Главная > Siyasət > Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ16-05-2024, 12:24. Разместил: admin |
Fransa hakimiyyəti müstəqillik uğrunda mübarizə aparan Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edib. Fransa Daxili İşlər Nazirliyi uzun müddət həbsxana koloniyası kimi fəaliyyət göstərən və hazırda Fransa hərbi bazasının yerləşdiyi adaya əlavə polis qüvvələrinin göndərildiyini açıqlayıb. Nazirliyin məlumatına görə, 82 nəfər həbs edilib, 54 polis və jandarm yaralanıb. Hava limanı bağlanıb, onlarla reys təxirə salınıb. Uzun illərdir yerli kanak əhalisi ilə onun müstəqillik arzusunu boğmağa çalışan müstəmləkəçilər arasında gərginlik yaşanır. Son günlərdə gərginlik açıq qarşıdurmalara keçib. Fransa DİN arxipelaqda iki günlük komendant saatı və toplantılara qadağa qoyulduğunu elan edib. Müstəqillik tərəfdarı olan Kaledoniya Birliyi Partiyasının sədri Daniel Qoa sakitliyə çağırıb. Lakin bildirib ki, etirazlar “gənclərimizin daha Fransanın onları idarə etməsinə icazə verməmək əzmini göstərir”. Bakı Təşəbbüs Qrupu da Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunmasına və mülki şəxslərə qarşı zorakılığa dair bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, Yeni Kaledoniyada baş verən hadisələr, Fransa hakimiyyəti tərəfindən həyata keçirilən son həbslər və komendant saatının tətbiqi ciddi narahatlıq doğurur. Qeyd olunub ki, Fransa təhlükəsizlik qüvvələrinin kanak xalqına qarşı törətdiyi zorakılıq qəbuledilməzdir: "İctimai toplantıların qadağan edilməsi və müstəqillik tərəfdarlarının həbsi bu məsələnin davamlı həlli hesab edilə bilməz. Fransa Senatı və Milli Assambleyası Yeni Kaledoniyada qanunsuz konstitusiya dəyişikliklərini dayandırmalıdır. Təklif olunan dəyişikliklər məqsədyönlü şəkildə seçki elektoratını qeyri-kanaklar hesabına artırmaq məqsədi daşıyır. Bu da öz növbəsində haqlı olaraq insanların narazılığına, habelə etiraz və nümayişlərinə səbəb olub. Təəssüf ki, Yeni Kaledoniyada təklif edilən konstitusiya dəyişiklikləri ilə əlaqədar paytaxt Numea şəhərində və ətraf ərazilərdə keçirilən ümumi etirazlardan sonra Fransa təhlükəsizlik qüvvələri səfərbər edilib, komendant saatı tətbiq olunub. Toqquşmalar nəticəsində 82 mülki şəxs hüquq-mühafizə orqanları tərəfindən həbs edilib". Bəyanatda diqqətə çatdırılıb ki, kanak xalqının rəyi nəzərə alınmadan Konstitusiyaya təklif olunan son dəyişikliklər, dinc etiraz aksiyalarında iştirak edən mülki şəxslərə qarşı zorakılıq və həbslər bir çox qanunların, o cümlədən insan hüquqlarının, ifadə azadlığının, xüsusən də Fransanın beynəlxalq öhdəliklərinin kobud şəkildə pozulması ilə müşayiət olunub: "Paytaxt Numea şəhərində, həmçinin ətraf ərazilərdə baş vermiş və insan həyatı üçün təhlükə yaradan hadisələr Bakı Təşəbbüs Qrupu olaraq bizi dərindən narahat edir. Hüquq-mühafizə orqanlarının fundamental insan hüquqlarına hörmət etməsi məcburidir. Fransa polisinin etirazçılara qarşı həddən artıq güc tətbiq etməsi bütün vətəndaşların təhlükəsizliyini və ləyaqətini təhdid altına qoyur. Biz kanaklı dostlarımızla həmrəyik və onların ədalətli mübarizəsində daim yanlarındayıq. Fransa hökumətindən kanak xalqının qərarının nəzərə alınmasını tələb edirik. Bakı Təşəbbüs Qrupu olaraq dinc dialoqun, insan hüquqlarına hörmət və əsas problemlərin ədalətli həllinin tərəfdarıyıq. Öz müqəddəratını təyinetmə hüququ hər bir xalq üçün əsasdır və biz öz xalqı üçün daha yaxşı, layiqli gələcək istəyənləri dəstəkləyirik”. Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında bildirib ki, Fransanın bu davranışı yeni deyil və Fransa istər yeni Kaledoniya, istərsə digər müstəmləkə torpaqlarında, Afrikanın böyük bir hissəsində illər boyu hər kəsə divan tutmaqla məşğul olub və hələ də olmaqdadır. Ekspertin sözlərinə görə, sadəcə olaraq Fransanın əlindəki imkanlardan çəkinən dünyanın bir çox dövlətləri bunu dilə gətirmir, ictimailəşdirmirdilər: "Amma Azərbaycan ədalətin, haqqın yanında olduğuna görə bu məsələni təkcə daxili ictimai rəydə deyil, qlobal səviyyədə də dilə gətirməkdədir. Yəni Fransanın əzməkdə olduğu xalqların haqq-hüquqlarını Azərbaycan dövləti qorumaqla məşğuldur. Niyə Fransa belə davranır? Təbiidir ki, əsarətdə saxlamaq üçün əzməlisən, məhv etməlisən. Özümüz iki yüz ilə yaxın rus əsarətində qalmış xalq kimi bunun nə demək olduğunu yaxşı bilirik. Bizi əzirdilər, dilimizi, mədəniyyətimizi, milli kimliyimizi məhv edirdilər, qul kimi işlətmək istəyirdilər. Yəni 200 il ərzində bənzər hadisələr bizim də başımıza gəlib. O mənada Fransa da fərqli şey etmir və əsarətdə saxladığı xalqlara qarşı amansız, qeyri-insani davranır. Ona görə də Fransadan bu məsələlərdə beynəlxalq səviyyədə qəbul olunmuş insan hüquqları standartlarını gözləməyə dəyməz". A.Həsrətin sözlərinə görə, bizi başqa sual düşündürür: "Necə olur ki, uzun illər ərzində Fransa dövləti bu xalqları əzməyə davam edir, beynəlxalq insan hüquqları qurumları buna biganə qalırlar? Necə olur ki, onlar bunu dünyadan gizlətməyə çalışırlar? Bir daha biz əmin oluruq ki, Azərbaycanın beynəlxalq qurumlarla bağlı dediyi ikili standart boş söz deyilmiş. Həqiqətən, Fransanın yüz illərdir əzdiyi xalqlarla bağlı bir kəlmə belə danışılmır. Lakin Azərbaycanda hansısa iki nəfər yolun ortasında sözü çəp gəlib dalaşanda bunu dövlətin insan haqlarını pozması kimi qələmə verirlər. Fransanın özündən demokratiya, insan haqları, yüksək dəyərlər deyə bir şey gözləməyə dəyməz. O dəyərlər fransız milləti üçündür. Amma Fransanın müstəmləkə altında tutduğu xalqlar üçün yoxdur. Yəni fransız deyilsənsə, ikinci növsən və əzilməlisən. Fransa dövlətinin yanaşması budur". Вернуться назад |