Главная > Siyasət > Ermənistanda "Suriya modeli" reallaşır: Rusiya və Fransa hərbi bazaları, Qərbin kəşfiyyat oyunları...

Ermənistanda "Suriya modeli" reallaşır: Rusiya və Fransa hərbi bazaları, Qərbin kəşfiyyat oyunları...


28-10-2023, 10:00. Разместил: admin
Ermənistanda "Suriya modeli" reallaşır: Rusiya və Fransa hərbi bazaları, Qərbin kəşfiyyat oyunları...


Rusiya hərbi bazaları 2044-cü ilə qədər Ermənistan ərazisində qalacaq, tezliklə Fransa hərbi kontingenti də peyda olacaq... Avropa Birliyinin də mülki müşahidə missiyası adı altında Ermənistanda Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti göstərdiyini də nəzərə aldıqda, bu ölkəni gözləyən kataklizmləri təxmin etmək o qədər də çətin deyil...
Rusiya və Ermənistan arasında olduqca ciddi siyasi böhran yaşanır. Hər iki tərəf bu qarşıdurmada özünü tamamilə haqlı hesab edir. Eyni zamanda, qarşı tərəfi günahlandıraraq, sərt ittihamlarla hədəfə alır. Bu baxımdan, Kreml və rəsmi İrəvan arasında hələ uzun müddət siyasi gərginliyin mövcud olacağı qətiyyən istisna deyil. Və bu, hər iki müttəfiq ölkənin qarşılıqlı münasibətlərə yenidən baxmaq məcburiyyətində qala biləcəyini də biruzə verir.

Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan hakimiyyəti daxilində Rusiya əleyhinə manevrlər artıq prinsipial mövqe xarakteri almağa başlayıb. Hətta Ermənistan baş naziri Nikol Paşinyanın öz partiyasının qapalı toplantısında Rusiyanı dövlət çevrilişi planı hazırlamaqda ittiham edib. Baş nazir Nikol Paşinyanın iddiasına görə, Kreml onu hakimiyyətdən devirib, Ermənistanda özünə yaxın siyasi qüvvələri iqtidara gətirməyə cəhd göstərir. Və bu səbəbdən də, Ermənistanda hakimiyyətin qorunması üçün bütün sərt addımların atılması vacibdir.

Ermənistan baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiya ilə qarşıdurmaya tab gətirmək üçün partiyadaşlarına konkret tapşırıqlar da verib. Həmin tapşırıqlara görə, ilk növbədə "artsax" rəhbərliyinə daxil olan şəxslərin hamısı nüfuzdan salınmalıdır, onların haqqında müxtəlif ittihamlar irəli sürülməlidir. Erməni baş nazir hesab edir ki, bu şəxslər Kreml ilə yaxın münasibətlərə malik olmaqla yanaşı, həm də birbaşa Rusiya kəşfiyyatının nəzarəti altında hərəkət edirlər. Və bu, onların Ermənistanda hakimiyyət çevrilişi üçün Rusiya tərəfindən istifadə edilə biləcəyini aktuallaşdırır.

Digər tərəfdən, erməni baş nazir Ermənistan cəmiyyətində Rusiya əleyhinə təbliğatın gücləndirilməsini də vacib hesab edir. Ona görə də, baş nazir Nikol Paşinyan Ermənistan cəmiyyətinə Qarabağ klanının Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlmək üçün bütün vasitələrdən istifadə etməyə çalışdığı barədə tezislərin ötürülməsini də tapşırıb. Və bu, erməni baş nazirin devrilmə təhlükəsinə artıq isterik yanaşmağa başladığını da biruzə verir.

Maraqlıdır ki, rəsmi İrəvan Rusiya əleyhinə propoqandanı hətta siyasi-diplomatik alətlər üzərindən belə, aparmaq niyyətində olduğunu qətiyyən gizlətmir. Belə ki, Ermənistan Rusiyaya nota verib. Həmin notada Kremldən Ermənistan rəhbərliyi barədə Rusiya mətbuatında yer alan təhqiramiz ittihamlarla bağlı dərhal tədbirlər görülməsi tələb olunur. Eyni zamanda, Ermənistan parlamentinin spikeri Alen Simonyan Kremlə xəbərdarlıq edib ki, Rusiya mətbuatında ölkə hakimiyyətinə qarşı hücumlar əks effekt verir. Və bununla da, erməni spiker Paşinyan hakimiyyətinin Ermənistan cəmiyyətində Rusiya əleyhinə apardığı propoqandanın məsuliyyətini məhz Kremlin üzərinə yükləməyə çalışır.

Əslində, bu, kifayət qədər hiyləgər gediş təsiri bağışlayır. Ancaq Paşinyan hakimiyyətinin nümayəndələri onu da unudurlar ki, erməni baş nazirin Qərb mətbuatında Rusiya əleyhinə dilə gətirdiyi ittihamlar Kremldə də diqqətə alınır. Xüsusilə də, baş nazir Nikol Paşinyanın "Rusiya hərbi bazaları Ermənistana heç bir üstünlük qazandırmır, əksinə, problem yaradır" fikri Kremldə xüsusi qıcıqla qarşılanıb. Çünki Kremldə hesab edirlər ki, erməni baş nazir bu açıqlama ilə dolayısı da olsa, Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasını gündəmə gətirmək niyyəti güdür.

Rusiyanın cavab reaksiyasını təxmin edən erməni baş nazir isə dərhal öz fikirlərində müəyyən izahata bağlı düzəlişlər etməli olub. O, bildirib ki, Ermənistan Kremllə Rusiya hərbi bazalarının çıxarılması ilə bağlı hər hansı məsələni müzakirə etmir. Onun fikrincə, hazırda rəsmi İrəvanı daha çox KTMT-ya üzvlüyün və Rusiya ilə ikitərəfli hərbi sazişlərin hansı səbəbdən Ermənistana heç bir üstünlük qazandırmadığı düşündürür.

Baş nazir Nikol Paşinyan növbəti dəfə KTMT-nın nizamnaməsinə istinad etməklə, bildirib ki, bu hərbi alyans və Rusiya öz müttəfiqlik öhdəliklərini yerinə yetirməyib. Ona görə də, rəsmi İrəvan hələ də həm KTMT-dan, həm də Rusiyadan konkret izah tələb edir. Halbuki, indiyə qədər bir neçə dəfə rəsmi İrəvana Azərbaycan ordusunun hərbi əməliyyatlar zamanı Ermənistan ərazisinə heç bir müdaxilə etmədiyi xatırladılıb. Və nədənsə, bu xatırlatmalar hələ də rəsmi İrəvanı qane etməyib.

Digər tərəfdən, Kreml rəsmi İrəvana Azərbaycanla sərhəd bölgəsində KTMT-nın müşahidə qrupunu yerləşdirməyi də təklif edib. Ancaq rəsmi İrəvan qəti şəkildə bu təklifdən imtina edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova məhz bu məqamı qabardaraq vurğulayıb ki, rəsmi İrəvan KTMT əvəzinə Avropa Birliyinin mülki müşahidə missiyasını dəvət etməyə üstünlük verir: "Onlar isə manitorinq bəhanəsi ilə Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları toplamaqla, məşğuldurlar".

Göründüyü kimi, Paşinyan hakimiyyətinin Rusiyaya qarşı apardığı propoqanda Kremldə kifayət qədər ciddi reaksiya doğurmağa başlayıb. Rusiya rəsmi dairələri bir tərəfdən Ermənistana xəbərdarlıq edirlər, digər tərəfdən isə mövcud problemlərin təktərəfli həllinin olmadığını qabardırlar. Rusiyanın nüfuzlu "İzvestiya" nəşrinin yaydığı son məlumat isə ümumiyyətlə, Kremlin sərt mesajı kimi izah edilə bilər.

Məsələ ondadır ki, Rusiya nəşri ABŞ və Qərbin təlimatları ilə Paşinyan hakimiyyətinin rus hərbi bazalarının Ermənistandan çıxarılması tələblərini hər hansı formada gündəmə gətirməsinin tamamilə mənasız olduğunu vurğulayıb. Belə ki, Ermənistan 2044-cü ilə qədər Rusiya hərbi bazalarından təktərəfli şəkildə imtina etmək hüququna malik deyil. Yəni, bu, o deməkdir ki, Paşinyan hakimiyyəti nə etsə də, Rusiya hərbi bazaları Kremlin istəyi olmadan Ermənistandan çıxarıla bilməz.

Onu da qeyd etmək lazımdır ki, məhz belə bir situasiya Paşinyan hakimiyyətinin yanlış siyasəti ucbatından Ermənistana daha böyük təhlükələr vəd edir. Belə ki, Rusiya hərbi bazaları 2044-cü ilə qədər Ermənistan ərazisində qalacaq. Eyni zamanda, rəsmi İrəvan Fransa ilə də hərbi əməkdaşlığa başlayıb. Hətta yaxın gələcəkdə Ermənistan ərazisində Fransa hərbi kontingentinin peyda ola biləcəyi də qətiyyən istisna deyil. Üstəlik, Avropa Birliyi mülki müşahidə missiyası adı altında Ermənistanda Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti qurub. Və bütün bunların Ermənistan üçün hansı kataklizmləri vəd etdiyi təxmin etmək isə o qədər də çətin deyil.(Yeni Müsavat)


Вернуться назад