Главная > Siyasət > Qərbin qalmaqallı “gizli planı” ifşa olundu: Ukrayna əraziləri Rusiyaya satılacaq
Qərbin qalmaqallı “gizli planı” ifşa olundu: Ukrayna əraziləri Rusiyaya satılacaq9-04-2024, 09:19. Разместил: admin |
Qərb Ukraynanı NATO-ya qəbul etməklə, təhlükəsizliyinə təminat vermək, Kremli isə Krım və Donbassı Rusiya ərazisi kimi tanıyaraq, sakitləşdirmək niyyətindədir... Əvəzindəsə, Rusiyanın “dondurulmuş” 250 milyard dollarlıq vəsaitini Ukraynanın bərpasına yönəltməklə, əlavə xərcə düşməkdən yayınmağı planlaşdırır... ABŞ və Qərb Ukrayna savaşına nəzarəti itirməyə başlayıb. Belə ki, rəsmi Kiyevə göstərilən beynəlxalq dəstəyin zəifləməsi Ukrayna ordusunun döyüş qabiliyyətini sürətlə aşağı salmaqdadır. Qərbdə bəzi siyasi dairələr Ukrayna savaş poliqonunda hərbi təşəbbüsün tədricən Rusiyanın tərəfinə keçməkdə olmasından narahatdır. Və bu prosesin dərinləşməsi Qərb, xüsusilə də, Avropa ölkələri üçün olduqca ciddi təhlükə hesab olunur. Onu da qeyd etmək lazımdır ki, rəsmi Kiyev də ABŞ və Qərbin Ukraynaya hərbi və maliyyə dəstəyinin zəifləməsinə narazılığını son vaxtlar daha açıq mətnlə ifadə etməklə, diqqəti çəkir. Hətta prezident Volodimir Zelenski bu mövzuda Qərb siyasi dairələrini sərt şəkildə tənqid etməyə də başlayıb. Ukrayna prezidenti hesab edir ki, Qərbdə prinsipial dəstək qərarlarının gecikdirilməsi və ya ümumiyyətlə, müxtəlif səbəblərlə bloklanması savaşın mövcud nəticələrinə neqativ təsir edir. Və indi Ukrayna ordusu silah-sursat qıtlığı ilə üzləşdiyindən müdafiə edəcəyi şəhərləri strateji əhəmiyyət baxımından, seçmək məcburiyyətində belə, qalıb. Rəsmi Kiyev mövcud situasiyanın Ukrayna dövlətçiliyinin gələcək taleyini ciddi təhlükə altında buraxdığı qənaətindədir. Belə hesab olunur ki, ABŞ və Qərb ən qısa zamanda Ukraynanın xilas edilməsi naminə yardım prosesini yenidən bərpa etməlidir. Üstəlik, Ukraynaya yardımların göstərilməsinin indi Avropa Birıiyi ölkələri üçün də taleyüklü xarakter daşıdığı qabardılır. Əsas arqumentsə, ondadn ibarətdir ki, Ukrayna məğlub olarsa, Rusiyanın Avropaya yolu açılmış olacaq və nəticədə Kreml Qərb dövlətləri sırasından yeni hərbi hədəflər müəyyən edəcək. Maraqlıdır ki, Qərb ölkələrini Ukraynaya hərbi dəstəyi bərpa etməyə çağıran NATO-nun baş katibi Yens Stoltenberq də təxminən oxşar mövqedədir. Onun fikrincə, Qərb ölkələri Ukraynaya yardım göstərərkən, bunun xeyriyyəçilik ilə qarışdırmamalıdırlar. Çünki bu, əslində, NATO ölkələrinin öz gələcək təhlükəsizlik maraqlarına investisiya yatırması anlamı daşıyır. Yens Stoltenberq hesab edir ki, Rusiyanın hərbi potensialının bir hissəsinin NATO əsgərlərinin iştirakı olmadan, Ukrayna ordusu sayəsində sıradan çıxarılması Qərb üçün böyük nailiyyətdir. Belə anlaşılır ki, NATO və Qərbdə bəzi siyasi dairələr Ukrayna savaşının hələ bir müddət də, hətta mümkün olduğu qədər uzadılamsında birbaşa maraqlıdırlar. Üstəlik, Ukrayna siyasi dairələrində də Rusiya ilə müharibənin illərlə davam edə biləcəyi ilə bağlı qənaət formalaşıb və bu mövzunun aktiv şəkildə müzakirə edildiyi də bildirilir. Halbuki, Qərbin yardımlarının daha da zəiflədiyi indiki situasiyada Rusiyanın qələbə şanslarının artdığı da iddia edilir. Və bu baxımdan, Ukrayna savaşı ətrafında qeyri-müəyyən situasiyanın dərinləşməkdə olduğu qətiyyən şübhə doğurmur. Hələlik bu qeyri-müəyyənlikdə Ukrayna savaşı ilə bağlı problem həll edə biləcəyini yalnız ABŞ prezidentliyinə namizəd olan Donald Tramp vəd edir. Onun fikrincə, bu savaşı hətta 24 saat ərzində dayandırmaq mümkündür. Buna nail olmaq üçünsə, Ağ Evin keçmiş sahibi həm Rusiyanın, həm də Ukraynanın “siyasi qürur”unun toxunulmazlığını təmin etməyin vacibliyini vurğulayır. Donald Trampın əsas təklifi isə ondan ibarətdir ki, situasiya 2014-cü ildə olan sərhədlərə qaytarılmalıdır, Ukrayna Krım və Donbassın Rusiyanın nəzarətinə keçməsinə razılaşmalıdır. Təbii ki, rəsmi Kiyev bu variantla razılaşmaq niyyətində deyil. Ancaq bununla belə, Qərbin dəstəyinin zəiflədiyini nəzərə alan Ukrayna siyasi dairələri Rusiya ilə danışıqlara meyilli olduqlarını da qətinyyən inkar etmirlər. Ukrayna savaşında ciddi maraqları olan bəzi Qərb siyasi dairələri isə Donald Trampın mövqeyindən, eləcə də onun Rusiya ilə münasibətlərindən narahatdırlar. Ona görə də, ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər Ukrayna savaşını özlərinə daha məqbul şərtlər daxilində həll etmək niyyətinə düşüblər. Və hesab edirlər ki, yalnız bu halda, Rusiyanı müəyyən “qırmızı cizgilər” daxilində tutmaq mümkün ola bilər. Maraqlıdır ki, dünya mətbuatında Qərb siyasi dairələrinin Ukrayna savaşı ilə bağlı müzakirə etdiyi “gizli plan”ın bəzi detalları barədə məlumatlar yayılıb. Həmin məlumatlara görə, hazırda Rusiyanın nəzarətində olan ərazilərin taleyi ilə prinsipial qərarların verilməsi nəzərdə tutulur. Rəsmi Kiyevin müəyyən güzəştlərə sövq edilməsinin yolları axtarılır. Əgər, bu, mümkün olarsa, Ukraynanın geri qalan hissəsinin NATO-ya və Avropa Birliyinə üzvlüyü planlaşdırılır. Və bu halda, dünyada hərbi-siyasi situasiyanın stabilləşə biləcəyi vurğulanır. Belə hesab olunur ki, Ukrayna NATO-ya üzv olarsa, Rusiya bu ölkəyə hücum etməyə cəsarət göstərməz. Eyni zamanda, NATO dövlətinə çevrilmiş Ukraynaya da gələcəkdə öz ərazilərini geri qaytarmaq üçün Rusiyaya qarşı müharibəyə başlamaq imkanı verilməz. Avropa Birliyinə üzvlük Ukraynanın savaşdan sonra bərpa olunmasında xüsusi rol oynaya bilər. Qərb bu prosesdə Rusiyanın “dondurulmuş” 250 milyard dollarlıq vəsaitindən istifadə etmək niyyətindədir. Yəni, Ukraynaya ərazi güzəştləri əvəzində sülh və bərpa şansı təklif olunur. Rusiya isə Ukraynadan Krım və Donbassı 250 milyard dollara almış olacaq. Və Avropa Birliyi Ukraynanın bərpası üçün xərcə düşmək əvəzinə Rusiyanın parasını xərcləyəcək. Göründüyü kimi, Qərb öz maraqlarını məhz Ukrayna əraziləri və Rusiyanın maliyyə vəsaiti hesabına təmin etmək barədə plan qurmağa çalışır. Ona görə də, hazırda bu planın müəllifi olan Qərb siyasi dairələri qarşısında iki önəmli problem dayanır. Birincisi, rəsmi Kiyevi Ukrayna ərazilərinin Rusiyaya verilməsinə razılaşdırmaq o qədər də asan olmayacaq. İkincisi, Kremlin sülh danışıqları üçün əsas şərtlərindən biri ondan ibarətdir ki, Ukrayna neytral ölkə statusu qazanmalıdır. Yəni, Kreml Rusiya sərhədlərində NATO-ya üzv olmuş Ukrayna görmək istəmir. Və indi Qərb siyasi dairələrinin “gizli plan”ının reallaşması bu iki problemin necə həll olunacağından birbaşa asılıdır.(Yeni Müsavat) Вернуться назад |