Главная > Siyasət > ABŞ indi Türk İttifaqına möhtacdır: Ağ Ev İrəvan üçün təhlükəli yeni strateji anlaşmaya can atır
ABŞ indi Türk İttifaqına möhtacdır: Ağ Ev İrəvan üçün təhlükəli yeni strateji anlaşmaya can atır14-03-2024, 09:40. Разместил: admin |
ABŞ-ın ən yaxın müttəfiqi Böyük Britaniyanın da dövrəyə girməsi, Fransanın Afrikadan sonra Cənubi Qafqazdan da qovulacağından xəbər verir... Ağ Ev isə həm Cənubi Qafqaza, həm də Orta Asiyaya nüfuz edə bilməsi üçün Türk İttifaqı ilə “ortaq fəaliyyət pəncərəsi” axtarmağa məcbur qalıb... Cənubi Qafqaz uğrunda nəhənglərin savaşında artıq iki istiqamətin ortaya çıxmağa başladığı müşahidə olunur. Belə ki, bu region ətrafında cərəyan edən geopolitik proseslərdə maraq toqquşmaları ən yüksək həddə çatıb. Hətta son vaxtlar Cənubi Qafqaz uğrunda savaşda ortaq fəaliyyət və yaxud da müttəfiqlik əlaqələri belə, indi formal xarakter daşıyır. Bu baxımdan, regionda situasiyanın tamamilə fərqli məzmun və keyfiyyət daşıya biləcəyi qətiyyən istisna deyil. Onu da qeyd etmək lazımdır ki, dünya nəhənglərinin regional mübarizənin əsasən Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılmasına hədəfləndiyi qətiyyən şübhə doğurmur. Ancaq ABŞ və Qərbin bu hədəfin reallaşdırılmasına hesablanmış strateji planlarının iflasa uğramaq üzrə olduğu da artıq müşahidə edilir. Çünki bu planlar Rusiyaya qarşı yönəlsə də, əslində, taktika tamamilə yanlış xarakter daşıyırdı. Yəni, Ermənistanın dəstəklənməsi və Azərbaycana təzyiqlər göstərilməsi taktikası Qərbin Cənubi Qafqaz planlarını böyük risk altına atıb. Məsələ ondadır ki, rəsmi Bakı ABŞ və Qərbin Rusiya əleyhinə planlarında Azərbaycanın təzyiqlərə məruz qalan dövlətə çevrilməsi ilə barışmadı. Ona görə də, Qərbin regional sülh prosesinə müdaxilə imkanlarını maksimum səviyyədə məhdudlaşdırdı. Ardınca Ermənistanla danışıqlar prosesini məhz birbaşa təmaslar formatına keçirtdi. Bununla da ABŞ və Qərb Cənubi Qafqazda geopolitik oyunçuya çevrilmək üçün istifadə etməyə çalışdığı önəmli bir mexanizmi itirmiş oldu. Və geriyə yalnız Ermənistan üzərindən regiona nüfuz etmək variantı qaldı. Ancaq çox tezliklə anlaşıldı ki, yalnız Ermənistan üzərindən ABŞ və Qərbin Cənubi Qafqaza yerləşməsi və ya nüfuz edə bilməsi mümkün olmayacaq. Ona görə də, Rusiyanın regiondan çıxarılması hədəfində ortaq olan Qərb siyasi dairələrin Azərbaycana münasibətdə mövqelərində açıq ziddiyyətlər yarandı. Yəni, xüsusilə də, Ağ Evdə anladılar ki, Cənubi Qafqazda real geopolitik iradə Azərbaycana aiddir. Və rəsmi Bakı ilə münasibətləri normallaşdırıb, əməkdaşlıq etmədən, bu regionun coğrafiyasında geopolitik fəaliyyət məkanı açmaq mümkün deyil. Nəticədə ABŞ və Avropa Birliyi, xüsusilə də Fransa arasında geopolitik ziddiyyətlər kəskin şəkildə ortaya çıxmış oldu. Çünki Ağ Evin başının növbəti prezident seçkilərinə qarışmasından istifadə etməyə çalışan rəsmi Paris Cənubi Qafqazda ABŞ-ın maraqlarını belə, zərbə altında qoymaqla, məhz Fransanın ön plana keçirilməsinə can atırdı. Bu səbəbdən də, ABŞ və Fransanın maraqları toqquşur, ziddiyyətlər dərinləşir. Fransanın qərəzli davranışlarına sərt reaksiya verən rəsmi Bakının bütövlükdə kollektiv Qərbin üzünə regionun qapılarını qapatmağa çalışması indi ABŞ-da ciddi narahatlıq doğurmaqdadır. Ona görə də, Ağ Ev son vaxtlar ABŞ-ın Cənubi Qafqaz maraqlarını Fransa ilə ortaqlıq çərçivəsindən kənara çəkməyə üstünlük verməyə başlayıb. Ağ Ev bir tərəfdən, rəsmi Bakı ilə münasibətlərini normallaşıdrmağa çalışır. Digər tərəfdənsə, Cənubi Qafqazda artıq geopolitik oyunçu statusu qazanmış və Azərbaycanla strateji müttəfiqlik münasibətlərinə malik Türkiyə ilə ortaq fəaliyyəti sınaqdan çıxartmaq niyyətinə düşüb. Məsələ ondadır ki, Ağ Ev bu dəfə Cənubi Qafqaz maraqlarını daha doğru tərəfdaşlarla idarə etmək şansı qazanmış kimi görünür. Belə ki, ABŞ və Türkiyə arasında regional sülh prosesinə münasibətdə ortaq dəstək barədə anlaşma əldə onunub. Yəni, Fransadan fərqli olaraq, ABŞ Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün məhz Türkiyə ilə əməkdaşlıq etmək niyyətindədir. Və bu, onu göstərir ki, Ağ Evdə Türkiyənin yardımı olmadan ABŞ-ın Cənubi Qafqaza nüfuz edə biməyəcəyi qənaətinə artıq gəlinib. Təbii ki, bütün bunlar Cənubi Qafqazda Azərbaycan-Türkiyə İttifaqının nə qədər həlledici faktor olduğunu növbəti dəfə təsdiqləmiş olur. Onu da qeyd etmək lazımdır ki, Ağ Evin Cənubi Qafqaz üzərindən hələlik Rusiyanın və Çinin təsir dairəsində olan Orta Asiyaya da keçid etmək niyyəti mövcuddur. Ağ Evin bu niyyətə Türk İttifaqının strateji dəstəyini almadan çata biləcəyinə isə hazırda yalnız sadəlövhlər inana bilər. Bütün bunları nəzərə aldıqda, ABŞ-ın son vaxtlar Azərbaycan və Türkiyə ilə münasibətlərinə yenidən baxmaq məcburiyyətində qalması qətiyyən təəccüblü deyil. Qərbin Cənubi Qafqaz uğrunda mübarizəsi əsasən Rusiyaya qarşı yönəlmiş olsa da, müəyyən dəyişikliklərə uğraya bilər. Böyük ehtimalla yaxın vaxtlarda bu region ABŞ və Fransa arasında kəskin ziddiyyətlərin əsas məkanına çevriləcək. Hər halda, Ağ Ev Fransanın Cənubi Qafqazda təkbaşına hegemonluq planları quraraq, Qərbin strateji planlarını pozmasına qətiyyən imkan verməz. Ona görə də, bəzi ehtimallara görə, yaxın gələcəkdə Cənubi Qafqaz uğrunda mübarizədə ABŞ məhz Türk İttifaqına istinad etməyə çalışacaq. Buna paralel olaraq, Ağ Evin Ermənistanı da Fransanın təsir dairəsindən uzaqlaşdırmağa çalışacağı qətiyyən şübhə doğurmur. Hər halda, Azərbaycan və Türkiyə ilə yaxşı münasibətləri olan, Avropa məkanında ABŞ-ın ən yaxın müttəfiqi kimi diqqəti çəkən Böyük Britaniyanın da Fransaya paralel olaraq, Rusiya ilə qarşıdurmada Ermənistanı dəstəkləməyə hazır olduğunu bəyanlaması yeni geopolitik çağırışlardan xəbər verir. Və bu, o deməkdir ki, Fransa Afrikanın ardından, Ermənistandan da, yəni Cənubi Qafqazdan da tamamilə qovulmuş olacaq. Göründüyü kimi, Cənubi Qafqazda növbəti dəfə yeni situasiya yaranmaq üzrədir. Böyük ehtimalla bu situasiya daha çox Türk İttifaqının diqtə etdiyi şərtlərə uyğun olacaq. Hər halda, Ağ Evin tədricən Türk İttifaqı ilə yaxınlaşma xətti yürütməyə üstünlük verdiyi müşahidə edilir. Və bu, onu göstərir ki, ABŞ-ın Türk İttifaqına ehtiyacı var, hətta Ağ Ev onun dəstəyinə möhtacdır. “Yeni Müsavat” Вернуться назад |