Главная > Siyasət > "Makron və Paşinyan Sorosun yetirmələridir" - ŞƏRH

"Makron və Paşinyan Sorosun yetirmələridir" - ŞƏRH


22-01-2024, 14:22. Разместил: admin


İrqçi və islamofob Fransa Senatı daha bir anti-Azərbaycan qətnaməsi qəbul edib. BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusuna yiyələnsə də, bir neçə aydır bu qurumda Azərbaycan əleyhinə qətnamə qəbul etdirə bilməyən Fransa özünü Senatın qətnaməsi ilə ovundurur. Fransa Senatının gözünü etnik və dini nifrət o qədər tutub ki, “Azərbaycanı və onun müttəfiqlərini öz qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağırır. Bununla Senat özünü lağlağı obyektinə çevirir. Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmək hüququ”ndan danışan Fransa qoy gedib Korsikaya, basklara, Yeni Kaledoniyaya müstəqillik versin. Bir tərəfdən Ermənistanın ərazi bütövlüyünün qorunmasından danışaraq, digər tərəfdən “Dağlıq Qarabağ respublikası” ifadəsindən istifadə edən Senat, əslində, özü-özünü ələ salır. Azərbaycanlı müxbirin Yeni Kaledoniyaya girişinə qadağa qoyanlar Azərbaycandan “Dağlıq Qarabağ Respublikasının siyasi liderləri”nin buraxılmasını tələb edir. Senat “erməni mədəni irsi”nə görə narahat olursa, qoy onda Fransanın əsrlərlə Afrikadan oğurladığı mədəni irs nümunələri ilə məşğul olsun. Fransanın Qarabağa göndərmək istədiyi UNESCO missiyası elə Fransanın özünə göndərilməlidir ki, həmin oğurlanmış irs nümunələrinin əsl sahiblərinə qaytarılmasını təmin etsin. Fransa Senatı başa düşməlidir ki, qayıdış qarşılıqlı olmalı, Qərbi azərbaycanlıların da Ermənistana qayıdışı təmin edilməlidir. Ermənistan da başa düşməlidir ki, Fransanın heç kimə lazım olmayan silahları ona sırıması, Avropa İttifaqının Ermənistanda baza qurması İrəvana heç bir kömək etməyəcək. Əksinə, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına mane olacaq.
Millət vəkili Asim Mollazadə deyib ki, Fransa bütün müstəmləkələrindən qovulub, uzun illər boyu sərvətlərini istismar etdiyi bir çox ölkədən uzaqlaşdırılıb. Deputat son dönəmlərdə Fransa daxilində də ciddi siyasi-iqtisadi böhran yaşandığını bildirib:

"Korsikada azadlıq mübarizəsi davam edir. Ölkədə sosial-iqtisadi problemlər artıb. Bunlar rəsmi Parisin uğursuz siyasətinin təzahürüdür. Mövcud problemləri həll edə bilməyən hakimiyyət əhalinin diqqətini başqa istiqamətlərə yönəldir. Fransa maraqlarını təmin etmək üçün özünə yeni region və müstəmləkə axtarır. Türkofobiya və islamafobiyanın güclü olduğu Ermənistan Fransa üçün ən münasib ölkədir. Ona görə də ermənilər üzərindən Azərbaycana qarşı siyasət yürüdürlər. Erməniləri də öz siyasi maraqlarına qurban edirlər".
Politoloq Zaur Məmmədov də bildirib ki, ölkəmizə qarşı aparılan qərəzli kampaniyanın arxasında Fransanın erməni narahatlığı yox, Azərbaycanda mövqe maraqları dayanıb:

“Fransada Azərbaycana qarşı kampaniya var və bunun arxasında Sorosa yaxın müəyyən qüvvələr durub. Makron və Paşinyan isə Sorosun yetirmələridir. Müəyyən qruplar erməni mövzusu altında Azərbaycana təzyiq etmək istəyindədir. Məqsəd Azərbaycana təzyiq etməkdir. Lakin Bakının prinsipiallığı qarşısında Paris öz qərəzli mövqeyindən geri çəkilməli olacaq".


Вернуться назад