Главная > Siyasət > Tehranın yenə Zəngəzur sancısı tutub - ZİBİLƏ DÜŞMÜŞÜK...
Tehranın yenə Zəngəzur sancısı tutub - ZİBİLƏ DÜŞMÜŞÜK...31-07-2024, 15:30. Разместил: admin |
İranın Ali Dini Lideri Seyid Əli Xameneyi yenə eyni bayatını oxuyub. Ermənistanın baş naziri Nikol Paşinyanı Tehranda qəbul edərkən, Xameneyi belə deyib: "Zəngəzur dəhlizi Ermənistana ziyan vurur və İran bu mövqedə möhkəm dayanır". Bununla da ürəyi soyumayıb, ermənilərə daha bir kompliment göndərib: “İran-İraq müharibəsində İran ermənilərinin böyük rolu olub və mən şəxsən İranda çoxlu sayda erməni ailələrinə baş çəkmişəm”. Dini lider özü, eləcə də, yenicə seçilmiş Məsud Pezeşkian da daxil olmaqla İran əhalisinin az qala yarısı türkdür. Kim Təbrizin Şəhidlər Xiyabanında olubsa, gözləri ilə görüb: İran-İraq müharibəsində şəhid olmuş türklərin dəfn edildiyi məzarlığın ucu-bucağı görünmür. Amma Xameneyi "ermənilərin böyük rolu" haqqında nağıl danışır. Necə ola bilər ki, İranda yaşayan bir neçə on min erməni o müharibədə bir neçə on milyon Azərbaycan türkündən daha böyük rol oynasın. Ermənilərin şəninə mədhiyyə ədəbiyyatı quraşdıranda, barı heç olmasa, öz ölkənin demoqrafik riyaziyyatını da yaddan çıxarmayasan. Elementar arifmetikanı unutmayasan, hələ mən şəhidlik mərtəbəsinə hörməti demirəm. Spirtli içkinin qadağan edildiyi İranda spirtli içki biznesinin az qala monopoliyasını qurmuş ermənilərin alverdən başı nə vaxt ayılmışdı ki, İraqa qarşı da vuruşsunlar?! Dünyanın harasında yaşamasından asılı olmayaraq, dünya erməniliyi ortaq düşüncə və ortaq qərarlarla hərəkət edib. İranda ev xanımları da bilir ki, mərkəzi ABŞ-da, Qərbi Avropada olan erməni diaspor mərkəzləri İranın 70-ci illərin sonunda İranda qurulmuş İslamçı rejimin zəifləməsində maraqlı idi. İraqla müharibədə ermənilərin "böyük rol" oynaması o Qərb mərkəzlərinin marağında ola bilməzdi. Hətta vuruşublarsa da, onların sayı müharibədə "böyük rol" üçün kifayət edə bilməz. Çünki əhali nisbətində çox cüzidir. Hə, erməni sənətkarlar bəlkə fars əsgərlərinə təbii ehtiyacları ödəmək üçün çoxlu aftafa düzəldiblər, onu deyə bilmərik. O ki qaldı, Zəngəzur məsələsinə, İran niyə Ermənistandan çox canfəşanlıq edir? Heç Paşinyan özü: "Zəngəzur dəhlizi Ermənistana ziyan vurur" demir. Onda İrana nə düşüb ki, "bu mövqedə möhkəm dayanıb"?! Roma Papasından çox katolik olmaq, bu olsa gərək. İran heç olmasa bir azca da Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə bağlanması məsələsində "möhkəm dayanıb" İrəvanı haqq yoluna çağırsa, dünya dağılmaz! Bir də fikirləşirəm, görəsən, bu günlərdə Ermənistan ABŞ-la birlikdə İranın sərhədləri yaxınlığında hərbi təlim keçirəndə Ali Dini Lider, görəsən, hansı mövqedə möhkəm dayanmışdı?! Axı elə özünün "Böyük Şeytan" dediyi Amerikadan söhbət gedir. Xameneyi o "Böyük Şeytan"ın hakimiyyətə gətirdiyi "balaca şeytan"a niyə bu qədər geniş qucaq açsın ki?! Vallah, bunların işlərindən şeytan da baş çıxarmaz. Bizimyol.info Вернуться назад |