Главная > Siyasət > Paşinyan 2024-ün sonunadək barış sazişi üçün şərtləri yerinə yetirmək məcburiyyətindədir - 2025-ci ilin ilk günlərində isə...
Paşinyan 2024-ün sonunadək barış sazişi üçün şərtləri yerinə yetirmək məcburiyyətindədir - 2025-ci ilin ilk günlərində isə...8-08-2024, 16:00. Разместил: admin |
2024-cü ilin bitməsinə 5 aydan da az vaxt qalır. Bu il Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacağına dair proqnozlar, gözləntilər olsa da, İrəvan xarici təsir dairələrinin boyunduruğundan çıxa bilmədiyi üçün bunun reallaşması mümkün olmur. Hətta belə rəylər də var ki, COP29-dək hansısa bir çərçivə sazişi imzalana və nəticədə noyabrda Paşinyan Bakıda keçiriləcək qlobal tədbirə dəvət oluna bilər. Ancaq görünən budur ki, ilin sonunadək hansısa müqavilənin imzalanması inandırıcı deyil. Düzdür, hazırda ölkələr arasında yazışmalar davam edir, təkliflər göndərilir və s. Ancaq Ermənistan sülh üçün gərəkən şərtlərə əməl etmir, ona görə də proses yubanır. Bəs qarşıdakı 4 ayda nə baş verə bilər? Mümkündürmü sülh gündəliyi üzrə proses sürətlənsin və hansısa nəticələr əldə olunsun? Əgər Ermənistan sülhdən davamlı qaçarsa, nəticə nə ola bilər və Azərbaycanın səbri haradək olmalıdır? Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva gələn ilin əvvəllərini region üçün çalxantılı görür: “Hazırkı prosesləri diqqətlə nəzərdən keçirdikdə görürük ki, bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında böyük sülh sazişinin imzalanması inandırıcı deyil. Danışıqların kulisində müzakirələrin hansı müstəvidə olmasından xəbərsizik. Ara-sıra tərəflər bir-birinə təkliflər göndərirlər. Daha sonra həmin təkliflərə siyasi mərkəzlərin cavabları hazırlanır. Amma görünən odur ki, sülh prosesindən yayınan Ermənistan tərəfidir. İrəvan hazırda sürətlə silahlanma yolunu tutaraq Azərbaycandan revanş almaq istəyir. İran, Yunanıstan kimi ölkələrin siyasi dəstəyini alaraq Azərbaycana qarşı sərt ritorikalar səsləndirir. Üstəlik, Ermənistanın Hindistan və Fransadan müəyyən silahlar alması ilə bağlı məlumatlar dolaşmaqdadır. Bunların bəzilərini silah satan ölkələrin özləri də təsdiqləyirlər. Bütün bunlar İrəvanın sülhdən yayınmasının əsas göstəricisidir. Bakının sülh sazişi ilə bağlı mövqeyi qətidir. Ermənistan ilk növbədə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir. Bundan başqa işğal altında saxladığı 4 kəndi də Azərbaycanın nəzarətinə qaytarmalıdır. Geridə qalan 8 ay ərzində bunlar baş verməyib. Qarşıdakı 4 ay ərzində Ermənistanın öz konstitusiyasına dəyişiklik etməsi, rəsmi şəkildə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməsi inandırıcı görünmür. Silahlanmaqla Ermənistan yeni eskalasiya və təxribatlara hazırlıq içərisində olduğunu sərgiləməkdədir. Əgər hadisələrin axarı bu istiqamətdə gedərsə, ilin son günlərində bölgədə vəziyyət qarışa bilər. Hazırkı məqamda qarşıdurmalar inandırıcı görünmür. Birincisi, Azərbaycan COP29 kimi önəmli bir tədbirə ev sahibliyi etməyə hazırlaşır. Dünyanın gözü və özü bu müddətdə Azərbaycanda olacaq. Ermənistanın belə bir məqamda Azərbaycana qarşı təxribat planları hazırlaması İrəvanın intiharına səbəb ola bilər. İkincisi, bu il Azərbaycanda seçkilər ilidir. Sentyabrda Milli Məclisə, dekabrda isə bələdiyyələrə seçkilər keçiriləcək. Ermənistanın daxilində də vəziyyət ürəkaçan deyil. Nikol Paşinyan payız-qış dönəmində ölkədəki siyasi nəzarətini daha da möhkəmləndirmək istəyəcək. 2025-ci ilin ilk günləri isə Nikol Vovayeviç üçün əsl sınaq imtahanı olacaq. Paşinyan bu imtahandan kəsilməmək üçün Azərbaycanın diqtə etdiyi məsələlərə qeyd-şərtsiz "hə" deməlidir. Zəngəzur dəhlizinin açılmasını tezləşdirməlidir. Əgər bu baş verməsə və Qərb Ermənistana görə böyük iqtisadi imkanlardan məhrum olsa, o zaman onu hakimiyyətə gətirən Qərbdəki havadarları devirəcəklər. Güman edirəm ki, 2025-ci ilin ilk rübü Cənubi Qafqaz üçün bu mənada bir qədər çalxantılı ola bilər". AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Azərbaycan tərəfin konkret məsələ qaldırmasının vacibliyini vurğuladı: “Sülhdən uzaqlaşma prosesi gedir. Bunun da tək günahkarı Ermənistan tərəfidir. Şərti sərhəddə erməni tərəfinin provokasiyaları artıb. Son dəfə Azərbaycan Müdafiə Nazirliyi düşmən tərəfə çox sərt xəbərdarlıq etdi. Ermənistan Fransa, Hindistan tərəfindən silahlanır. Gürcüstan və İranın isə ərazisindən silahlanmaq üçün istifadə edir. Azərbaycan artıq konkret məsələ qaldırmalıdır. Özü də təkcə Ermənistan tərəfinə deyil, həm də tərəfdaşlıq və diplomatik münasibətdə olan digər qonşuları Gürcüstan və İrana. Yuxarıda qeyd etdiyim son iki qonşumuzdan konkret izahat almalıyıq ki, onların ərazisindən daha Azərbaycana qarşı heç kəs silahlanmayacaq. Ermənistana isə son xəbərdarlığımız olmalıdır ki, silahlanma və revanşist ideyalardan əl çəkməlidirlər. Konstitusiyalarında dəyişikliklərlə bağlı Azərbaycanın tələbini dərhal yerinə yetirməlidirlər. Əks halda, son 10 ildə olduğu kimi Azərbaycanın təklifləri yerinə yetirilməsə, bunu güc yolu ilə həll etməyə qadirdir. Əgər ermənilər çox yaxın keçmişlərindən nəticə çıxartmaq istəmirlərsə, bu artıq onların problemidir. İlin sonunda hərbi eskolasiya gözləyirəm. Ermənistanla şərti sərhəd istiqamətində Azərbaycan tərəfinin növbəti vacib amilə çevrilir. Heç nədən nəticə çıxartmaq istəməyən, heç nəyi başa düşmək istəməyən düşməni sülhə təhrik etmənin tək yolu hərbi güc tətbiq etmədən keçir. Necə ki, bunu Azərbaycan bir neçə dəfə reallıqda dünyaya göstərib və yenə də göstərməlidir”. Ədalət, Hüquq və Demokratiya partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı hesab edir ki, Qafqazda sülhün baş tutması üçün Türkiyə və Rusiya amili mütləq nəzərə alınmalıdır: “Əvvəlcə ondan başlamalıyıq ki, indiki vəziyyətdə Azərbaycan Ermənistanla sülh sazişini imzalamalıdırmı? Bu gün dövlət maraqlarımız onu tələb edir ki, Naxçıvana maneəsiz gediş-gəliş təmin olunmayana qədər nə sülh sazişi imzalamalıyıq, nə də Ermənistanla kommunikasiya xətləri açılmalıdır! Hamımız açıq şəkildə görürük ki, Ermənistan öz "bacısı" Fransa və İranın təzyiqi ilə Naxçıvana maneəsiz gediş-gəlişi təmin etməyə hazırlaşmır. Sülhə nail olmaq üçün Türkiyə, Azərbaycan və Rusiya Ermənistana reveranslar etməməli, əksinə, təzyiqləri artırmalıdır. Qardaş Türkiyə rəsmiləri də bilir ki, Naxçıvanla quru sərhədləri açılmasa və Ermənistanla Azərbaycan sülh sazişi imzalamayana qədər Türkiyə ilə Ermənistan arasında sərhədləri açmaq olmaz. Bu baş versə, Azərbaycana böyük ziyan vurmuş olar. Ermənistan öz öhdəliyini yerinə yetirməsə, Azərbaycan güc tətbiqi ilə onu buna məcbur etmək barədə düşünməlidir. Sülh sazişi Türkiyə və Rusiyanın vasitəçiliyi və iştirakı ilə imzalanmalıdır. Cənab prezident İlham Əliyev öz tərəf müqabillərinə münasibətdə səmimi və etibarlı olması ilə diqqət çəkib və bunu həmişə vurğulayıb. Prezident sözünə imzası qədər sadiqdir. Bu davranış Azərbaycana uğur gətirib, Qarabağı azad etmişik. O, özünə və Azərbaycana münasibətdə də tərəfdaşlarından bunu tələb edib, fərqli münasibəti qəbul etməyib. İndi Türkiyə və Rusiyaya deyə bilmərik ki, zamanında Azərbaycana sülhməramlı əsgər göndərmisiniz, qələbəmizin əldə olunmasına dəstək vermisiniz, yaxud mane olmamısınız, Rusiya, sənin iştirakınla üçtərəfli atəşkəs haqqında saziş imzalamışıq, amma indi dayanın kənarda, biz Qərbin vasitəçiliyi ilə Ermənistanla sülh sazişi imzalayırıq. Onu da deyim ki, bu gün Qərb nə qədər səmimidir Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunmasına? Hər dövlətin öz marağı var və biz bunu nəzərə almalı, Türkiyə və Rusiya da sülh sazişinin imzalanmasında iştirak etməli, bundan faydalanmalıdır. O zaman sülh daha təminatlı olar. Ermənistan nə qədər tez bunu başa düşsə, Fransa və İranın yox, öz dövlət maraqlarını önə çəksə, regional əməkdaşlığa üstünlük versə, sülhə bir o qədər tez yaxınlaşarıq. Qərb qəti şəkildə narahat olmamalıdır sülh sazişinin əldə olunmasında Türkiyə ilə Rusiyanın iştirakından. Nədən narahatdırlar ki?! Qafqazda sülhün baş tutması üçün Türkiyə və Rusiya amili mütləq nəzərə alınmalıdır. Qərb bu gün Ermənistanı silahlandırmamalıdır. Bu, çıxış yolu deyil. Ermənistanı Rusiya 30 il silahla təmin etdi, nəticə nə oldu?! Minlərlə gənc həyatını itirdi. Ermənistan öz gələcəyini düşünməli və həqiqi sülh sazişini qısa müddətdə imzalamalıdır. Bunun başqa yolu Ermənistanda daha böyük faciələrə yol aça bilər". “Yeni Müsavat” Вернуться назад |