Главная > Siyasət > Azərbaycan-NATO münasibətlərində YENİ FAZA... - ƏSLİNDƏ...

Azərbaycan-NATO münasibətlərində YENİ FAZA... - ƏSLİNDƏ...


3-07-2024, 14:22. Разместил: admin


İyulun 2-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiks ilə görüşüb.

Görüş zamanı NATO ilə münasibətlərin cari vəziyyətinin yüksək səviyyədə olduğunu bildirib.

Azərbaycan-NATO əməkdaşlığının bundan sonra da hər iki tərəf üçün faydalı olacağı və səmərəli görüşlərin davam etdiriləcəyi əminliklə qeyd edilib.

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına böyük töhfə verdiyini bildirən general-polkovnik K.Vəliyev bunun yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

General-mayor S.Fiks isə öz növbəsində Azərbaycana növbəti səfərindən məmnun olduğunu qeyd edib. Azərbaycan ilə qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda, eləcə də NATO ilə tərəfdaşlıq çərçivəsində digər sahələrdə peşəkar fəaliyyətinin müsbət qiymətləndirildiyi qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Hərbi ekspert Ədalət Verdiyev "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan-NATO münasibətləri 30 ildən bəri inkişaf edir:

"Azərbaycanla NATO arasındakı münasibətlər qarşılıqlı etimad üzərinə qurulub. Azərbaycan Respublikası 4 may 1994-cü ildə NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulduqdan sonra bu münasibətlər beynəlxalq müstəviyə keçib. Rəsmi Bakı NATO ilə birgə genişmiqyaslı sülhməramlı fəaliyyət ilə bərabər digər məsələlərdə də Alyansa dəstək verib. Qeyd edim ki, Azərbaycan öz hava məkanını NATO təyyarələrinə açıq elan edib. Tərəflər əməkdaşlıqlarından məmnunluğunu dəfələrlə bildirib. Hesab edirəm ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiks ilə görüşü gələcəkdə Azərbaycan hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq proqramları çərçivəsində ordumuzun potensialının bir çox sahədə inkişafında mühüm rol oynayacaq".


Вернуться назад