Главная > Siyasət > Kreml İrəvanı ifşa etdi, Qərbi sarsıdacaq sirri açdı: Rusiya Zəngəzur dəhlizini alır
Kreml İrəvanı ifşa etdi, Qərbi sarsıdacaq sirri açdı: Rusiya Zəngəzur dəhlizini alır12-02-2024, 09:38. Разместил: admin |
Paşinyan hakimiyyəti Rusiya və Azərbaycanın təzyiqləri qarşısında artıq tab gətirə bilmir, Zəngəzur dəhlizinin açılmasının qaçılmazlığı ilə barışmağa məcbur olub... Kreml isə dərhal bu anlaşmanı ictimailəşdirməklə, rəsmi İrəvanın sonradan mövqeyini dəyişmək şansını qapatmağa çalışır, erməni propoqanda mövzularını "vurur"... Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi İrəvanın Avropa Birliyinə yaxınlaşma niyyətini yenidən təkrarlayıb. Erməni baş nazir vurğulayıb ki, Ermənistan Avropa Birliyinə bu qurumun imkan verəcəyi qədər yaxınlaşmaqda israrlıdır. Halbuki, bu yaxınlaşmanın müddəti və rəsmi İrəvanı qane edəcək məzmunda ola biləcəyi də olduqca ciddi şübhələr doğurur. Və bu baxımdan, Ermənistanın içəri buraxılmayacağı qapının ağzında vurnuxmaq məcburiyyətində qaldığını əslində, rəsmi İrəvan hamıdan yaxşı bilir. Avropa Birliyinə Ermənistan yalnız "geopolitik alət" kimi lazımdır. Rəsmi İrəvanın bundan artığına ümid bəsləməsi sadəcə, "erməni xəyalları"ndan başqa bir şey deyil. Üstəlik, Avropa Birliyi Ermənistana regional sülh prosesində dəstək olmaq niyyəti güdmədiyi də qətiyyən şübhə doğurmur. Birincisi, bu qurumun Cənubi Qafqaza təsir mexanizmləri ümumiyyətlə, mövcud deyil. Digər tərəfdən isə hətta olsaydı belə, Ermənistanın yekun sülh sazişini imzalaması Avropa Birliyinin geopolitik maraqlarından çox-çox uzaqdır. Və bu reallıqlar rəsmi İrəvan üçün Azərbaycanla ikitərəfli birbaşa təmasları alternativsiz varianta çevirir. Baş nazir Nikol Paşinyan da Ermənistan hökumətinin qapalı toplantısında Azərbaycanla ikitərəfli təmasların əhəmiyyətini birmənalı şəkildə etiraf edib. O, sülh prosesinin detalları barədə danışarkən, Azərbaycanla birbaşa əlaqə mexanizmlərinin aktiv olduğunu vurğulayıb. Erməni baş nazir bildirib ki, Ermənistan Azərbaycanın Prezident Administrasiyası ilə təmasları işlək saxlamaqda maraqlıdır. Və rəsmi Bakının buna analoji qarşılıq verməsi Ermənistanı məmnun edir. Belə anlaşılır ki, bundan sonra sülh prosesi əsasən Azərbaycan və Ermənistan arasında birbaşa müzakirələr formatında davam edəcək. Rəsmi Bakı Avropa Birliyinin qərəzli və tərəfli vasitəçilik missiyasına yenidən şans tanımağa hazırlaşmır. Yalnız Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik missiyası istisna təşkil edə bilər. Və bu baxımdan, birbaşa təmaslara alternativ variantlar demək olar ki, qalmayıb. Məsələ ondadır ki, rəsmi İrəvan Azərbaycanın Avropa Birliyi ilə müqayisədə daha tolerant yanaşdığı Rusiyanın vasitəçilik missiyasını yaxına buraxmaq istəmir. Çünki Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşıb, ABŞ və Qərbə yaxınlaşmaq siyasəti yürüdür. ABŞ və Qərb isə rəsmi İrəvana Rusiya ilə analoji müzakirələri demək olar ki, qadağan edib. Və Paşinyan hakimiyyətinin həmin qadağanı pozmaq şansı ümumiyyətlə, mövcud deyil. Maraqlıdır ki, rəsmi İrəvanın ABŞ və Qərbə yaxınlaşmağa çalışması, Avropa Birliyi ilə əlaqə qurmağa can atması isə indiki mərhələdə Ermənistana əlavə problemlər yaradır. Belə ki, Kreml Ermənistanın davranışlarından ciddi şəkildə qıcıqlanır. Və üstəlik, bunu son vaxtlar daha qabarıq şəkildə biruzə verməyə çalışır. Onu da qeyd etmək lazımdır ki, Kremlin Ermənistana qəzəbli olması Rusiya siyasi dairələrinin nümayəndələri tərəfindən verilən açıqlamalarda qabarıq şəkildə nəzərə çarpır. Kreml hər imkanda rəsmi İrəvanın siyasi-ictimai mövqelərinə zərbə vurur, Paşinyan hakimiyyətinin yalan üzərində qurulmuş təbliğat tezislərini, uydurma iddialarını darmadağın edir. Və üstəlik, Kreml Ermənistana qarşı geopolitik iddialar irəli sürür. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova erməni jurnalistin sualına cavab verərkən, dolayısı ilə onun iddialarının yalan olduğuna eyham vurub. Belə ki, erməni jurnalist Azərbaycanın Qarabağ regionunda II Dünya Müharibəsinin qəhrəmanlarına ucaldılmış abidələrin dağıdıldığını iddia edib və Rusiyanın buna münasibətini soruşub. Və Rusiya rəsmisinin cavabı Ermənistan cəmiyyətində ciddi narazılıq doğurub. Məsələ ondadır ki, Mariya Zaxarova erməni jurnalistə sual verdiyi iddiaları sübuta yetirmək üçün faktların olub-olmadığını soruşub. O, əgər, belə faktlar mövcuddursa, ona göndərilməsini istəyib və yalnız bundan sonra bu mövzuda mövqe açıqlana biləcəyini vurğulayıb. Və bu, əslində, erməni jurnalistin iddialarının uydurma olduğuna dolayısı eyhamdır. Belə ki, Azərbaycanın Qarabağ regionunda hazırda Rusiya sülhməramlı qüvvələri müvəqqəti dislokasiya edilib. Onlar tam dəqiqliyi ilə bilirlər ki, Azərbaycan heç bir abidəni dağıtmayıb. Əgər, belə bir fakt olsaydı, rus sülhməramlılar onu qeydə alıb, Rusiya rəhbərliyinə göndərərdilər. Əksinə, Kremldə tam dəqiqliyi ilə bilirlər ki, Azərbaycanın Qarabağ regionunda II Dünya Müharibəsinə aid abidələrin bir hissəsini işğal dövründə ermənilər dağıdıblar. Bir hissəsində isə müəyyən dəyişikliklər edərək, erməni terrorçuların abidələrinə çeviriblər. Digər tərəfdən, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin açıq mətnlə bəyan edib ki, Qarabağ erməniləri regionu könüllü tərk edib. O, bildirib ki, ermənilərə Azərbaycanın Qarabağ bölgəsini tərk etmələri üçün hər hansı zorakılıq və ya təzyiq göstərilməyib: “Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti regionu tərk edib. Bu, ağır, lakin könüllü seçim olub”. Göründüyü kimi, bütün dünyaya "genosid" və "etnik təmizləmə" nağılları danışan ermənilərin uydurma iddiaları məhz Rusiya tərəfindən birmənalı şəkildə təkzib edilir. Belə ki, Rusiya Azərbaycanın Qarabağ iqtisadi regionunda baş verənləri hazırda tam dəqiqliyi ilə bilən yeganə dövlətdir. Rusiyanın sülhməramlı qüvvələri bölgədə olduğu üçün ermənilərin könüllü şəkildə ərazini tərk etmələrinin şahididir. Və Kremlin "ermənilər regionu könüllü tərk ediblər" bəyanatından sonra rəsmi İrəvanın uydurma iddialarının beynəlxalq gündəmdə saxlanılması mümkün deyil. Bütün bunlar o deməkdir ki, Rusiya Ermənistanın gələcək "propoqanda predmetləri"ni bir-birinin ardınca vurub, sırasından çıxarır. Halbuki, Rusiyanın Ermənistana vurduğu sarsıdıcı zərbələr heç bunlarla da məhdudlaşmır. Belə ki, Kreml Azərbaycan, Ermənistan və Rusiya arasında nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı prinsipial anlaşmanın əldə olunduğunu da bəyan edib. Həmin bəyanatda açıq mətnlə bildirilir ki, prinsipial anlaşma məhz Azərbaycanın materik hissəsini Naxçıvan ilə birləşdirəcək Sünik marşrutu (Zəngəzur dəhlizi) ilə birbaşa bağlıdır. Belə məlum olur ki, rəsmi İrəvan Rusiya və Azərbaycanın təzyiqləri qarşısında artıq tab gətirə bilmir. Ona görə də, Zəngəzur dəhlizinin açılmasının qaçılmazlığı ilə barışmağa məcbur olub. Kreml isə dərhal bu anlaşmanı ictimailəşdirməklə, Paşinyan hakimiyyətinin sonradan mövqeyini dəyişmək şansını qapatmağa çalışır. Və rəsmi İrəvanın əldə olunmuş razılaşmaları etiraf etməyərək, pozmaq vərdişləri Kremli belə davranmaq məcburiyyətində buraxır.(Yeni Müsavat) Вернуться назад |