Главная > Siyasət > Cənubi Qafqaza girdilər: Xəritə dəyişir - Ölkələrdən biri bölünəcək

Cənubi Qafqaza girdilər: Xəritə dəyişir - Ölkələrdən biri bölünəcək


6-04-2024, 16:00. Разместил: admin


Politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İran ordusunun yük təyyarələrinin Tehranla İrəvan arasında uçuşlar həyata keçirdiyi bildirilir. Məlumata görə, İranın paytaxtından Ermənistana silah daşınır. Sizcə, İran bu prosesdə tranzit rolunu oynayır, ya silahlandırma işini özü həyata keçirir?

- Bir çox ehtimal ola bilər. Bəli, Ermənistana silahların daşınması mümkündür. Bundan əvvəl də Hindistandan göndərilən silahlar İran üzərindən çatdırılıb. Bütün bunlardan görünən budur ki, region sürətlə silahlanır, xüsusilə də Ermənistan... Bu da bölgəyə təhlükəsiz gələcək vəd eləmir.

- Fəallığını artıran İranın məqsədi nədir, nəyə nail olmaq istəyir?

- Həmişə demişik ki, İranın Azərbaycan siyasəti qərəzlidir. Amma bu yöndəki məqsədlərinə heç vaxt çatmayıb. Sanki İran reallıqları olduğu kim dərk eləmir, ya da dərk eləmək istəmir. İrana təhlükə Azərbaycan yox, Ermənistandan gəlir. Faktiki olaraq, Ermənistan NATO ölkəsinə çevrilir. ABŞ-nin də Ermənistandakı aktivliyi göz önündədir. Amerikalı təlimatçılar Ermənistan Müdafiə Nazirliyində təlimlər keçirlər. Amma İran yenə də Azərbaycan əleyhinə dəst-xətdən əl çəkmir, ya da bunu istəmir.

Sual yaranır ki, İranın hərbi-siyasi dairələri real vəziyyəti obyektiv təhlil edə bilirlərmi? İran kanallarına baxanda adam məəttəl qalır, Ermənistanda baş verənlər onları maraqlandırmır. Ya da bu təhlükəni özləri üçün görmürlər? Əslində, Azərbaycanda İranla bağlı təhlükəli proses getmir. İran Azərbaycana aid olmayan məsələlərdə belə bizə qarşı səs-küy yaratmağa çalışır. Nə istəyirlər, məqsədləri nədir? Bunu demək çətindir. Əgər hadisələri bilərəkdən gərginləşdirmək istəyirlərsə, bunun İran üçün heç bir faydası olmayacaq, indiyədək də olmayıb.

- Ermənistanın silahlandırılmasında həvəslə rol alan, Qərbin bölgədə yerləşməsinə etiraz etməyən İranın bu yanaşmasını necə izah etmək olar? Tehran bilmədiyimiz bir işbirliyi içindədirmi, ya Ermənistanda yaranmağa başlayan xaotik vəziyyət hansısa məqsədlərinə çatmaq üçün onun da marağındadır?

- Belə bir mənzərə yaranıb: sanki müxtəlif qüvvələr Ermənistanı öz aralarında parçalayırlar. Zatən balaca ölkədir, amma bölürlər, bu da “livanlaşma prosesi” termini ilə gündəmə gəlir. Livanda müxtəlif qruplar arasında bölünüb. Təxminən belə bir şey Ermənistanda da baş verir. Məsələ budur ki, prosesdə ziddiyyətli oyunçular yer alırlar. Belə bir fərziyyə də var ki, İranla Qərb danışılmış oyun oynayır, yəni Ermənistanı bölməklə bağlı razılaşıbar. Buna inanmaq düşünmək sadəlövhlük olardı. Hər halda indi real olaraq Ermənistanda nə Qərb, nə də İranın qoşunları var.

İranın öz məqsədləri var. İran düşünə bilər ki, onsuz da Ermənistan parçalanmaya doğru gedir, Rusiya Ermənistandan əl çəkməyəcək, Qərbin də öz maraqları mövcuddur, belədirsə, onun niyə maraqları olmasın?! İran da istəyir ki, parçalanma real müstəviyə keçəndə müəyyən ərazilərdə öz maraqlarını təmin eləsin. Yaxud prosesdə yer alsın. Yəqin ki, İranın mövcud yanaşması buna hesablanıb.

- Söhbət fiziki parçalanmadan gedirmi?

- Fiziki yox. Əlbəttə, şərti olaraq bir ölkə kimi qalacaq. Amma daxildə parçalanma ola bilər. Belə nümunələr var. Məsələn, Livan indi vahid ölkədirmi? Yox! Suriya vahid ölkədirmi? Yox! Bu, İraq, Liviya və Yəmənə də aiddir. Onlar vahid yox, parçalanmış ölkələrdir. Bəli, fiziki olaraq ölkə kimi qalırlar, amma müxtəlif qruplar tərəfindən bölüşdürülüblər. Yəqin ki, belə bir ssenari Ermənistan üçün də ola bilər. Məsələn, İran istəyir ki, bu durumda Zəngəzur dəhlizi və ya Ermənistanla sərhədində öz nüfuzunu təmin eləsin.

Parçalanmanın hansı formada olacağını zaman göstərəcək. Qərbin də hansı bölgə və ya bütövlükdə Ermənistanı nəzarətə alıb-almayacağını görmək gələcəyin işidir. Amma bütün cəhdlər Ermənistanın parçalanacağından xəbər verir. Parçlanma ən müxtəlif formalarda baş verə bilər. Prosesin özü Ermənistanı bölünməyə aparır. Çünki vahid yanaşma yoxdur. İran, Qərb və Rusiya – Ermənistanı hərəsi bir tərəfə çəkir. Onlar heç vaxt bir-birləri ilə ortaq məxrəcə gəlməzlər. Bəlkə də nəzarətə götürəcəkləri hissələri özlərində saxlamaqla Ermənistanda şərti balansı təmin edə bilərlər.

- Ermənistanın parçalanması Azərbaycana nə vəd edir?

- Parçalanmış ölkələrin bir problemi var ki, onların rəhbərlikləri olmur. Rəhbərlər şərti olur. Onlar amorf vəziyyətdə olan ölkələrdir. Belə bir vəziyyətdə olan ölkə ilə danışıqlar aparmaq və razılaşmaq çox çətin olur. Çünki bilmirsən ki, hansı güc onlara necə təsir göstərəcək. Ermənistanda indinin özündə bunu görürük.

Gürcüstanla bağlı duruma da baxın. İndi Gürcüstan hökuməti Qərbdə tənqid atəşinə tutulur ki, Rusiya ilə komplementar siyasət aparır, ona qarşı çıxmır, hərdən Qərbə qarşı sərt çıxışlar edir, daxili siyasi səhnəni öz nəzarətinə almaq istəyir. Amma görünən odur ki, Gürcüstanda pis-yaxşı hakimiyyət var. İndi onlarla hansısa razılaşma olsa, bu, bu və digər formada həyata keçiriləcək. Çünki kənar güclər hakimiyyətə o qədər də müdaxilə edə bilmirlər, müəyyən mənada öz özlərinin ağası kimi görünürlər. Amma bu, Ermənistanda belə olmayacaq.

- Cənubi Qafqazın gələcək geosiyasi arxitekturası necə şəkillənəcək? Bir tərəfdə Azərbaycan-Türkiyə-Rusiya üçbucağı, digər yanda yeni formalaşan ABŞ-Avropa Birliyi-Ermənistan formatı: belə olacaq? Qərbin yerləşməsinə regional dövlətlərin təpkisi necə olacaq, özünə yer etməsinə imkan veriləcəkmi?

- Artıq onların yeri var. Məsələn, Gürcüstanda, elə artıq Ermənistanın özündə. Artıq bölgədə oyunçu kimi çıxış edirlər, hər halda Gürcüstan Avropa Birliyi üzvlüyünə namizəddir. Həmçinin Gürcüstan NATO üzvlüyünə can atır. Bütün bunlar deməyə əsas verir ki, artıq ABŞ, Avropa Birliyi və NATO Gürcüstanın timsalında Cənubi Qafqazda təmsil olunur. Sadəcə indi coğrafiyanı genişləndirib Ermənistanda da təmsil olunmaq istəyirlər. Artıq Ermənistanda özlərinə yer ediblər. Məsələn, Avropa Birliyinin müşahidə missiyası, ABŞ hərbçiləri və təlimatçıları...

Yavaş-yavaş Ermənistanda öz varlıqlarını artırırlar. Bu da ondan xəbər verir ki, parçalnma başlayıb.

Türkiyəyə gəlincə, son dönəmdə bu ölkənin daxilində ziddiyyətli proseslər baş verir. Lap uzaq gələcək barədə nəsə demək çətindir. Hər halda son bələdiyyə seçkiləri göstərir ki, Türkiyənin daxili siyasi dinamikası sürətlə dəyişir, yaxud dəyişmək üzrədir. Bu tendensiyanın yaxın gələcəkdə hansı hal alacağını yalnız fərz edə bilərik.

Belə bir durumda sanki bölgə ilə bağlı qərar qəbul edən mərkəzlərin sayı azalır. Nə mənada? Hansısa dəst-xətti müəyyən edən regional iştirakçılar hansısa təhlükələr və ya çağırışlarla üzləşirlər.

Azərbaycan bəzi obyektiv səbəblərə görə daha müstəqil, öz maraqlarına uyğun siyasət aparır.

Rusiya ilə bağlı məsələ bəllidir. Ola bilər ki, onlarla razılaşaq, ya yox, hər halda qərar qəbul edən güc Rusiyada yerləşir, ondan kənarda yerləşmir. Bu Azərbaycan, Türkiyə və İranda da belədir. Ermənistan, hətta Gürcüstanda belə deyil. Düzdür, Gürcüstan öz sözünü deyir, amma kənardan təsirlər var. Yeri gəlmişkən, payızda Gürcüstanda keçiriləcək seçkiləri də gözləmək lazımdır ki, bu proses nə gətirəcək.

Bütün bunlar göstərir ki, yaxın gələcəkdə Cənubi Qafqazda siyasət çox dəyişkən olacaq. Hansı proseslərin baş verəcəyini kimsə birmənalı şəkildə deyə bilməz. Amma regional güclər kənar müdaxilələrin minimuna endirilməsi istiqamətində siyasət aparsa, o zaman hadisələr proqnozlaşdırıla bilən xarakter ala bilər. Amma belə olmasa, xarici müdaxilələr artsa, bundan yaxşı bir şey gözləmək olmaz. Təcrübə göstərir ki, hansısa regiona xarici müdaxilə olursa, bu, ora yaxşı heç nə gətirmir.

- Siyasi gərginlik fonunda Ermənistanın şərti sərhəddə canlı qüvvə və texnika yığması da diqqətdən yayınmır, ermənilərin könüllü silahlı birləşmələri də sərhədə axışırlar. Belə olan halda, bölgədəki mövcud gərginlik Azərbaycanla Ermənistan arasında hərbi toqquşmalarla müşayiət oluna bilərmi?

- Böyük müharibə gözləmirəm, amma lokal sərhəd toqquşmaları istisna deyil. Lokal toqquşmalar da xarici oyunçuların aparacaqları siyasətdən asılı olacaq. Ermənistanın özü müstəqil ölkə deyil, sadəcə öz ağasını dəyişir. İndi Ermənistanın yeni ağaları və ya ona təsir göstərən qüvvələr hansı mövqedə dayansalar, İrəvanın siyasəti o istiqamətdə inkişaf edəcək. Hazırkı məqamda Rusiyanın Ermənistana təsir imkanları çox cüzidir, belə olan halda, ümid Qərbin rasional addımlarına qalır.


Вернуться назад