Главная > Siyasət > Bakının tələbi yerinə yetirilməlidir - GƏLİŞMƏ

Bakının tələbi yerinə yetirilməlidir - GƏLİŞMƏ


4-07-2024, 10:00. Разместил: admin
Bakının tələbi yerinə yetirilməlidir - GƏLİŞMƏ


Hazırda Ermənistan konstitusiyasının dəyişdirilməsi gündəmin əsas mövzularından biridir. Çünki bu ölkənin konstitusiyasının dəyişdirilməsi Azərbaycanın əsas tələbləri sırasındadır. Səbəb isə burada Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Ermənistan Cənubi Qafqazda sülhün tərəfdarıdırsa, Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Dövlətimiz rəsmi səviyyədə bununla bağlı qarşı tərəfə dəfələrlə xəbərdarlıq edib.
Nəzərə almaq lazımdır ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasında “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli “Ermənistan SSR-ə yenidən birləşmək haqqında” birgə qondarma qərar yer almaqdadır. Yəni rəsmi olaraq Ermənistan hələ də 4.4 min kv km-lik Azərbaycan torpağına iddia ortaya qoyur. Qeyd edək ki, dövlət başçısı İlham Əliyev növbəti dəfə Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbini gündəmə gətirib. Ölkə başçısı qeyd etdi ki, konstitusiya dəyişmədiyi müddətdə sülh sazişinin imzalanması mümkünsüzdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu mövzuya Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən toxunub.
Dövlət başçısı torpaqlarımızın işğalı dövründə orada etnik təmizləmə və soyqırımının törədildiyini, ərazilərimizin kütləvi şəkildə dağıdıldığını qeyd edib. Prezident İlham Əliyev həmin dövrdə münaqişənin həlli ilə bağlı çox böyük səylər göstərildiyini, lakin bu səylərin uğursuz olduğunu bildirib.
Prezident qeyd edib ki, hazırda biz ikitərəfli səviyyədə daha yaxşı nəticələr görürük: “Kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik. Azərbaycan Prezidenti qeyd etdi ki, düzdür, hələ sülh müqaviləsi imzalanmayıb, lakin artıq sərhədlərin delimitasiyasına nail olunub”.
Ölkə başçısı bir məqamı da vurğulayıb ki, Ermənistan 28 illik bir dövrdə beynəlxalq hüququn fundamental prinsipləri ilə razılaşmaq istəmədi. Onlar bütün humanitar qanunları pozdular, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə məhəl qoymadılar: “Heç kim onlara zərrə qədər də irad tutmurdu. Münaqişə barədə danışan bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyunə sadiqlik bəyan etmirdilər. İndi biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik. Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir. Bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi. Bəli, bir sıra Qərb ölkələrində ermənipərəst sentimentlərin mövcudluğu, erməni diasporunun rol oynaması məlumdur. Amma beynəlxalq hüquqa gəldikdə bu emosiyalar kənara qoyulmalıdır. Lakin bunu anlamaq önəmlidir ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsi çətindir. Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi. Çünki bu, bizim daxili məsələmizdir. Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir. Dövlətimizin başçısı bildirdi ki, buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov da “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistanla Azərbaycan arasında hazırda sülh gündəliyinə, sülh sazişinin razılaşdırılmasına ən ciddi hüquqi maneələrdən biri məhz Ermənistan konstitusiyasının preambula hissəsində istinad olunan Ermənistanın Müstəqillik Bəyannaməsindəki Azərbaycana ərazi iddialarıdır:

"Bəlkə də, Ermənistan konstitusiyası dünyada analoqu olmayan konstitusiyadır ki, orada başqa dövlətlərə qarşı ərazi iddiasını əks etdirən məqamlar öz əksini tapıb. Burada Azərbaycana qarşı faktiki olaraq ərazi iddiaları yer alır. Ona görə də Azərbaycan dövlətinin haqlı olaraq bununla bağlı tələbləri var. Əgər Ermənistan, həqiqətən də, sülhdə səmimidirsə, münasibətləri birdəfəlik olaraq normallaşdırmaq istəyirsə, buna mane olan bütün maneələri aradan qaldırmalıdır”.
Politoloqun sözlərinə görə, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları konstitusiya ilə yanaşı bu ölkənin bir sıra digər aktlarında da yer alır. Ona görə də həm konstitusiyadakı, həm də digər qanunvericilik aktlarındakı Azərbaycanın ərazi bütövlüyünə qarşı olan müddəalar ləğv edilməlidir: "Azərbaycan dövlətinin artıq ən yüksək səviyyədə bu tələbi irəli sürülüb. Ermənistanın hələ də bu tələbi yerinə yetirməməsi sülh danışıqlarına mənfi təsir göstərir, daha çox sülhü pozmaq məqsədi daşıyır. Dayanıqlı sülhün formalaşması üçün bu tələbin yerinə yetirilməsi ən zəruri element hesab olunmalıdır. Çünki biz beynəlxalq sənədlərdə də görürük ki, yerli qanunvericilik, xüsusilə konstitusiya bir sıra beynəlxalq normativ hüquqi aktlara qarşıdırsa, deməli, beynəlxalq hüququn pozulması anlamı daşıyır. Əgər geopolitik reallıqlar dəyişibsə, bu gün Ermənistan konstitusiyası buna ziddir. Gələcək nəsillər üçün heç bir münaqişə elementi qoymamalıyıq. Bunu Ermənistan nəzərə almalıdır”.


Вернуться назад