Главная > Siyasət > Düyməyə basılıb: Ermənistanın təhlükəsizliyi təhdid altında - GƏLİŞMƏ

Düyməyə basılıb: Ermənistanın təhlükəsizliyi təhdid altında - GƏLİŞMƏ


2-02-2024, 14:22. Разместил: admin


“Ermənistanın Rusiya ilə Qərb arasında geosiyasi mübarizə poliqonuna çevrilməsi onun təhlükəsizliyini sual altına qoyacaq”.

Bu sözləri politoloq Oqtay Qasımov “Cebhe.info”-ya açıqlamasında Ermənistan-Rusiya münasibətlərində hazırki vəziyyət barədə fikirlərini bölüşərkən bildirib.

O qeyd edib ki, yaxın dövrlərdə Emənistanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatını (KTMT) tərk etməsi mümkün görünmür:

“Ermənistan nə qədər Qərbyönlü siyasət yürütsə də, İrəvanın tez bir zamanda Rusiyanın təsir dairəsindən çıxması mümkün olmayacaq. Bildiyimiz kimi, Rusiya ilə Ermənistan arasında bir çox istiqamətlərdə, xüsusilə hərbi-müdafiə və təhlükəsizlik sahələrində kifayət qədər sıx münasibətlər var. Ermənistan Azərbaycanla müharibəni bəhanə edərək Rusiyadan müəyyən qədər uzaqlaşmağa çalışıb.

Xüsusilə qeyd edim ki, keçən ilin sonlarında Baş nazir Nikol Paşinyan və ölkənin digər rəsmiləri KTMT-nin tədbirlərində iştirak etməkdən boyun qaçırıblar. Hətta onlar KTMT-yə qarşı ittiham səsləndirirdilər. Amma İrəvanın addımları heç bir nəticə verməyib. Yaxın zamanda da Ermənistanın bu istəkləri reallaşmayacaq. Həmin dövrdə İrəvanda hesab edirdilər ki, Rusiya Ukraynada məğlub olacaq və ondan sonra isə öz niyyətlərini həyata keçirə biləcəklər. Ancaq görürük ki, hazırda Rusiya Ukraynada müəyyən qədər təşəbbüsü ələ alıb. Bu baxımdan Rusiyanın Ukraynada məğlubiyyətindən danışmaq hələ tezdir. Ermənistan bu nüansları nəzərə almağa məcbur olub.

Eyni zamanda, Ermənistan Qərbdən umduğu real dəstəyi hələ ala bilməyib. Sözsüz ki, söhbət əsasən hərbi-müdafiə sahəsində əməkdaşlıqdan gedir. Doğrudur, Fransa müəyyən qədər Ermənistana hərbi texnika göndərib. Lakin Ermənistanın təlabatını qarşılayacaq səviyyədə deyil. Buna görə də Ermənistanın yaxın zamanda KTMT-ni bu və ya digər şəkildə tərk etməsi real görünmür”.

Politoloqun sözlərinə görə, Ermənistan Rusiya ilə Qərb arasında geosiyasi mübarizə poliqonuna çevrilməyə doğru gedir.

“Artıq bu proses başlayıb. Rusiyanın Ermənistanda iki hərbi bazasının mövcudluğunu, o cümlədən Ermənistanın Rusiyadan iqtisadi, enerji və strateji cəhətdən tam şəkildə asılılığını nəzərə alsaq, Moskvanın bu ölkədə xeyli təsir imkanlarının olduğunu görərik. Son bir neçə ildə Ermənistanın Qərblə münasibətləri inkişaf etdirməyə çalışması, xüsusilə Aİ-nın müşahidə missiyasını bölgəyə gətirməsi və onların sayını atırması, habelə keçən ilin sonunda Ermənistan ordusunun ABŞ və Fransa hərbçiləri ilə birlikdə təlimlərdə iştirak etməsi – bütün bunlar onu göstərir ki, Ermənistanda Rusiya ilə Qərb arasında geosiyasi rəqabət çoxdan başlayıb.

Onu da qeyd edim ki, Fransa Ermənistanın Zəngəzur bölgəsində konsulluq açmaq istəyir. Fransanın həqiqətən Ermənistan siyasətinə təsir etmək imkanları var. Fransa Ermənistan ordusunu silahlandırmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Bundan başqa, bir neçə ay bundan öncə həm Aİ-də, həm ABŞ-də, həm də Fransada Qarabağda rus sülhməramlıların Qərb qüvvələri ilə əvəzlənməsi ilə bağlı məsələ qaldırılmışdı. Amma bunun heç bir nəticəsi olmayacaq. Demək olar ki, Rusiya ilə Qərb arasında Cənubi Qafqaz üzərində geosiyasi rəqabət başlayıb. Bu rəqabətdə Ermənistan əsas plasdarm rolunu oynayır. Bu isə Ermənistanın təhlükəsizliyini sual altına qoyacaq”.


Вернуться назад