Главная > Siyasət > Kart-blanş bitdi: Hədəf odur! - NƏ BAŞ VERİR?

Kart-blanş bitdi: Hədəf odur! - NƏ BAŞ VERİR?


6-11-2023, 15:30. Разместил: admin


Ermənistan Milli Təhlükəsizlik Xidməti iki gün öncə dövlət qurumlarına və ayrı-ayrı şəxslərə qarşı silsilə terror aktları hazırlayan cinayətkar qrupun ifşa olunduğunu açıqlayıb.

Məlumatda deyilir: “Qrup partlayışlar törətməyi, dövlət əhəmiyyətli binaları ələ keçirməyi və hökumət orqanlarının fəaliyyətinə mane olmaq üçün mülki şəxsi öldürməyi planlaşdırıb”.

Həbs edilən beş nəfərin üzərində silah, sursat, Ermənistan və Rusiya operatorlarına aid hələ istifadə olunmamış telefon kartları və şifrələnmiş sənədlər tapılıb.

Hazırlanan terror əməliyyatı “Şimal yarpaq tökümü” adlandırılıb və geniş əhali kütləsinin cəlb edilməsi nəzərdə tutulurmuş. Bundan əlavə, “Milli Qurtuluş üsyanı” adlı teleqram kanalı yaradılmalıymış. Məlumatda bildirilir ki, cinayətkar qruplaşma üzvlərinin ailələrinin Gürcüstana aparılması da planlaşdırılıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti terror aktının kimə qarşı planlaşdırıldığını açıqlamır. Lakin “hökumət binalarının zəbt edilməsi, mülki şəxsin qətlə yetirilməsi və dövlət qurumlarının fəaliyyətinə maneə törədilməsinin” ölkənin birinci şəxsinin öldürülməsi və dövlət çevrilişi həyata keçirilməsi planı olduğunu təxmin etmək çətin deyil.

Beləliklə, Nikol Paşinyan növbəti dəfə Ermənistanda mövcud hakimiyyəti zorakılıqla devirmək cəhdinin qarşısını ala bilib. MTX-nın məlumatında terror hücumuna cəhddə xarici qüvvələrin iştirakına da işarə edilir, lakin həmin ölkənin adı açıqlanmır.

Maraqlıdır, Ermənistan MTX-sı niyə belə ehtiyatla davranır? Əgər söhbət Rusiyadan gedirsə, o zaman niyə birbaşa ad çəkilmir? Axı, Paşinyan özü və komandasının üzvləri son bir ildə Moskvanı Ermənistana qarşı bütün günahlarda ittiham edərək, diplomatik davranış qaydalarına elə də riayət etmirlər? Hazırkı ehtiyatlılığın səbəbi nə ola bilər? Və bu məlumat həqiqətə oxşayırmı? Kremlin Paşinyanın aradan götürülməsi və İrəvanda hakimiyyətin dəyişməsində ciddi marağının olduğunu göstərən nişanələr varmı?

DİA.AZ xəbər verir ki, politoloq, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl fikirlərini Pressklub.az-la bölüşüb.

Onun sözlərinə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumat dövlət çevrilişinə hazırlıq getdiyini aydın göstərir.

“İki ay əvvəl Ermənistan baş nazirinin təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. Mən hesab edirəm ki, bu, Qərb kəşfiyyatının əvvəlcədən təqdim etdiyi məlumatlar əsasında baş verib. Hədəfin Paşinyan olduğuna şübhə yoxdur. Onun fiziki məhvinə şərait yaratmaq “Şimal yarpaq tökümü” əməliyyatından daha asan olardı.

Aydındır ki, Paşinyan hakimiyyəti Rusiyanı qane etmir və son aylar isə onu tamamilə qıcıqlandırır. Rusiya Ermənistanda həmişə asanlıqla hakimiyyət dəyişikliyinə nail olub. Rublyovkada Yeltsinlə bir söhbətdən sonra ölkənin birinci prezident Levon Ter-Petrosyanın istefası. 1999-cu il 27 oktyabrda parlamentin spikeri Karen Dəmirçiyan və baş nazir Vazgen Sarkisyanın rostovlu qatillər tərəfindən gülləlnməsi. 2008-ci ildə prezident seçkilərinin nəticələrinə etiraz edən 8 nəfərin öldürülməsi. Bu hadisələrin hamısının birbaşa Rusiyaya aidiyyatı olub”, – ekspert deyir.

Onun fikrincə, son əməliyyatın adının “Şimal yarpaq tökümü” olması və həbs edilənlərin mənzillərində Rusiya Federasiyasına məxsus çoxsaylı telefon kartlarının aşkarlanması planlaşdırılan çevrilişin sifarişçisinin ünvanının Rusiya olduğunu açıq deməyə imkan verir.

“Rusiyanın adının çəkilməməsi o deməkdir ki, iki ölkə arasında gərginlik pik həddə çatıb və rəsmi İrəvan Kremlin qəzəbindən yayınmaq istəyir. Paşinyan Avropa Parlamentində çıxışı zamanı Rusiyanın adını çəkmədən bəyan etdi ki, “təhlükəsizlik üzrə ən yaxın müttəfiqimiz dövlət çevrilişinə hazırlaşır”. Hər iki tərəf açıq danışmasa da, həqiqət hər iki ölkəyə bəllidir.

Hazırlanan əməliyyatın xarakterik xüsusiyyətləri göstərir ki, bu, sadə qruplaşma tərəfindən planlaşdırılan əməliyyat deyil, peşəkarlıqla hazırlanmış standart çevriliş planıdır və adətən belə planlar xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq həyata keçirilir.

Demək olar ki, Roma Statutunun qəbulundan sonra Moskvanın Paşinyan hakimiyyətinə dözümlülük göstərməsi başa çatıb. Bu, üç ildir yumşaq gücdən istifadə edərək dövlət çevrilişi edə bilməyən Rusiyanın sonuncu əməliyyat olmayacaq və Moskvanın çevriliş cəhdləri davam edəcək”, – deyə İ.İsmayıl yekunlaşdırıb.


Вернуться назад