Главная > Siyasət > Nüfuzlu ABŞ nəşri Ermənistanı qınadı: "Azərbaycana qarşı çıxır..."
Nüfuzlu ABŞ nəşri Ermənistanı qınadı: "Azərbaycana qarşı çıxır..."18-03-2024, 12:12. Разместил: admin |
Müasir dünyada ticarət yollarına nəzarət iqtisadi səmərəliliklə yanaşı geosiyasi üstünlük də əldə etməyə imkan yaradır. Bu baxımdan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi (ŞCBND) Asiya ilə Avropanı əlaqələndirir və Süveyş kanalına alternativ kimi çıxış edir. Bu fikir ABŞ-nin “The New-York Times” qəzetində “Moskvadan Mumbaya: Rusiya ticarət üçün cənuba müraciət edir” sərlövhəli məqalədə yer alıb. Materialda nəzərə çatdırılıb ki, ŞCBND Fars körfəzinin sahillərindəki İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və başqa idxala ehtiyacı olan dövlətlərə çıxış əldə etməyə imkan verir. Dəhlizin əsas seqmentini təşkil edən dəmir yolu Azərbaycan və İran ərazisindən keçərək Fars körfəzinin sahillərinə kimi uzanır. Materialda qeyd olunub ki, 162 kilometrlik Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikilib başa çatdırılması nəticəsində Rusiya, Azərbaycan və İranın dəmir yolları sistemləri birləşəcək. “Bununla yanaşı, Rusiya ŞCBND vasitəsilə Hindistan, Pakistan, Çin və digər Cənub-Şərqi Asiya ölkələri ilə də ticarət əlaqələrini genişləndirəcək. Mumbay Hindistanın iri limanıdır və Avropaya göndərilən yüklər məhz bu limandan yola salınır. Həmin yüklər İranın Fars körfəzi sahilindəki Bəndər-Abbas limanına çatdırılır və buradan da qatarla Azərbaycan və Rusiyaya nəql olunur. Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra da yüklər Avropaya və əks istiqamətə məhz bu yolla daşınacaq. ŞCBND fəaliyyətini davam etdirir və 2023-cü ildə bu dəhliz vasitəsilə yükdaşımaların həcmi 38 faiz artıb. Süveyş kanalı vasitəsilə Avropa ilə Asiya arasında yükdaşımalar baha başa gəlir və təhlükəsizliyi təmin olunmur. Qiyamçı husilərin ticarət gəmilərinə silahlı basıqınları buna sübutdur. Ona görə də 2030-cu ilə kimi ŞCBND ilə yükdaşımaların 3 dəfədən çox artacağı gözlənilir”, - deyə məqalədə bildirilib. Materialda diqqətə çatdırılıb ki, yüklər Asiyadan Avropaya və əks istiqamətə Süveyş kanalı vasitəsilə nəql olunanda 45 gün lazım olur. Lakin ŞCBND ilə yüklər hər iki istiqamətə 25 gün ərzində çatdırılır ki, bu da zaman və nəqliyyat xərcinin azalması deməkdir. Məqalədə vurğulanıb ki, Azərbaycan nəqliyyat dəhlizlərini inkişaf etdirmək niyyəti ilə SSRİ dövründən qalan dəmir yollarını da bərpa etmək istəyir: “Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirən dəmir yolu Ermənistan ərazisindən keçirdi. Lakin 1990-cı illərin əvvəllərində bu iki dövlət arasında baş verən hərbi münaqişə həmin dəmir yolunun bağlanması ilə nəticələndi. Bu dəmir yolu Azərbaycan ilə yanaşı Rusiyaya da İran və Türkiyə ilə nəqliyyat əlaqəsi qurmağa imkanı verir. Azərbaycan dəmir yolunun açılışına can atsa da, Ermənistan bunun əleyhinə çıxış edir. Buna görə də Azərbaycan Naxçıvan ilə nəqliyyat əlaqəsini İran üzərindən həyata keçirməyə çalışır”. Вернуться назад |