Главная > Siyasət > Heydər Əliyevin qətiyyəti ilə ifşa olunan dəstə – “qəhrəman” Adamyanı kim öldürmüşdü?

Heydər Əliyevin qətiyyəti ilə ifşa olunan dəstə – “qəhrəman” Adamyanı kim öldürmüşdü?


18-12-2023, 09:58. Разместил: admin
Heydər Əliyevin qətiyyəti ilə ifşa olunan dəstə – “qəhrəman” Adamyanı kim öldürmüşdü?


1983-cü ilin fevralın 27-də Xocavənd rayonunun (keçmiş Martuni) Çartaz kəndində baş verən qətl mövcud dövrün ən səsli-küylü cinayət hadisələrindən biri sayılıb. Hətta bu cinayət hadisəsi Moskvada, Mərkəzi Komitədə də ciddi müzakirə mövzusuna çevrilib.

Maraqlıdır, mərkəzdən çox uzaqlarda olan Çartaz kəndindəki hadisəyə Kremlin “marağı” hansı səbəbdən doğub?
Bu sualın cavabına iki aspektdən yanaşmaq olar. Birincisi, qətlə yetirilənin statusu, ikincisi milli münaqişə zəmini.
Həmin gün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ən tanınmış şəxslərindən biri, dəfələrlə SSRİ Ali Soveti və Azərbaycan SSR Ali Sovetinin deputatı, Sosialist Əməyi Qəhrəmanı, dörd dəfə “Lenin” ordeni mükafatçısı, çoxsaylı orden və medallarla təltif olunan, Xocavənd rayonunun Çartaz kəndindəki “Kommunizm” kolxozunun sədri Suren Adamyan və onun həyat yoldaşı öz evlərində qətlə yetirilib. Məhz bu statuslarına görə Moskva cinayətin üstünün açılmasına böyük maraq göstərib. Hadisənin Azərbaycan ərazisində törədilməsinə baxmayaraq, Ermənistan da məsələyə müdaxilə etməyə cəhd göstərib.



Bu cəhdin arxasında isə başqa məqsədlər dayanıb. Belə ki, Suren Adamyanın güllələnməsi, həyat yoldaşının balta ilə qətlə yetirilməsini ermənilər azərbaycanlıların üstünə atmaqla vilayətdə gərginlik yaratmağa, milli münaqişəni qızışdırmağa çalışıblar. Məqam gözləyən erməni millətçiləri cinayət hadisəsinin azərbaycanlılar tərəfindən törədildiyini xarici mətbuata da çıxarmağa cəhd ediblər. İstintaq yekunlaşmadan Ermənistandan və Dağlıq Qarabağda yaşayan ermənilər tərəfindən Moskvaya yüzlərlə məktub və teleqramlar göndərilib.

Cinayət işinin istintaqı Azərbaycan SSR prokurorluğunun mühüm işlər üzrə müstəntiqinin rəhbərlik etdiyi qrupa həvalə edilib. Ermənilərin ciddi təkidlərindən sonra SSRİ prokurorluğunun göstərişi ilə həmin qrupa DTK-nın 3 müstəntiqi və Dağlıq Qarabağ Muxtar Vilayəti prokurorluğunun milliyyətcə erməni olan 2 müstəntiqi də cəlb olunub.

İstintaq qrupunun bu tərkibi də erməniləri qane etməyib. Onlar cinayət işinin SSRİ prokurorluğuna verilməsini tələb ediblər. Məqsəd istintaq qrupunda azərbaycanlıların olmaması, müxtəlif təsir vasitələri ilə cinayətin izini itirmək, qətlin azərbaycanlılar tərəfindən törədilməsini sübuta yetirmək olub. Bu tələb növbəti dəfə Mərkəzi Komitədə müzakirəyə çıxarılıb. Ermənilərin tələb və təklifi bu müzakirələrdə rədd edilib. Belə ki, Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev qətiyyət nümayiş etdirərək bəyan edib ki, cinayət Azərbaycanda törədildiyindən, məhz Azərbaycan SSR prokurorluğu tərəfindən araşdırılmalıdır. Bu qətiyyət bu dəfə də ermənilərin çirkin niyyətlərini alt-üst edib.



Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdən Suren Adamyanı yaxşı tanıyıb, onun keçmişinə də, ikibaşlı oyunlarına da yaxşı bələd olub. Hələ 1960-cı illərdə ermənilər Adamyanla bağlı Moskvaya çoxsaylı şikayətlər ünvanlayıblar. Bu şikayətlərdə hədə-qorxular da yer alıb. Hətta anonim teleqramların birində “Suren Adamyanın özbaşınalığına son qoyulmasa, evdən onun meyiti çıxacaq” kimi ifadələr də əks olunub.

Bəli, Suren Adamyan sovet-alman müharibəsindən sonrakı dövrdə özünü “toxunulmaz” şəxs sayıb.

Qeyd edək ki, 1913-cü ildə Çartaz kəndində anadan olan Adamyan İrəvanda ali zootexnik təhsili alıb. İlk əmək fəaliyyətinə Çartazda zootexnik kimi başlayıb. İxtisası zootexnik olsa da, Adamyan 1937-1944-cü illərdə orta məktəbdə müəllim və direktor vəzifələrində işləyib, bununla da hərbi xidmətdən, o cümlədən müharibədən möhlət hüququ qazanıb. 1945-ci ildə, müharibədən sonra isə o, Çartaz kəndindəki “Kommunizm” kolxozunun sədri vəzifəsində qərarlaşıb və ömrünün sonuna kimi bu fəzifədə işləyib. Onu da vurğulayaq ki, 1945-ci ildən 1983-cü ilə qədər kolxoz sədri işləyən Suren Adamyan Azərbaycanın büdcəsi hesabına təkcə başçılıq etdiyi kolxozu və yaşadığı kəndi deyil, həm də öz şəxsi büdcəsini də yetərincə zənginləşdirib və Çartaz kəndindəki bütün fəaliyyəti dövründə azərbaycanlılara bu kənddə bir ev tikməyə belə şərait yaratmayıb, əngəllər törədib.

Heydər Əliyev ermənilərin istintaq qrupu ilə bağlı tələblərini Moskvada rədd etdirdikdən sonra Azərbaycan prokurorluğunun rəhbərlik etdiyi istintaq qrupu bir neçə gündən sonra cinayətin izinə düşüblər.

İstintaq zamanı məlum olub ki, qətl ermənilər tərəfindən törədilib və soyğunçuluq məqsədi daşıyıb. Qətlin əsas icraçıları kimi Dağlıq Qarabağ Muxtar Vilayətində müxtəlif rayonlarda və ünvanlarda qeydiyyatda olan Baqdasaryan və Asryanın axtarışına başlanılıb. İstintaq zamanı o da məlum olub ki, hər iki şəxsin istifadə etdiyi silahlar Ermənistandan və Soçi şəhərindən əldə olunub.

Cinayətkar qrup əvvəlcədən Suren Adamyanın evindəki seyfində saxlanılan böyük pul məbləğinin, istiqraz və zinət əşyalarının olması haqqında məlumatlar əldə edirlər. Kolxoz sədrinin evində saxlanılan pul və qiymətli əşyaların ümumi məbləğinin yarım milyondan artıq olduğu da cinayətkarlara məlum olur.

Həmin dövrdə bu cinayət hadisəsi soyğunçuluq faktı ilə yanaşı, həm də vilayətdə milli münaqişələrin qızışdırılması məqsədi daşıyıb. Əsas məqsədlərdən biri də Dağlıq Qarabağ Muxtar Vilayətində həmin dövrdə ermənilərə qarşı amansız mövqedə dayanan, hər an ermənilərin murdar niyyətlərini ifşa etməyə hazır olan çox azsaylı azərbaycanlı məmurların işdən azad olunması, vilayətdən uzaqlaşdırılması olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 11 nəfərdən ibarət cinayətkar qrup saxlanılıb. Baqdasaryan və Asryan isə Krasnodarda xüsusi əməliyyat zamanı təslim olublar. Bu iki cinayətkar məhkəmənin hökmü ilə ən ağır cəzaya - ölüm hökmünə, güllələnməyə məhkum olunublar.


Вернуться назад