Главная > Siyasət > ABŞ-nin dəstək mesajı: Azərbaycanla münasibətlər normallaşır? - ŞƏRH
ABŞ-nin dəstək mesajı: Azərbaycanla münasibətlər normallaşır? - ŞƏRH22-02-2024, 12:46. Разместил: admin |
Azərbaycan Prezidentinin Münhendə ABŞ-nin bir sıra rəsmiləri ilə görüşündən sonra Azərbaycan energetika naziri Vaşinqtonda səfərdədir. Müzakirə olunan məsələlər iki ölkə arasındakı münasibətlərin normallaşma mərhələsinə keçə biləcəyini göstərir. Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, rəsmi Vaşinqton Cənub Qaz dəhlizinin genişlənməsinə dəstəyini nümayiş etdirib: "Bu isə o deməkdir ki, bir sıra beynəlxalq qurumların Azərbaycan ilə Avropa İttifaqı arasındakı enerji iş birliyi ilə bağlı qərəzli və ikili standartlara əsaslanan çağrışlarına baxmayaraq ölkəmiz ilə Qərb arasında əməkdaşlıq daha da güclənməkdədir". Millət vəkilinin sözlərinə görə, ABŞ-ın Cənubi Qafqazın ötürmə qabiliyyətinin genişləndirilməsinə dəstəyi iqtisadi-maliyyə yanaşması olmaqla bərabər həmçinin bir mesajdır. Bu, eyni zamanda Azərbaycanın xarici siyasətdə yeni bir uğuru kimi də qiymətləndirilməlidir: "Ötən il Azərbaycan Avropa İttifaqına 12 milyard kub metrə yaxın mavi qaz ixrac edib. Aİ Azərbaycandan aldığı qazın həcmini 2 dəfə artırmaq və növbəti 2 ildə ən azı 20 milyard kubmetr qaz idxal etmək niyyətindədir. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolunun daha da artması deməkdir. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın geostrateji mövqeyi güclənməkdədir. Azərbaycan “Şahdəniz” ilə yanaşı çox yaxın gələcəkdə daha 5 yataqdan (“Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”) qaz hasil ediləcək. Bu, ölkəmizin mavi qaz ixracatını artırmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin formalaşmasında rolunu daha da artıracaq. Azərbaycan Avropa İttifaqı üçün yeganə yeni və mühüm alternativ enerji mənbəyinə çevrilir". "Digər tərəfdən, Azərbaycan ilə ABŞ arasındakı iqtisadi əlaqələr də güclənməkdədir. Ötən il iki ölkə arasındakı ticarət dövriyyəsi 59,0% artaraq 904 milyon dollara çatıb. Bu il dövriyyənin daha da artırılması üçün yeni imkanlar yaranmaqdadır", - deyə V. Bayramov əlavə edib. Вернуться назад |