Главная > Siyasət > Zəngəzur dəhlizi şaxələnəcək: Hər iki ölkədə... - GƏLİŞMƏ

Zəngəzur dəhlizi şaxələnəcək: Hər iki ölkədə... - GƏLİŞMƏ


1-07-2024, 16:00. Разместил: admin


"Şimal-Cənub və Qərb-Şərq dəhlizləri Azərbaycanın regional iqtisadi və nəqliyyat qovşaqlarına çevrilməsində mühüm rol oynayacaq".

Bu sözləri enerji və iqtisadi məsələlər üzrə ekspert Zəfər Vəliyev "Cebhe.info"-ya şərhində İranda bu yaxınlarda istifadəyə verilmiş, Fars körfəzi ilə Xəzər dənizini birləşdirəcək Xəzər-Rəşt dəmiryol xəttinin Azərbaycan üçün prioritetləri barədə fikirlərini bölüşərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Rusiya-İran əməkdaşlığı çərvəsində Şimal-Cənub dəhlizinin reallaşması üçün atılan addımlar öz bəhrəsini verəcək.

""Şimal-Cənub" Beynəlxalq Nəqliyyat dəhlizinin inkişafı, daha sürətli və ucuz ticarət yolları Azərbaycana karbohidrogenlərdən kənar iqtisadiyyatının şaxələndirilməsi üçün zəruri olan texnologiyalara və təcrübəyə çıxış imkanı verəcək. Eyni zamanda, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirəcək layihədir.

Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzinə, Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq".

Ekspertin sözlərinə görə, Orta Dəhliz də Azərbaycan iqtisadiyyatının şaxələnməsinə öz töhfəsini verəcək:

"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafı Azərbaycanda və region ölkələrində ticarətin, yaşıl enerjinin, yeni sənaye sahələrinə investisiyanın, həmçinin nəqliyyat və rəqəmsal infrastrukturun genişləndirilməsinə diqqət yetirəcək. Bununla yanaşı, Orta Dəhlizin gücləndirilməsi regionda yeni, transformativ iqtisadi imkanlar yaradacaq və mövcud kommersiya dəhlizlərinə alternativ nəqliyyat marşrutu təqdim edəcək".

Z.Vəliyev Zəngəzur dəhlizinin hər iki dəhliz üçün əhəmiyyətinə də toxunub:

"Zəngəzur dəhlizinin əhəmiyyəti yeni nəqliyyat yolunun keçdiyi hər bir ölkədə yerli inkişafı stimullaşdırıcı faktor kimi çıxış etməsidir. Nəzərə almaq lazımdır ki , Zəngəzur dəhlizi hər iki ölkənin zəif inkişaf etmiş iqtisadi rayonlarından keçir. Dəhlizin inkişafı hər iki ölkədə yerli iqtisadi yüksəlişə ciddi töhfə verəcək. Zəngəzur dəhlizinin inkişafı gələcəkdə onun şaxələnməsinə də səbəb olacaq".


Вернуться назад