Главная > Siyasət > ABŞ Zəngəzur dəhlizini "qaranlıq tunelə" çevirir: Ağ Ev Ermənistanı Azərbaycanın hesabına "bəsləmək" istəyir

ABŞ Zəngəzur dəhlizini "qaranlıq tunelə" çevirir: Ağ Ev Ermənistanı Azərbaycanın hesabına "bəsləmək" istəyir


17-11-2023, 09:34. Разместил: admin
ABŞ Zəngəzur dəhlizini "qaranlıq tunelə" çevirir: Ağ Ev Ermənistanı Azərbaycanın hesabına "bəsləmək" istəyir


ABŞ-ın yeni planına görə, Zəngəzur dəhlizi mütləq açılmalıdır, Rusiya və İran oyundankənar vəziyyətə salınmalıdır, yalnız Ermənistanın şərtləri yerinə yetirilməlidir... Ancaq Ağ Evin bu "qaranlıq plan"ının baş tutması real görünmür, ABŞ nəhəng supergüc olsa da, rəsmi Bakı ona Ermənistanı Azərbaycanın maraqları hesabına "gücləndirmək" imkanı verməz...
Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə bu regiondan çox-çox uzaq olan nəhəng dövlətin və bəzi beynəlxalq qurumların kobud müdaxilə cəhdləri artıq maksimum həddə çatıb. İndi əsas beynəlxalq qarşıdurma vektorları birbaşa Cənubi Qafqaz çoğrafiyası üzərində çarpazlaşıb. Ona görə də, son vaxtlar bu regionda "geopolitik düyün"lərin sayı durmadan artmaqda davam edir. Və bu, Cənubi Qafqazın gələcək taleyi üçün real təhlükə törətməyə başlayıb.

Maraqlıdır ki, Cənubi Qafqazın ətrafında qurulan geopolitik oyunların məzmun və hədəfləri də son vaxtlar ifşa olunmaqdadır. Belə ki, Ermənistan baş naziri Nikol Paşinyanın qapalı toplantıda öz siyasi komandasının təmsilçilərinə ABŞ və Qərbin rəsmi İrəvana verdiyi təhlükəsizlik vədləri barədə dediklərinin arxasında gizlənən bəzi məqamlar indi artıq tam aydınlığı ilə ortaya çıxmaqdadır. Və son baş verənlər də əslində, Qərbin Cənubi Qafqaz ilə bağlı yeni planlarını təxmin etməyə imkan verir.

 Məsələ ondadır ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin açıqlamaları Ağ Evin necə bir təhlükəli geopolitik oyuna başladığını açıq şəkildə ortaya çıxarır. Belə ki, o, bildirib ki, Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinə əvəz tapmaq lazımdır. Yəni, ABŞ Rusiya hərbi kontingentinin Cənubi Qafqazdan, o cümlədən də, Azərbaycandan çıxarılmasına çalışır. Bu, ABŞ-Rusiya qarşıdurmasının daha da dərinləşdiyindən xəbər verir.


Ancaq Ağ Evin nəzərə almadığı və ya nəzərə almaq istəmədiyi bir önəmli məqam da mövcuddur. Belə ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu, beynəlxalq hüquq normaları ilə təsbit edilib. Yəni, Qarabağdan rus sülhməramlıların çıxarılması barədə siyasi-hüquqi qərarı yalnız Azərbaycan dövləti verə bilər. Eyni zamanda, rəsmi Bakının istəyi olmadan Qarabağda kimsə yeni hərbi kontingent yerləşdirə bilməz. Yəni, dövlət katibi Entoni Blinkenin köməkçisinin açıqlaması ABŞ-ın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdindən başqa bir şey deyil. Və bu, yolverilməz cəhdlərdir.

Digər tərəfdən, Ceyms Obrayenin vurğuladığı bəzi önəmli məqamlardan belə aydın olur ki, ABŞ Cənubi Qafqazda Ermənistanı Rusiyaya qarşı əsas plasdarm olaraq, seçib. Bunun əvəzində isə rəsmi İrəvana Azərbaycan əleyhinə müəyyən vədlər verib. Hətta onlardan bəzilərinin icrasına da başlayıb. Hər halda, Ağ Ev təmsilçisi ABŞ-ın Azərbaycana bütün istiqamətlər üzrə yardımları dayandırdığını qabardıb. Və bu metodla rəsmi Bakıya sərt təzyiq göstərməyə çalışıldığı da artıq inkaredilməz reallıqdır.

Dövlət katibinin köməkçisi Azərbaycana ABŞ-ın yüksək rütbəli rəsmilərinin səfərlərinin dayandırıldığını da vurğulayıb. Onun dediyinə görə, Azərbaycanla münasibətlərin tam normallaşması ilk növbədə rəsmi Bakının Ermənistanla yekun sülh sazişini imzalamasından asılıdır. Yəni, Ağ Ev rəsmisinin sözlərindən belə anlaşılır ki, ABŞ istənilən məsələdə Ermənistanla sülh sazişini Azərbaycanın önünə çıxartmaq niyyətindədir. Belə təsəvvür yaranır ki, ABŞ Azərbaycanı savaşda məğlub olmuş Ermənistanın maraqları çərçivəsində sülh sazişi imzalamağa sövq etməyə çalışır.

Bütün bunları nəzərə aldıqda, rəsmi İrəvanın son vaxtlar niyə tez-tez sülh sazişini imzalamağa hazır olduğunu bəyanlamasının əsl səbəbləri məlum olur. Baş nazir Nikol Paşinyan hər imkanda Azərbaycanla sülh sazişinin bu ilin sonuna qədər imzalana biləcəyini vurğulayır. Eyni fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan, xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da israrla təkrarlayırlar.



Bütün bunlara paralel olaraq, rəsmi İrəvanın sülh sazişi üçün üç əsas prinsip üzərində anlaşmanın olduğunu vurğulaması da, kifayət qədər qaranlıq məqamdır. Çünki rəsmi Bakı sülh sazişinin imzalanması üçün beynəlxalq hüquq çərçivəsində beş şərt-tələb irəli sürülüb. Bu, o deməkdir ki, Ağ Ev rəsmi İrəvana Ermənistanın maraqlarına uyğun sülh sazişi vəd edib. Və bu səbəbdən də rəsmi İrəvan böyük ümidlə, hətta müəyyən əminliklə Ağ Evin Azərbaycana təzyiqlərinin nəticələrini gözləyir.

Nəhayət, ABŞ-ın Cənubi Qafqaz siyasətində və Ermənistana israrlı dəstək cəhdində bir önəmli məqam da narahatlıq doğura biləcək məzmunda gündəmə gəlməyə başlayıb. Ceyms Obrayen bildirib ki, hər hansı dəhliz yalnız Ermənistanın razılığı ilə yaradılmalıdır: "Bu halda, region dövlətləri və dünya bazarları üçün yeni, geniş və çox faydalı tranzit imkanları açılmış olacaq. Başqa variantlarla, o cümlədən də, güc tətbiqi və ya İranın iştirakı ilə nəqliyyat dəhlizinin yaradılmasına göstərilən cəhdlərə qətiyyətli cavab addımlarıyla reaksiya veriləcək".

Göründüyü kimi, ABŞ Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşır. Çünki bunun həm Qərbin, həm də hamıdan çox Ermənistanın maraqlarına cavab verdiyinə əmindir. Ancaq Ağ Ev Zəngəzur dəhlizini məhz ABŞ-ın planları çərçivəsində açılmasını diqtə etməyə çalışır. ABŞ-ın Zəngəzur planının isə həm də Ermənistanın şərtlərini ifadə etdiyi artıq qətiyyən şübhə doğurmur. Yəni, Ağ Ev Zəngəzur dəhlizinin mütləq açılmasında israr edir. Bunun yalnız Ermənistanın (ABŞ və Qərbin) nəzarəti altında olmasına qərar verib. Çünki bu halda, Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altına düşmə riski bloklanmış olacaq.

Digər tərəfdən, Azərbaycana mesaj verilir ki, Zəngəzur dəhlizinin güc yolu ilə açılmasına cəhdlər qəbul edilməyəcək. Halbuki, rəsmi Bakı Zəngəzur dəhlizi üçün hərbi varianta əl atmaq niyyətinin olmadığını artıq dəfələrlə bəyan edib. Hətta rəsmi Bakı Zəngəzur dəhlizinə marağını itirdiyini də birmənalı şəkildə vurğulayıb. Ona görə də, alternativ variant olan İran ərazisindən marşrutun çəkilməsinə də başlanılıb. Və bu baxımdan, Ağ Evin "sərt reaksiya" xatırlatması tamamilə yersizdir.



Ancaq belə anlaşılır ki, bütün bunlar Ağ Evi qətiyyən qane etmir. Çünki Azərbaycanın İranla ortaq nəqliyyat marşrutu yaratmaq niyyətini də açıq şəkildə bloklamağa çalışır. Yəni, ABŞ Cənubi Qafqazın gələcək taleyini müəyyən edəcək nəqliyyat marşrutunun İrandan keçirilməsinə birmənalı şəkildə qarşı çıxır. Və bütün bunların qısa izahı isə çox sadədir.

ABŞ öz planını rəsmi Bakıya qəbul etdirməyə çalışır. Həmin plana görə, Zəngəzur dəhlizi mütləq açılmalıdır. Rəsmi Bakı hərbi variantlar barədə düşünməkdən imtina etməlidir. Rusiya və İran oyundankənar vəziyyətə salınmalıdır. Zəngəzur dəhlizi açılarkən, birmənalı şəkildə Ermənistanın şərtləri yerinə yetirilməlidir. Və bu, faktiki olaraq, ABŞ-ın Ermənistanı Azərbaycanın maraqları hesabına "bəsləmək" cəhdindən başqa bir şey deyil.

Təbii ki, Ağ Evin bu "qaranlıq plan"ının baş tutması qətiyyən asan olmayacaq. Çünki ABŞ-ın planı əslində, "Zəngəzur tuneli"nin açılmasına cəhd xarakteri daşıyır. ABŞ nə qədər supergüc olsa da, rəsmi Bakı Ağ Evə Ermənistanı Azərbaycanın maraqları hesabına "bəsləmək" imkanı verməz. Ona görə də, yaxın vaxtlarda Cənubi Qafqazda daha gərgin situasiyanın yarana biləcəyi qətiyyən istisna deyil.(musavat.com)


Вернуться назад