Главная > Siyasət > Əliyev yeni dövrün “yol xəritəsi”ni elan etdi: İrəvan tezliklə yalvaracaq

Əliyev yeni dövrün “yol xəritəsi”ni elan etdi: İrəvan tezliklə yalvaracaq


17-02-2024, 09:58. Разместил: admin
Əliyev yeni dövrün “yol xəritəsi”ni elan etdi: İrəvan tezliklə yalvaracaq


Prezident İlham Əliyev bütün dünyaya Azərbaycanın Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi olduğunun açıq mesajını verdi... Rəsmi Bakı Ermənistanla münasibətlərə əhəmiyyət vermədiyinə eyham vurmaqla, kənar müdaxilə “pəncərə”sini qapatdı, sülh və savaş arasında seçimi qarşı tərəfin öhdəsinə buraxdı...  

Azərbaycan müstəqil dövlət olaraq, 30 illik ağır bir dövrü arxada buraxdı. İndi Azərbaycanın önü açıqdır, gələcəyə daha fərqli və perspektivli hədəflərlə hərəkət etmək şansı qazanıb. Rəsmi Bakı Azərbaycanın gələcək inkişaf perspektivlərini, daxili və xarici siyasət prioritetlərini artıq yeni dövrün şərtlərinə uyğunlaşdırmağa başlayıb. Və bundan sonra Azərbaycanın dünyada beynəlxalq siyasi iradə sahibləri sırasında yer almaq iddiası gözlənilməz xarakter daşımayacaq.

Azərbaycan Prezidenti İlham Əliyev son 30 illik ağır dövrün təhlili üzərindən önəmli mesajlar verməklə, əslində, gələcəyə yönəlik yeni dövrün “yol xəritəsi”ni də böyük ölçüdə təsvir edib. Dövlət başçısı vurğulayıb ki, əsas milli hədəf Ermənistanla hərbi münaqişənin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə nail olmaqdan ibarət idi. Və Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan vermədi.

Ancaq Ermənistan Azərbaycana qarşı ərazi iddialarından hələ də tam imtina etməyib. Rəsmi İrəvan öz imzasıyla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən israrla yayınmağa cəhd göstərir. Üstəlik, Ermənistanın biabırçı hərbi məğlubiyyətindən zaman keçdikcə, rəsmi İrəvan Azərbaycana qarşı dolayısı ilə ərazi iddiaları irəli sürməyə çalışırlar. Və bu, onu göstərir ki, Azərbaycan ordusu daim güclü, yüksək döyüş qabiliyyətli olmalıdır.

Ona görə də, Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan ordusunun lokal antiterror əməliyyatları qaçılmaz xarakter daşıyırdı. Ötən ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı nəticəsində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu döyüş meydanında məğlub edildi və bununla da Azərbaycan ərazisində erməni separatizminin kökü birdəfəlik kəsildi. Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam şəkildə bərpa etmiş oldu.

Təbii ki, indi artıq Azərbaycanın yeni inkişaf dövrünün konkret istiqamətlərini müəyyən etmək üçün geniş imkanlar açılıb. Azərbaycan ərazisində bundan sonra Cənubi Qafqaza heç bir aidiyyatı olmayan kənar güclərin “erməni layihəsi” daha mövcud olmayacaq. Rəsmi Bakı “erməni layihəsi”ni tamamilə və birdəfəlik sıradan çıxartdı. Və Cənubi Qafqazda geopolitik maraqları olan bəzi beynəlxalq güclər hazırda əsas regional alətini itirmiş durumdadırlar.

Böyük ehtimalla Azərbaycanın yeni inkişaf dövrünün mühafizəsi ordunun üzərində düşəcək. Ermənistanın törətdiyi son hərbi təxribatlar da bu ehtimalı gücləndirir. Rəsmi İrəvanı Azərbaycanla yeni hərbi münaqişəyə cəsarətləndirən xarici güclərin hələ də öz məkrli niyyətlərində israrlı olduğunu nəzərə aldıqda, ordumuzun yeni inkişaf dövründə önəmli rol oynayacağı qətiyyən şübhə doğurmur. Və bu baxımdan, Ermənistanın hərbi təxribatlarına Azərbaycan ordusunun verdiyi sərt reaksiya həm də beynəlxalq ermənipərəst mərkəzlərə də xəbərdarlıq mesajıdır.

Məsələ ondadır ki, rəsmi Bakı Ermənistanla yanaşı, onu dəstəkləyən xarici güclərin də Azərbaycana qarşı məkrli hərbi planların baş tutmayacağını, “Dəmir yumruğun” sarsıdıcı zərbəsi ilə dərhal pozulacağını artıq anlamalıdırlar. Ermənistanın öz mövcudluğunu qorumaq üçün Azərbaycanla yekun sülh sazişinin imzalanmasından başqa çıxış yolu yoxdur. Və rəsmi İrəvan hazırda Azərbaycana qarşı hərbi təxribatlar törətməklə, əslində, ilk növbədə Ermənistanın gələcək taleyini böyük risk altına atmış olur.

Ancaq Azərbaycanla yekun sülh sazişinin imzalanması da Ermənistana ümid etdikləri qədər asan başa gəlməyəcək. Belə ki, rəsmi İrəvan ilk növbədə Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində təklif etdiyi beş şərt-tələbi qeyd-şərtsiz qəbul etməlidir. Eyni zamanda, yekun sülh sazişinin imzalanmasından əvvəl rəsmi Bakının prinsipial əhəmiyyət verdiyi bəzi hüquqi prosedurları da mütləq yerinə yetirməlidir.

Azərbaycan Prezidenti İlham Əliyev birmənalı şəkildə vurğulayıb ki, əgər, rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarına son qoymazsa və Ermənistan öz qanunvericiliyini normal qaydaya salmazsa, sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Yəni, rəsmi Bakı Ermənistandan öz konstitusiyasını dəyişməsini tələb edir. Çünki Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alır. Və həmin iddialar ləğv edilmədən sülh sazişinin imzalanması heç bir əhəmiyyət daşımır.

Maraqlıdır ki, baş naziri Nikol Paşinyan rəsmi Bakının bu tələbini Ermənistanın daxili işlərinə qarşımaq kimi dəyərlənidirb. Onun fikrincə, Ermənistan qanunvericiliyinin məzmunu daxili məsələdir və dünyanın heç bir ölkəsinə, o cümlədən də, qonşu dövlətlərə aidiyyatı yoxdur. Halbuki, erməni baş nazirin bu “yanaşma”sı tamamilə məntiqsizdir. Çünki əgər, Ermənistanın konstitisiyasında qonşu ölkəyə - Azərbaycana qarşı ərazi iddiası varsa, bu, artıq daxili məsələ olmaqdan çıxmış olur. Və rəsmi İrəvan əgər, sülh istəyirsə, bu problemi ən qısa zamanda mütləq həll etməlidir.

Məsələ ondadır ki, Prezident İlham Əliyev Ermənistanla münasibətlərin normallaşdırılmasını Azərbaycan üçün prinsipial əhəmiyyət daşıyan məsələ hesab etmir. Dövlət başçısının fikrincə, Azərbaycan-Ermənistan münasibətlərinin əhəmiyyəti süni şəkildə şişirdilib. Çünki məhz Ermənistanın xarici havadarları daim bu məsələni müzakirə etmək və vasitəçi olmaq istəyirlər. Halbuki, bitərəf mövqe tutmayan ermənipərəst dairələrin vasitəçiliyi artıq heç vaxt mümkün olmayacaq.

Ona görə də, Prezident İlham Əliyev tərəfli vasitəçilərə mesaj göndərib ki, hər kəs öz işi ilə məşğul olsa, daha yaxşı olar. Onların qərəzli vasitəçiliyinə heç bir ehtiyac yoxdur. Əgər, Ermənistan əsassız iddialarından imtina etməzsə, sülh sazişi imzalanmayacaq və Azərbaycan üçün heç nə dəyişməyəcək. Yəni, bundan Azərbaycan deyil, məhz Ermənistan ziyan çəkəcək. Və sülh prosesi ilə bağlı bütün məsələlərin kənar müdaxilə olmadan iki ölkə arasında birbaşa müzakirələrlə həll edilməsinin də alternativi yoxdur.

Belə anlaşılır ki, rəsmi İrəvan Ermənistanın himayədarı olan beynəlxalq vasitəçiləri sülh prosesinə yaxın buraxmaq niyyətində deyil. Rəsmi Bakı hesab edir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi artıq beynəlxalq gündəlikdən düşməlidir. Cənubi Qafqazdakı sülh prosesində vasitəşilik etməyə can atanların çoxluğu absurd və qəbuledilməzdir. Azərbaycan öz hədəflərinə artıq çatdığı üçün beynəlxalq vasitəçilərə də qətiyyən ehtiyac duymur. Və indi sülh sazişinin imzalanıb-imzalanmayacağı barədə Ermənistan düşünməlidir.

Göründüyü kimi, Prezident İlham Əliyev öz prinsipial mövqeyi ilə əslində, Cənubi Qafqazda Azərbaycanın şəriksiz geopolitik iradə sahibi olduğunun mesajını verir. Azərbaycan lideri həm ölkəmizin, həm də ümumiyyətlə, regionun yeni dövrə qədəm qoyduğunu xüsusi olaraq, qabartmağa üstünlük verir. Çünki yeni dövrdə Azərbaycan da, Cənubi Qafqaz da rəsmi Bakının müəyyən etdiyi “yol xəritəsi” üzrə inkişaf edəcək. Və hər hansı kənar müdaxiləyə imkan verilməyəcək.

“Yeni Müsavat”


Вернуться назад