Главная > Siyasət / Gündəm > İlham Əliyev Astanada TDT-nin 10-cu yubiley Zirvə görüşündə çıxış edib - YENİLƏNİB + FOTO

İlham Əliyev Astanada TDT-nin 10-cu yubiley Zirvə görüşündə çıxış edib - YENİLƏNİB + FOTO


3-11-2023, 12:23. Разместил: admin


Noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Zirvə görüşünü açaraq qonaqları salamlayıb.

Dövlətimizin başçısı Zirvə görüşündə çıxış edib.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

- Hörmətli Kasım-Jomart Kemeleviç, hörmətli dövlət və hökumət başçıları, əziz dostlar.

İlk növbədə, qonaqpərvərliyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə təşəkkür edir və qardaş Qazaxıstana Türk Dövlətləri Təşkilatına qarşıdan gələn sədrliyi dövründə müvəffəqiyyətlər arzulayıram. Türk Dövlətləri Təşkilatına bir il ərzində uğurlu sədrlik münasibəti ilə qardaş Özbəkistanı təbrik edirəm.

Yenidən Astana şəhərində olmağıma şadam. Bu, son iki ildə Qazaxıstana üçüncü səfərimdir. Hər səfərimdə Qazaxıstanda uğurlu islahatların və genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsinin şahidi oluram. Bütün əldə edilmiş uğurlar münasibətilə Qazaxıstan rəhbərliyini təbrik edirəm.

Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biridir. Etnik və mədəni köklərimiz, dilimiz, ortaq keçmişimiz münasibətlərimizin təməlini təşkil edir. 2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində müxtəlif sahələrdə əməkdaşlığımız təsisatlanıb, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib. Bu gün təşkilatımız beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir.

Son iki il ərzində mən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərə 20 səfər etmişəm. Qardaş dövlətlərin rəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlər ediblər.

Oktyabr ayında Şuşa şəhərində Birinci Türk Dünyası Mədəniyyət Forumu təşkil edilib. Fürsətdən istifadə edərək, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə verdiyiniz dəstəyə görə minnətdarlığımı bildirirəm.

Azərbaycan türk dövlətlərinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub. Bunun əsas hissəsi Türkiyəyə qoyulan sərmayədir.

Birgə sərmayə fondlarının yaradılması prosesi başlayıb. Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğızstan İnkişaf Fondu yaradılıb.

2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsi 40 faiz artıb.

Münasibətlərimizin inkişafı kontekstində nəqliyyat və logistika sahələri mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə Türkiyə və Avropa bazarları arasında etibarlı tranzit ölkə kimi özünü təsdiqləyib.

Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin dayanıqlı fəaliyyətinə öz dəyərli töhfəsini verir.

Hörmətli həmkarlar, əfsuslar olsun ki, bu gün dünyanın müxtəlif bölgələrində beynəlxalq hüquq normaları kobudcasına pozulur. Müharibələr, qanlı münaqişələr alovlanır. Belə olan halda, ilk növbədə, ölkələrin müdafiə potensialı təhlükəsizliyin əsas zəmanətinə çevrilir. Hesab edirəm ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq daha da artmalıdır.

Bildiyiniz kimi, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamış və burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Ermənistan tərəfindən həyata keçirilmiş etnik təmizləmə nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulub. Ermənistan şəhər və kəndlərimizi yerlə-yeksan edib, tarixi və dini abidələrimizi dağıdıb və təhqir edib.

Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışırdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi.

Ermənistanın baş nazirinin 2019-cu ildə o vaxt işğal altındakı Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlara son qoydu. Ermənistan rəhbərliyi o vaxt Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi.
2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı və ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi.

Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq, məhz Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdi və beş baza prinsipini təqdim etdi.

2022-ci ildə Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıdığını bəyan etsə də, onun real əməlləri tamamilə məntiqsiz və təzadlı idi. Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazilərində qalmaqda davam edirdi. Ermənistanın baş nazirinin bu il sentyabrın 2-də qondarma qurumun dırnaqarası “müstəqilliyi”ni təbrik etməsi və Qarabağda keçirilmiş 9 sentyabr dırnaqarası “prezident seçkisi” ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik və birbaşa təhdid idi.

2023-cü il sentyabrın 19-da işğaldan azad edilmiş torpaqlarımızda qanunsuz erməni silahlı birləşmələri tərəfindən qəsdən yerləşdirilmiş minaların partlaması altı mülki şəxsin və polis əməkdaşının həyatına son qoydu. Bundan sonra Azərbaycan konstitusiya quruluşunun bərpası və qanunsuz hərbi birləşmələrin zərərsizləşdirilməsi məqsədilə lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. 23 saat ərzində bitən əməliyyat nəticəsində Azərbaycan özünün suverenliyini və konstitusiya quruluşunu tam bərpa etdi. Antiterror tədbirləri nəticəsində mülki insanlara və mülki infrastruktura heç bir ziyan dəymədi. Azərbaycan beynəlxalq humanitar hüquqa tam riayət etdi. Bölgəyə iki dəfə səfər edən BMT missiyası bu faktları təsdiq edib.

Üç il əvvəl Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə artıq Azərbaycan büdcəsindən yeddi milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il ən azı 2,4 milyard ABŞ dollarının ayrılacağı nəzərdə tutulur.

Biz “Böyük Qayıdış” proqramını icra edirik. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri - Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıblar. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur.

Füzuli şəhərində inşası başa çatmış məktəbə görə Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevə bir daha minnətdarlığımı bildirirəm. Avqust ayında birgə iştirakımızla məktəbin açılış mərasimini məmnuniyyətlə xatırlayıram. Qazaxıstanın Azərbaycana hədiyyəsi olan Füzuli şəhərində inşa edilən yaradıcılıq mərkəzinə görə Prezident Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Bunlar, Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan xalqları arasında olan dostluğun və qardaşlığın təzahürüdür.

Əziz dostlar, biz böyük türk dünyasının bir hissəsiyik. Əminəm ki, dostluğumuz, qardaşlığımız əbədi olacaq. Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu daha da artacaq.

Təşəkkür edirəm.

***
Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə görüşü keçirilir.

“Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, tədbirin açılışında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bütün iştirakçıları salamlayıb.

Açılış nitqində Qazaxıstan Prezidenti Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi münasibəti ilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib. Onun sözlərinə görə, Azərbaycan suverenliyini bütün ərazisində təmin etməklə BMT-nin sənədlərini icra etdi.

***
Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə Görüşü keçirilir.

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev tədbirdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

İlham Əliyev Astanada TDT-nin 10-cu yubiley Zirvə görüşündə çıxış edib - YENİLƏNİB + FOTO


Вернуться назад