Главная > Siyasət > Azərbaycan böyük dəyişikliklər astanasında: Bələdiyyələr birləşdirilir - Başqa hansı yeniliklər olacaq?

Azərbaycan böyük dəyişikliklər astanasında: Bələdiyyələr birləşdirilir - Başqa hansı yeniliklər olacaq?


26-02-2024, 13:23. Разместил: admin
Azərbaycan böyük dəyişikliklər astanasında: Bələdiyyələr birləşdirilir - Başqa hansı yeniliklər olacaq?


Azərbaycanda bələdiyyələrin sayı təxminən iki dəfə azaldılır. Qanuna dəyişiklik layihəsində öz əksini tapıb. Hazırda ölkədə 1 605 bələdiyyə var. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, Azərbaycanda 700-dən artıq bələdiyyə fəaliyyət göstərəcək. 

Artıq bununla bağlı Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında” qanun layihəsi daxil olub. 

Yenisabah.az-a danışan Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü, deputat Tahir Rzayev təşəbbüsü təqdir edib:

“1999-cu ilin dekabrında ilk bələdiyyə seçkiləri keçirilərkən Konstitusiyaya istinad edilmişdi. Bələdiyyələrin birləşməsi, ayrılması və ləğv olması haqqında qanunvericilik də var. O, uzun illərdir qüvvədədir və 2 islahatla bələdiyyələr birləşdirilib. Əvvəllər bələdiyyələrin sayı 2700-dən çox idi, ancaq bu gün 1606 bələdiyyə qalıb. Əlbəttə, birləşmə islahatının keçirilməsi çox faydalıdır və nəticələrdə özünü göstərib. 

Qanuna uyğun olaraq, vətəndaşların xahişi ilə hər bir yaşayış məntəqəsində bələdiyyə yaradıla bilər. Ancaq sonrakı müşahidələr göstərdi ki, kiçik bələdiyyələr özünü doğrultmur. Çünki onların torpaq sahəsi, mülkiyyəti yoxdur və maliyyə vəsaitləri həddən artıq azdır. Bu gün bələdiyyələrin sayı olduqca çoxdur. Məsələn, əhalisi Azərbaycan əhalisi qədər olan ölkələrdə təxmini 200-250 bələdiyyə fəaliyyət göstərir. Ona görə də parlamentdə dəfələrlə bu məsələ qaldırılıb.

Bu gün elə bələdiyyələr var ki, onun büdcəsi yoxdur. Buna görə də insanların bələdiyyəyə inamı zəifləyir. Əgər o, yerli əhəmiyyətli sosial-iqtisadi məsələni həll edə bilmirsə, vətəndaş da ona etimad göstərmir. Bələdiyyələr birləşəcəksə onların maliyyə vəsaiti də artacaq. Bu zaman həm idarəetmə yaxşı olacaq, həm də kadrların səviyyəsi yüksələcək. 

Bələdiyyələrin bu gün kifayət qədər səlahiyyətləri var. Lakin onların bir çoxu bu səlahiyyətləri müəyyən qaydada həyata keçirə bilmir. İşini görə bilməyən bələdiyyələr yeni səlahiyyətlər istəyir”. 

Deputat kiçik kəndlərinin birləşdirilməsi ilə bağlı məsələyə də aydınlıq gətirib:

“Kiçik kəndlər mütləq birləşdirilməlidir. Xüsusən, işğaldan azad edilmiş ərazilərdəki kəndlərlə bağlı bu addım mütləq atılmalıdır. Məsələn, Lerikin 167 kəndi var. 80 min əhalisi olan rayon üçün bu rəqəm olduqca çoxdur. Elə kənd var ki, orada cəmi 20 ailə yaşayır. Onlar qaz, su, işıq çəkilməsini, yollarının bərpa olunmasını istəyir. Bu isə mümkün deyil. Yaxud işğaldan azad olunmuş rayon olan Laçında əvvəllər 140-dan çox kənd olub. Məsələn, 10-15 ailə birləşib haradasa oba salıb və o, sonradan kəndə çevrilib. Bu cür kəndlərin birləşdirilməsi nəzərdə tutulur. Məsələn, 5 kənd birləşib 1 kənd olsun. Belə olduqda həm infrastruktur layihələrinin həyata keçirilməsi asanlaşacaq, həm də əhali daha kompakt yaşayacaq. Onların, məktəbi, xəstəxanası və kommunal təminatları da tam təmin olunacaq. Ona görə də xırda kəndlərin birləşdirilməsi düzgün addımdır”.

Deputat Vahid Əhmədov qeyd edib ki, bələdiyyələrlə bağlı ən yaxşı nümunə Türkiyədədir:

“Bələdiyyələrin birləşdirilməsi və onların statusu olduqca ciddi məsələdir. Birləşdirməsi, əlbəttə, çox vacibdir. Qərara alınıb ki, 3000-ə qədər əhalisi olan yaşayan məntəqədə 1 bələdiyyə olsun. Ona görə də xırda kəndlər mütləq birləşdirilməli və yeni bələdiyyələr yaradılmalıdır. Türkiyə modelində məhz belədir, orada böyük bələdiyyələr fəaliyyət göstərir. Belə olduqda bələdiyyənin funksiyaları da artır. Düşünürəm ki, bu lazımi addım olacaq”.


Вернуться назад