Главная > Siyasət > Qətiyyətli və uğurlu siyasət

Qətiyyətli və uğurlu siyasət


5-03-2024, 16:00. Разместил: admin
Ruslan Əliyev: Siyasi kursa sadiqlik

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev - Dövlətçiliyin bütün prinsiplərini özündə ehtiva edən ulu öndər Heydər Əliyev yolunu rəhbər tutan Yeni Azərbaycan Partiyası yarandığı gündən müstəqillik, azərbaycançılıq, dövlətçilik, sosial ədalət, dünyəvilik, milli tərəqqi, soykökə qayıdış və bu kimi dəyərlərin təbliğinə xüsusi yer vermişdir. Təsadüfi deyil ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi səhnəsinə qədəm qoyarkən onun ən başlıca şüarı “Yeni, müstəqil Azərbaycan uğrunda!” şüarı olmuşdur. Həyat artıq çoxdan sübuta yetirmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən mükəmməl siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər qurum mövcud deyil. Ümummilli lider Heydər Əliyev ideologiyası ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının məfkurəsi ən ali ideyalara – xalqımızın istək və arzularının, zəngin gələcəyinin təmin olunmasına və gerçəkləşməsinə xidmət etməkdir.

2003-cü ildə ölkə Prezidenti, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının sədri seçilən Prezident İlham Əliyevin əsas hədəfi güclü və qüdrətli Azərbaycan qurmaq olmuşdur. Məhz bu səbəbdən Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirmişdir. Yeni Azərbaycan Partiyası hər zaman öz fəaliyyətini günün tələblərinə uyğun quran siyasi təşkilat olduğu üçün son illər ərzində ölkədə yaranmış yeni situasiyaları nəzərə alaraq 2021-ci ilin mart ayının 5-də özünün növbəti VII Qurultayını keçirdi. Düzdür, bu günə qədər keçirilmiş olan hər bir Qurultay Yeni Azərbaycan Partiyasının həyatında əlamətdar hadisə olaraq qalmışdır. Lakin VII Qurultay bir çox özəllikləri ilə əvvəlki qurultaylardan fərqlənir və bu Qurultay Yeni Azərbaycan Partiyasının həyatında yeni dönüş nöqtəsi hesab edilə bilər.

Yeni Azərbaycan Partiyasının VII Qurultayında daha mühüm bir məsələ Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini seçilməsi oldu. Mehriban xanım ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyük rəğbətini qazanmışdır. Yeni Azərbaycan Partiyasının həyatında da Mehriban xanım Əliyevanın xüsusi xidmətləri vardır. Prezident İlham Əliyev VII Qurultayda Yeni Azərbaycan Partiyasının qarşısında ölkəmizdə multikulturalizm dəyərlərinin daha da möhkəmləndirilməsi, xalqlar və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın daha da gücləndirilməsi, gənclərlə işin effektivliyinin artırılması, şəhid ailələri və qazilərə daimi diqqət göstərilməsi, beynəlxalq tərəfdaşların çoxaldılması, şəffalığın artırılması kimi mühüm vəzifələr qoymuş oldu.Qətiyyətli və uğurlu siyasət

VII Qurultayda yeni Nizamnamənin qəbul edilməsi ilə partiyanın yeni fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Yeni Nizamnaməyə əsasən Qurultay, Partiyanın Sədri, İdarə Heyəti və Təftiş Komissiyası partiyanın orqanları qismində müəyyən edilmiş, həmçinin Partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edilmişdir. Bundan əlavə partiyamızın sədri, Prezident İlham Əliyev Qurultayda İdarə Heyətinə Yeni Azərbaycan Partiyasının yeni proqramının hazırlanması və yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməsi tapşırığını vermişdir. YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında təsdiq edilən yeni Proqram demokratik dəyərlərə, milli maraqlara əsaslanaraq müasir yanaşma və metodları özündə ehtiva edir. 5 fəsildən ibarət olan yeni Proqramda “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” adlı fəsillər və Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı, peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik, müasirlik, Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, Şəffaflığın artırılması, Vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, Vətəndaş həmrəyliyinin təminatı, Milli maraqlar və xarici siyasət, Ordu quruculuğu, İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi məsələlər öz əksini tapıb. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı kimi 10 strateji istiqamət müəyyən olunub.

Bu gün Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri uğurla inkişaf etdirilir və möhkəmləndirilir. Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında, digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir.
Qətiyyətli və uğurlu siyasət
2021-ci il dekabrın 3-də Kiyev şəhərində Yeni Azərbaycan Partiyası ilə Ukraynanın hakim “Xalqın Xidmətçisi” Partiyası arasında da əməkdaşlıq memorandumu imzalanmışdır. Bundan əlavə, YAP-ın Çin Kommunist Partiyası, Rusiya, Özbəkistan, Tacikistan, Yaponiya, Vyetnam, Laos və Kambocanın da hakim partiyaları ilə əlaqələri mövcuddur. YAP Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir.

Bütün bunlardan əlavə olaraq, Yeni Azərbaycan Partiyası həm iqtidar partiyası, həm də ölkənin hər bir sahəsində təmsil olunan partiya kimi iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır. 2021-ci ilin 21 oktyabr tarixində Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında parlamentdə təmsil olunan müxalifət partiyaların sədrləri ilə keçirilmiş görüş bu istiqamətdə görülən işlərə bir nümunədir. Yerlərdə müxalifət partiyalarının yerli təşkilatları ilə sağlam münasibətlərin qurulması Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının fəaliyyət istiqamətlərindən biridir. Siyasi sistemimizin əsas sütunu olan Yeni Azərbaycan Partiyası ölkədə siyasi dialoq mühitinin daha da inkişaf etdirilməsi üçün davamlı olaraq müxtəlif təşəbbüslərlə iştirak etməyi planlaşdırır ki, burada da məqsəd ən böyük milli sərvətimiz olan ümummilli həmrəyliyə nail olmaqdır.

Yeni Azərbaycan Partiyasının banisi, ulu öndər Heydər Əliyev qeyd edirdi ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Bu gün Azərbaycan dayanıqlı inkişaf edən iqtisadiyyata malikdir. Ölkə iqtisadiyyatının gələcəkdə də davamlı və dayanıqlı inkişafını təmin etmək, şaxələndirilmiş iqtisadiyyat modelinin daha da genişləndirilməsi ölkəmiz, dövlətimiz üçün hər zaman prioritetlərdəndir. Bu istiqamətdə davamlı uğurların əldə edilməsi üçün Yeni Azərbaycan Partiyası cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa bundan sonra da öz töhfəsini verəcəkdir.

Banisi ulu öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası zamanın sınaqlarından çıxmış, xalqın etimadını layiqincə doğrultmuş partiyadır. Azərbaycan xalqının ən böyük milli sərvəti olan dövlət müstəqilliyini qoruyub saxlayan ümummilli lider Heydər Əliyev 20-ci əsrin sonu - 21-ci əsrin əvvəllərində Azərbaycanı qloballaşan dünyada suveren dövlət kimi formalaşdırmış, milli mənafelərinin reallaşmasının fundamental əsasını qoymuş, mənəvi dəyərlərinin qorunması, mədəniyyətinin inkişafı üçün hər cür şərait yaratmışdır.

Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi düşünülmüş uğurlu siyasət nəticəsində Vətən Müharibəsindəki tarixi qələbəmizlə ərazi bütövlüyümüz bərpa edilmiş, xalqın milli qüruru özünə qaytarılmış, dünyada yeni reallıqlar yaradılmışdır. Azərbaycan artıq regionda və dünyada söz sahibinə çevrilmişdir. Ümummilli liderimiz, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan bu əsrdə daha yüksək zirvələrə qalxacaqdır. Buna bizim gücümüz, qətiyyətimiz, potensialımız və bu nəcib məqsədimizi həyata keçirə biləcək Yeni Azərbaycan Partiyası kimi qüdrətli, xalq tərəfindən müdafiə edilən təşkilatımız, ümummilli liderimiz Heydər Əliyevin yolunu uğurla davam və inkişaf etdirən dünya azərbaycanlılarının lideri - cənab İlham Əliyev kimi Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız və partiyamızın sədri vardır.
 
Вернуться назад