalqının varlığı da böyük ölçüdə onun ayrı-ayrı görkəmli şəxsiyyətlərinin daşıdıqları mədəniyyət formalarının ümumiləşmiş məhsuludur. Qətiyyətlə söyləyə bilərik ki, Mehriban xanım Əliyevanın mədəniyyətimizə verdiyi dəyər də, onun təbliğinə sərf etdiyi misilsiz əmək də məhz bundan qaynaqlanır. Elə bu səbəbdəndir ki, onun ictimai fəaliyyətinin ilk addımlarından biri Azərbaycan Mədəniyyət Fondunun təsis edilməsi olmuşdur. Mədəni zənginlik elə bir xüsusiyyətdir ki, paylaşdıqca artır, daha geniş miqyas alır. Miqyas genişlənir, xalq öz mədəniyyətinə xas cəhətləri daha geniş areallara yayaraq, həm özü zənginləşir, həm də daşıdığı mental dəyərlərə, bir növ, beynəlmiləlçilik qazandırır. Beləliklə, xalq dünyada tanınır, qəbul olunur, özü ilə hesablaşılması üçün immunitet formalaşdırır. Görünür, buna görədir ki, dahi Hüseyn Cavid demişdir: Turana qılıncdan daha kəskin, ulu qüvvət Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət! Bəli, Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin böyük hamisidir. O, mədəniyyətimizi haqq səsimizin eşidilməsi naminə güc və qüvvət mərtəbəsinə ucaldan ziyalı obrazıdır. Haqq səsimizdən söz düşmüşkən, dövlətimiz otuz ilə yaxın müddətdə Qarabağ və digər işğal olunmuş ərazilərimizin qurtulması naminə mücadilə verdi. Ulu öndər Heydər Əliyevin mövcud istiqamətdəki mübarizəsinə yeni ruh gətirən Prezident İlham Əliyev siyasi-diplomatik vasitələrlə savaş meydanına atıldısa, Mehriban xanım Əliyeva savaşın, belə demək mümkünsə, mədəniyyət cəbhəsinə rəhbərlik etdi. Beləliklə, 44 günlük Vətən müharibəsi nəticəsində diplomatik bacarıq və səriştə ilə mədəniyyətin vəhdəti özünün qürur doğuran bəhrəsini gördü – şanlı Zəfər tariximiz yazıldı. Deməli, Mehriban xanım mədəniyyət davasında da Zəfər çaldı. Azərbaycanın Birinci vitse-prezidentinin mədəniyyət sahəsindəki layihələri də digər fəaliyyət istiqamətləri kimi, kifayət qədər, çoxşaxəli diapazona malikdir. Ancaq bu yerdə Konfutsinin kəlamını xatırlayaraq fikrimizə aydınlıq gətirmək istərdik. Dahi Çin filosofu deyirdi ki, bir millətin xarakterini bilmək istəyirsinizsə, o millətin musiqisini dinləyin. Mehriban xanımın milli musiqimizlə, muğamımızla bağlı reallaşdırdığı təşəbbüslər xalqımızın xarakterinin təbliğidir. O insan ki, içində musiqi duyğusu yoxdur və qəlbi səslərlə riqqətə gəlmir, onun hissləri gecə kimi qaranlıqdır, – deyirdi Uilyam Şekspir. Belə nəticəyə gəlirik ki, Mehriban Əliyevanın musiqi təbliğatı, eyni zamanda, Azərbaycan insanının işıqlı obrazının tərənnümünə yönələn fəaliyyətdir. Bu fəaliyyət önündə aydın səhərlərin açılmasında isə İlahi qanunauyğunluq və ədalət var. *** İdmana münasibətdə “sağlam bədəndə güclü ruh olar” deyirlər. Mehriban Əliyevanın idmanın təbliği istiqamətində gördüyü işlərdə sağlam bədənin daşıdığı sağlam ruhu həm də mədəniyyətimizin dünyaya tanıdılması naminə hərəkətə gətirməkdir. Onun mövcud sahədəki təşəbbüskarlığı və təşkilatçılığı özlüyündə dərin yüklü dövlət hadisəsidir. Bu baxımdan, 2015-ci ildə Bakıda keçirilmiş Birinci Avropa Oyunlarını xatırlamaq yerinə düşər. Həmin mötəbər turnirin keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri olan Mehriban xanım tarixi idman olayını əsl Azərbaycan şöləninə çevirdi. O şöləndə şanlı tariximiz də vardı, müasir simamız da, gələcəyə doğru inamlı addımlamaq əzmimiz də. Mehriban xanım hələ turnirdən əvvəl Kann, Afina, Berlin, İstanbul və digər şəhərlərdə “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimlərindəki çıxışları ilə Vətənimizin böyük idman hadisəsinə layiqli evsahibliyini gerçəkləşdirəcəyinə dərin əminlik hissi formalaşdırdı. Bu baxımdan, onun 2014-cü il noyabrın 18-dəİstanbulda “Çırağan” hotelində keçirilmiş təntənəli mərasimdəki çıxışından bir hissəni diqqətə çatdırmağı vacib sayırıq: “Birinci Avropa Oyunları Avropanın idman tarixində yeni bir səhifə açacaq. Əlbəttə, ilk oyunlar gələcək oyunların səviyyəsini, standartlarını müəyyən edəcək. Ona baxmayaraq ki, hazırlığa cəmi iki il yarım vaxt ayrılıb, Azərbaycan bu oyunları yay olimpiya oyunları səviyyəsində keçirtmək əzmindədir. Bunun üçün bütün lazımi tədbirlər həyata keçirilir və zəruri addımlar atılır. Biz güclü Təşkilat Komitəsi yaratmışıq. Beynəlxalq qurumlarla, Avropa Olimpiya Komitəsi ilə beynəlxalq idman federasiyaları ilə çox uğurlu əməkdaşlıq qurmuşuq, çoxsaylı könüllülərin köməyindən istifadə edirik. Və ümidvaram ki, birinci Avropa oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək”. Azərbaycanın birinci xanımının mədəniyyət dolu idman təşəbbüskarlığı özünü ən müxtəlif tədbirlərdə göstərib və göstərməkdədir. Ancaq hesab edirik ki, onun rəhbərlik nümunəsi Birinci Avropa Oyunları timsalında Azərbaycana rəğbət və qibtə epopeyasını yazdı. Turnir Mehriban xanımın da dediyi kimi, Yay Olimpiya Oyunları səviyyəsində təşkil olundu. Bu səviyyənin qazandırdığı təcrübə bazası onu deməyə əsas verir ki, ölkəmiz bütün dördilliklərin ən böyük idman hadisəsinə evsahibliyinə də tam layiqdir. Bəli, Mehriban xanımın fədakar əməyi sayəsində Prezident İlham Əliyevin Azərbaycanda idmanın kütləviləşməsi istiqamətində apardığı dövlət siyasəti yeni ahəngdarlıq zirvəsinə çatıb. Ölkəmiz dünya gimnastika ailəsinin fəxridir. Ümumən, Mehriban Əliyevanın istər Azərbaycan Gimnasitika Federasiyasının prezidenti, istərsə də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü kimi daşıdığı missiyalar, onun digər fəaliyyət sahələrindəki gördüyü işlər kimi bənzərsiz və təkrarsızdır. *** Mehriban Əliyeva Azərbaycan ictimai-siyasi həyatında son dərəcə parlaq simadır. Yuxarıda sadaladıqlarımız məziyyətlərin hər birinin həmin simanın formalaşmasında və cəmiyyət tərəfindən qəbulunda öz rolu var. Nəzərə alaq ki, istər idman, istər mədəniyyət, istərsə də digər istiqamətlər üzrə əhatəli fəaliyyətin hədəfində Azərbaycan amili varsa, həmin yöndə siyasətin rolu da ön planda olmalıdır. Bu, qaçılmaz reallıqdır. Ancaq siyasətçi Mehriban Əliyevanı fərqləndirən başlıca xüsusiyyət onun bu platformadakı iştirakında ziyalılıq çalarlarının özünü daha qabarıq göstərməsidir. Demək çətindir ki, onun siyasətçi ampluası ziyalı təbiətinin vurğulanmasına xidmətdir, yoxsa ziyalılığının siyasətçi simasına təsiri var. Görünür, incə balans mövcuddur və hesab edirik ki, qadın siyasət adamının zərif gücünü vurğulayan da məhz bu balansın gözlənilməsidir. Hər bir halda, siyasətçi Mehriban Əliyeva üçün hədəflər var. Həmin hədəflərdən söz açılarkən, onun Birinci vitse-prezident təyin olunduqdan sonra xarici media vasitələrindən birinə müsahibəsində səsləndirdiyi fikrin üzərində dayanmağı əhəmiyyətli sayırıq. Hesab edirik ki, bu fikir Mehriban xanımın ali dövlət vəzifəsinə təyin olunmazdan əvvəlki fəaliyyət paradiqmasının yeni postdan irəli gələn məsuliyyətin qarşılanmasına dəstək baxımından önəmini təsdiqləyir: “Düşünürəm, dediyim kimi, bundan əvvəl icra etdiyim fəaliyyətin tutumu, yəqin ki, daha geniş olacaq. Yəqin ki, iş birmənalı daha çox olacaq. Mənim təsəvvürüm, istəyim sosial problemlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həllinə diqqəti maksimum cəmləşdirməkdir. Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün var. Bütün bu illər ərzində onların problemləri dövlət və hökumət səviyyəsində həll olunur. Lakin mən hesab edirəm ki, biz bu sahəyə daha böyük diqqət yetirməliyik. Mən də bu işə hazıram”. Mehriban xanımın Birinci vitse-prezident kimi ölkəmizin siyasət olimpindəki missiyası göstərir ki, vəzifəyə şöhrət və sanbal gətirən insandır. İnsanın daxilindən gələn nəcib xüsusiyyət və davranışlar, kübarlıq və alicənablıqdır. Əslində, onun Milli Məclisin deputatı kimi siyasət meydanında gördüyü işlər də həmin keyfiyyətlər məcmusunun ifadəsi idi. Birinci vitse-prezidentlik institutu isə onların arealını daha geniş götürmək imkanı verdi. Müvafiq olaraq vəzifənin özü də dəyər qazandı. Vəzifə həm də ona görə dəyər qazandı ki, Mehriban xanımın siyasi baxışlar sistemini bilavasitə insan, ona qayğı, həssas münasibət amili təşkil edir. Axı insanı anlamaq, duymaq, onun daxili aləminə bələdçilik həm də dövlət idarəçiliyinin qayəsində dayanır. Mehriban xanımın təsvirindəki kimi: “Hakimiyyətə qarşı müxalifətdə olmaq olar, lakin öz ölkəsinə qarşı müxalifətdə olmaq lazım deyil. Bu, ən dəhşətli haldır. Mənim məqsədim ondan ibarətdir ki, belə deyək, hətta tənqidə ən çox meyil edən təbəqələrin də müəyyən müddətdən sonra tənqid üçün az əsası olsun”. Bütün bunlar bir daha Azərbaycan Prezidenti İlham Əliyevin seçiminin uğurunu göstərir. *** Mehriban Əliyeva obrazını bənzərsiz və təkrarsız edən bir mühüm məqama da diqqət yetirək. Məlum olduğu kimi, Azərbaycanda qadınlar ictimai həyatda iştirakları ilə seçiliblər. Tariximizdə də bunun layiqli örnəkləri var. Ancaq tam əminliklə söyləmək mümkündür ki, tarixin heç bir dövründə Azərbaycan qadını indiki qədər ictimailəşmiş məzmunda olmayıb. Onu da tam qətiyyətlə demək lazımdır ki, Azərbaycan qadınının cəmiyyət həyatındakı hazırkı fəallıq etalonu məhz Mehriban xanımdır. O, vətənpərvər, maarifpərvər qadınlarımızın müasir həyatını yeni keyfiyyətdə davam etdirən nümunədir. Mehriban Əliyeva obrazı qadınların cəmiyyət üçün sosial məsuliyyət hissinin təşviqatçısıdır. Onun iş diapazonundakı genişlik zərif cinsin nümayəndələrinin kişilərlə bərabər, çiyin-çiyinə, xalqımız və dövlətimiz naminə yorulmadan çalışması yolundakı mayakdır. Bu mayak bütün sahələr üzrə qadın əməyinin təşviqedici funksiyasını yerinə yetirir, istiqamətləndirici rol oynayır. Elə bu səbəbdəndir ki, ölkəmizdə qadınların təmsil olunduqları strukturların sayı durmadan artır. Ən əsası isə Mehriban Əliyevanın fəaliyyəti ənənəvi Şərq qadınının tarixdə məlum olan yüksək fəallıq nümunələri ilə tam passivlik tendensiyası arasındakı təzadı aradan qaldırır. Nəzərə alaq ki, tarix boyu haqqında söz açdığımız yüksək fəallıq qadının zəriflik obrazına xələl gətirdiyi kimi, tam passivlik də onu cəmiyyətdən təcrid durumuna salırdı. İndi qətiyyətlə deyə bilərik ki, Mehriban xanımın müəyyənləşdirdiyi meyar qadının əsl qadın və ana obrazını vurğulamaqla, keçmişin qadınlara münasibətdəki mənfi stereotiplərini sıradan çıxarır, həmin neqativlərin təkrarlanmaması üçün güclü mənəvi müqavimət səddi formalaşdırır. Bu, son dərəcə dəyərli və milli olduğu qədər də bəşəri məqamdır. Həmin məqamın incəliklərinə ölkəmizin Birinci vitse-prezidenti “Rossiya 1” telekanalına verdiyi və telekanalın “Vesti nedeli” proqramında yayımlanmış müsahibədə özünəxas üslubda aydınlıq gətirir. Mehriban Əliyeva Birinci vitse-prezidentin qadınların siyasətçi kimi qəbuluna o qədər də adət etməmiş Şərq mentallığına malik kişilərlə qarşılaşmasının labüdlüyünə, buna nə dərəcədə hazır olduğuna dair suala cavabında bildirir: “Əlbəttə, biz müsəlman ölkəsiyik, lakin, eyni zamanda, dünyəvi dövlətik, bizim dünyəvi əsaslarımız var. Biz öz dinimizə, ənənələrimizə dərin hörmət və ehtiram bəsləyirik. Lakin bizdə dövlət və din bir-birindən ayrıdır və düşünürəm ki, bu məsələdə heç bir problem yoxdur. Mən buna tamamilə hazıram, bunu hər hansı çağırış hesab etmirəm”. *** Mehriban Əliyeva gözəl anadır, fədakar həyat yoldaşıdır. Nəzərə alaq ki, siyasətlə, nəhəng ictimai-humanitar fəaliyyətlə ailə məsuliyyətinin sintezini yaratmaq hər qadına müyəssər olan xoşbəxtlik deyil. Mehriban xanım xoşbəxtdir, bu anlamda da etalondur və onun ailə-idarəçilik vəhdəti baxımından nümunə kimi qiymətləndirilə biləcək bir çox keyfiyyətlərindən söz açmaq mümkündür. Həmin keyfiyyətlərin ümumi xarakteristikası onu deməyə əsas verir ki, Mehriban Əliyeva nümunəviliyi dövlət idarəçiliyi və ictimai fəaliyyətlə ailə mühiti arasında son dərəcə incə sərhədləri qorumaq bacarığındadır. Onun özü isə bildirir ki, hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın görünür ki, xanım Əliyeva fərdi vətəndaşdan ictimai xadimə, şəxsiyyətə çevrilmənin düsturlarına dərindən bələddir. Hansı məqamda özünü və ya öz ailəsini yox, ölkəsini təmsil edərək onun tərəqqisini düşünmənin xüsusiyyətlərinə də həmçinin. Ancaq ayrı-ayrı müsahibələrindən, söylədikləri fikirlərdən o da aydın görünür ki, Mehriban xanımı milyonların nəzərində ucaldan iki vacib xüsusiyyət var. Bunlardan biri sadəlik, digəri səmimilikdir. Ailə mühiti səmimidir. Mehriban xanım o mühiti müsahibələrinin birində son dərəcə sadə tərzdə anladıb: “Mən xörək bişirməyi çox sevirəm. Əgər siz mənim necə dincəldiyimi soruşursunuzsa, bu, mənim gözəl istirahət edə biləcəyim sahədir. Ləziz xörəklər bişirmək bir növ həm də yaradıcı işdir. Mən bunu sevirəm, edirəm və bacarıram. Ola bilər, bu, bir qədər təvazökar səslənmir, amma ümid edirəm ki, hazırladığım yeməkləri dadanlar mənim sözlərimi təsdiqləyərlər. Mən, demək olar ki, bütün milli Azərbaycan xörəklərini bişirə bilirəm, Avropa yeməklərini bişirməyi xoşlayıram. Bu, tamamilə normaldır. Əvvəla, hesab edirəm ki, bunu hər bir qadın bacarmalıdır. Amma əgər bunu sevirsənsə, niyə də yox”. “Kollektivi olaraq, Vətəni, xalqı və dövləti naminə reallaşdırdığı bütün işləri sevərək həyata keçirməyin sivil örnəyi olan Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanımı Mehriban Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, müstəqil Azərbaycan naminə yorulmaz fəaliyyətində bol-bol uğurlar və sevinclər arzulayırıq. Вернуться назад |