Главная > Siyasət > Müharibə riski artır, Paşinyan üçün təhlükə böyüyür - Növbəti gediş Kremlindir
Müharibə riski artır, Paşinyan üçün təhlükə böyüyür - Növbəti gediş Kremlindir26-02-2024, 14:22. Разместил: admin |
Ermənistanın Baş naziri Nikol Paşinyanın “France 24” kanalına müsahibədə səsləndirdiyi fikirlər Ermənistan-Azərbaycan normallaşma prosesində yeni mərhələnin başlandığını göstərdi. Açıqlamaların təhlilindən aydın olur ki, 2020-ci ildən indiyə qədərki nisbi konstruktiv mərhələnin yerini geopolitik qarşıdurma ilə müşayiət olunan gərginliklər tutacaq. Qısaca xatırladaq ki, müsahibədə Paşinyan Azərbaycanın Ermənistana qarşı yeni müharibəyə hazırlaşdığını, rəsmi Bakının Ermənistana “Qərbi Azərbaycan” kimi baxdığını, ərazilərin qarşılıqlı tanınmasını istəmədiyini, Ermənistan ərazilərini işğal etmək istədiyini və nəticədə sülh arzulamadığını iddia edib. Əlavə olaraq, Azərbaycan XİN Paşinyanın bu müsahibəsinə cavab verdi. Azərbaycan tərəfinin cavabı yubanmayıb. Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, Ermənistanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır. Maraqlıdır, Baş nazirin mövqeyindəki qəfil dəyişiklik nə ilə bağlı ola bilər? Ermənistan Fransanın timsalında münaqişədə itirdiklərini geri qaytara biləcək təminatçı tapdığını düşünürmü? Fransanın bölgədə aktiv iştirakı hansı geosiyasi gərginliyə səbəb olacaq? Politoloq Elxan Şahinoğlu Pressklub.az-a açıqlamasında deyib ki, Paşinyan ötən il “Azərbaycanla sülh sazişi imzalamağa yaxınıq” deyirdisə, indi Azərbaycanın Ermənistan ərazilərini işğal etmək istəməsindən və müharibə təhlükəsindən danışır. Bunun qarşılığında da Fransa rəsmiləri “Ermənistanı Azərbaycandan qoruyacağıq” kimi açıqlamalar verirlər: “Əvvəlcə Paşinyanı Parisə çağırdılar, o geri dönməyə macal tapmamış Fransanın müdafiə naziri İrəvana getdi və Ermənistanı yeni hərbi texnika ilə təchiz edəcəklərini vurğuladı. Bunun ardınca, Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında fəaliyyətini donduracağı barədə açıqlaması da Parisin planının tərkib hissəsidir. Yəqin Parisdə Paşinyana söz veriblər ki, Ermənistan KTMT-ni tərk edə bilsə və Rusiya hərbi bazasından qurtulsa, Fransa hərbi kontingenti Ermənistanda yerləşdiriləcək və bu, Ermənistanın təhlükəsizlik təminatı olacaq”. Politoloq qeyd edir ki, növbəti gediş Kremlindir. Rusiya Paşinyanla Makronun birgə planlaşdırdıqları imic zərbəsinə tuş gəlməmək üçün Ermənistanda qarışıqlıq yaratmaqdan tutmuş, Nikol Paşinyana qarşı sui-qəsd təşkil etməyə qədər vasitələri nəzərdən keçirəcək. İkinci Qarabağ müharibəsindən sonra bu alınmadı, yəqin ki, Kreml növbəti cəhdə baş vuracaq. Elxan Şahinoğlu əlavə edir, Azərbaycanla Ermənistan sərhədində atəşkəsin pozulması hallarının artması İrəvana xarici təsirlərin nəticəsidir. Sərhəddəki insidentlər bölgədə yeni müharibə riskini artırmaqla yanaşı, Paşinyanın özü üçün də təhlükəlidir: “Çünki Paşinyanın mövqelərini zəiflətmək üçün bölgədə gərginlik yaratmaq istəyən daxili və xarici qüvvələr var. Azərbaycan üçün təxribatı kimin həyata keçirməsinin fərqi yoxdur, Azərbaycan ordusu təxribatın icraçılarına zərbə endirəcək. Bu təxribatların sonu genişmiqyaslı toqquşma ilə nəticələnə bilər. Azərbaycan ordusu hər dəfə qarşı tərəfin təxribatına cavab olaraq genişmiqyaslı əməliyyatlara başlayıb və uğur qazanıb”. Вернуться назад |