Главная > Siyasət > Kiyev Trampın "sülh masası"nı dağıtmağa çalışır: Kurskda Rusiya və Ukraynanın taleyi həll olunur
Kiyev Trampın "sülh masası"nı dağıtmağa çalışır: Kurskda Rusiya və Ukraynanın taleyi həll olunur9-08-2024, 09:00. Разместил: admin |
Əgər, Ukrayna ordusu Rusiya ərazisində ələ keçirdiyi yaşayış məntəqələrində möhkəmlənməyi bacararsa, bu, rəsmi Kiyevə Krım və Donbası geri qaytarmaq imkanları aça bilər... Əks halda, Rusiyanın indiyə qədər artıq bir neçə dəfə təkrarladığı sülh şərtlərində israr edəcəyi qətiyyən şübhə doğurmur və hər iki tərəf üçün həlledici mərhələ başlayıb... Ukrayna savaşı tədricən nəzarətdən çıxmağa başlayıb. Belə ki, son vaxtlar bu savaş daha geniş areala yayılmağa doğru istiqamət alıb. Halbuki, son zamanlarda Ukrayna savaşının ən qısa müddətdə dayandırılması ilə bağlı məsələ əsas müzakirə mövzusu idi. Və Qərb siyasi dairələri bu mövzu ətrafında ziddiyyətli mövqedən çıxış edirdilər. İndi isə Ukrayna savaşı ətrafında situasiya olduqca qəliz xarakter daşıyır. Çünki Ukrayna ordusu gözlənilmədən əks hücuma keçib. Bu əks hücum isə Rusiya ordusunun müdafiə çatışmazlıqlarını qabarıq şəkildə ortaya çıxarıb. Və Rusiya ordusunun məğlubiyyətə düçar olma variantları üzrə müzakirələrə geniş imkanlar açıb. orig-1635353624BtZoEW3QiICa0Nl8RZvifhYSTfttlYkOXoszjS96.jpeg (184 KB) Məsələ ondadır ki, Ukrayna ordusunun son hücumları Rusiyanın gözləmədiyi istiqamətdən reallaşdırılıb. Nəticədə Ukrayna ordusu Rusiya ərazisinə daxil olmağı bacarıb. Hətta Kursk istiqamətində Rusiyanın bəzi yaşayış məntəqələri Ukrayna ordusunun nəzarətinə keçib. Rusiya ordusu isə Ukrayna hərbi kontingentini ölkə ərazisindən çıxartmaqda açıq-aşkar çətinlik çəkir. Və bu, o deməkdir ki, Ukrayna savaşı artıq Rusiya ərazisilərinə keçirilib. Təbii ki, rəsmi Kiyevin gözlənilmədən Ukrayna ordusunu Rusiya ərazisinə yeritmək barədə prinsipial qərar qəbul etməsi qətiyyən təsadüfi deyil. Əksinə, rəsmi Kiyevin konkret hərbi-siyasi planla Ukraynanın strateji hədəflərinə doğru can atdığı qətiyyən şübhə doğurmur. Və bu strateji hədəflərin daha çox yaxın gələcəkdə müzakirə olunacaq sülh sazişi ilə bağlı ola biləcəyi qətiyyən istisna deyil. Məsələ ondadır ki, bir müddət öncəyə qədər rəsmi Kiyev Rusiya ilə sülh danışıqlarına ehtiyac yarandığını açıq mətnlə etiraf edirdi. Çünki ABŞ və Qərb Ukrayna ordusuna hərbi texnika təminatını vaxtında yerinə yetirmirdi. Nəticədə Ukrayna ordusu olduqca ciddi hərbi texnika və silah-sursat çatışmazlığı ilə üzləşirdi. Üstəlik, bütün bunlar Ukrayna ordusunun canlı qüvvə itkilərini də artırırdı. Və belə situasiyada Kremllə sülh danışıqlarına başlanılması rəsmi Kiyevi bəzi Ukrayna ərazilərini təşəbbüsü ələ keçirmiş Rusiyaya güzəştə getmək məcburiyyətində buraxa bilərdi. Üstəlik, son vaxtlar bəzi Qərb siyasi dairələri də rəsmi Kiyevə Kremllə sülh danışıqlarına başlamağın vacib olduğunu təlqin etməyə başlamışdılar. Hətta bu məqsədlə Ukrayna bəzi Ukrayna ərazilərinin - Krım və Donbasın Rusiyanın nəzarətinə verilməsinin qaçılmaz ola biləcəyini qabardırdılar. Rəsmi Kiyev isə belə bir sülh variantına qətiyyən hazır deyil. Və Qərbdəki müttəfiqlərin güzəştli sülh tələblərinə mümkün qədər müqavimət göstərməyə çalışırdı. tramp-putin-imza.JPG (69 KB) Digər tərəfdən, ABŞ-da keçiriləcək növbəti prezident seçkiləri də rəsmi Kiyevi ciddi şəkildə narahat edən məsələlərin sırasına daxildir. Çünki həmin seçkilərdə qələbə şansı olan keçmiş Ağ Ev sahibi Donald Tramp Ukrayna savaşını ən qısa zamanda sona çatdırmaq niyyətində olduğunu qətiyyən gizlətmir. Hətta onun açıqlamalarından belə anlaşılır ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ağ Evə geri dönəcəyi təqdirdə, Ukrayna ərazilərinin güzəştə gedilməsi hesabına Rusiyanı məmnun edəcək sülh ssenarisinə daha yaxındır. Və bu variant rəsmi Kiyevi qətiyyən qane etmir, əksinə, belə eyhamlara açıq qıcıqla reaksiya verir. Təbii ki, Ukrayna üçün belə əlverişsiz situasiyanı yalnız savaş meydanında qazanılan hərbi uğurlarla dəyişmək mümkün ola bilərdi. Rəsmi Kiyev də bu önəmli reallığı tam dəqiqliyi ilə anlayırdı. Ona görə də, Ukrayna ordusunun Rusiya ərazisinə girməsi bu baxımdan, böyük əhəmiyyət daşıyır. Çünki artıq müharibə yalnız Ukrayna deyil, həm də Rusiya ərazisində gedir. Rusiya ordusu çətin vəziyyətə salınıb, müdafiə olunmaqda kifayət qədər ciddi problemlərlə üzləşir. Və bu, Rusiya ordusunun Ukrayna savaşında hərbi məğlubiyyət versiyalarını da artıq ön plana keçirtməyə başlayıb. Ona görə də, əgər, indi sülh danışıqları başlayarsa, Kremlin Rusiyanın maraqlarını ifadə edən şərtlərdə israr etmək şansları o qədər cəlbedici görünmür. Yəni, Kreml əlverişsiz situasiyaya düşüb və Ukrayna situasiyanı öz xeyrinə dəyişməyə nail olub. Hər halda, hazırda müharibə Rusiya ərazisinə keçirilib. Rusiya əhalisi arasında müəyyən panik durum yaranıb. Və üstəlik, savaşın Rusiya ərazisilərinin dərinliklərinə doğru yayılma ehtimalı da tamamilə inandırıcı görünür. Ancaq burada əsas məsələ Ukrayna ordusunun nə qədər irəliləyə biləcəyi ilə birbaşa bağlıdır. Eyni zamanda, Rusiyanın dərinliklərinə doğru irəliləməyi bacarmasa belə, Ukrayna ordusunun ələ keçirdiyi ərazilərdə döyüş mövqelərinə nəzarəti qoruya bilib-bilməyəcəyi də hazırda böyük önəm daşıyır. Çünki Ukrayna ordusunun öz hərbi uğurlarını bu ilin sonuna - ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinin yekun nəticələri məlum olana qədər davam etdirməsi vacibdir. Və bu halda, rəsmi Kiyev Rusiya ilə Ukrayna üçün daha əlverişli şərtlər çərçivəsində sülh danışıqlarına başlamaq şansı qazana bilər. GIRIS-1-UKRAYNA.jpg (61 KB)Onu da nəzərə almaq lazımdır ki, bəzi araşdırma mərkəzləri bu ilin sonuna doğru Rusiyanın daha ciddi maliyyə-iqtisadi böhranla üzləşə biləcəyini ehtimal edirlər. Onların fikrincə, əgər, Kreml böhran təhlükəsindən yayınmaq yollarını tapa bilməzsə, bu, Rusiya ordusunun silah-sursatla təchizatına sarsıdıcı zərbələr vuran bilər. Və bu halda, Kremlin sülh şərtləri diqtə etmək imkanları tamamilə bloklanmış olacaq. Belə olacağı təqdirdə, hətta ABŞ-da Donald Trampın prezident seçilməsi belə, Rusiyanın sülh masasında mövqelərini pozitiv istiqamətdə dəyişmək üçün yetərli xarakter daşımayacaq. Yəni belə anlaşılır ki, rəsmi Kiyevin savaşı Rusiya ərazisinə keçirməsi hazırda birmənalı şəkildə strateji hədəfə çevrilib. Ukraynanın gələcək taleyi böyük ölçüdə məhz bu hədəfə hansı səviyyədə nail olunacağından asılıdır. Əgər, Ukrayna ordusu Rusiya ərazisində ələ keçirdiyi yaşayış məntəqələrində möhkəmlənməyi bacararsa, bu, rəsmi Kiyevə Krım və Donbası geri qaytarmaq imkanları aça bilər. Əks halda, Rusiyanın indiyə qədər bir neçə dəfə təkrarladığı sülh şərtlərində israr edəcəyi qətiyyən şübhə doğurmur. Və bu baxımdan, hər iki tərəf üçün həlledici mərhələnin başlandığını düşünmək olar.(Musavat.com) Вернуться назад |