Главная > Siyasət > Azərbaycanın bu ərazisi İrana verilib, əvəzində Füruzə vadisi alınıb - Şok faktlar

Azərbaycanın bu ərazisi İrana verilib, əvəzində Füruzə vadisi alınıb - Şok faktlar


20-10-2023, 14:22. Разместил: admin


Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində ilin sonuna kimi Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirdi. Necə düşünürsünüz, qarşıdakı iki ayda sülh üçün bütün proseslərin yekunlaşacağı nə dərəcədə real görünür?

- Sülhlə bağlı Azərbaycan və erməni tərəfindən də işçi qrupu yaradılıb. Bir neçə dəfə də bu istiqamətdə görüş olub. Demək olar ki, sülhlə bağlı çərçivə sazişinin imzalanması mümkündür. Azərbaycan sülhlə bağlı özünün 5 bəndlik təklifini irəli sürüb. Ermənistan da burada təkliflərinin olduğunu deyir. Sözsüz ki, bunlar beynəlxalq prinsiplərə uyğun olmalıdır. Azərbaycan tərəfi buna uyğun olaraq öz konsepsiyasını hazırlayıb. Ona görə də, burada vaxt itirməyə ehtiyac yoxdur. Azərbaycan bu addımı atmaq üçün hazırdır.

- Çərçivə sülh sazişinin imzalanması qaydaları nədən ibarətdir?

- Tərəflər burada işçi qrupları arasında məsələləri razılaşdırdıqdan sonra şərtlər səhifə-səhifə imzalanır, yəni paraflanır. Daha sonra isə hər iki tərəfə bu təqdim edilir. Burada şərtlər Azərbaycan və erməni dilində hazırlanacaq. Uyğunlaşmalar aparıldıqdan sonra eyniləşmələrə baxılacaq. Məhz bu məsələlər həll edildikdən sonra dövlət rəhbərlərinin imzalanmasına təqdim ediləcək.

- Sülhlə bağlı müzakirələrdə daha çox keçmiş sovet dövrünə aid müxtəlif xəritələrə istinad edilir. Erməni tərəfi 1975-ci il xəritələri əsasında sərhədlərin dəqiqləşməsini təklif edir. Belə olan halda Azərbaycan hansı dövrün xəritələrini daha məqbul hesab edə bilər?

- Burada bir çox faktlara istinad etmək lazımdır. 1925-ci ildə belə Azərbaycanla Ermənistan arasında heç bir sərhəd dəqiqləşməsi aparılmayıb. Ona görə də, Paşinyanın danışdıqları yalandır. 1924-cü ildə federasiya yarandıqda belə 1920-ci ilin xəritələri əsas götürülüb. Belə olan halda Azərbaycan 1920-ci il xəritələrini əsas kimi qəbul edə bilər. Çünki 1929-cu ildə Azərbaycanın Naxçıvan bölgəsindən 9 kənd, Cəbrayıldan, Cülfadan və Şahbuzdan xeyli ərazi Ermənistana birləşdirilib. Ona görə də, 1920-ci il xəritələri əsasında sərhədlərin dəqiqləşdirilməsi Azərbaycan üçün daha əlverişli olacaq. 1975-ci ildə də həmçinin iki dövlət arasında heç bir sərhəd dəqiqləşdirilməsi aparılmayıb. 1975-ci ildə SSRİ daxilində Azərbaycan sərhədlərinin dəqiqləşdirilməsinin aparılması mümkün deyildi. 1954-cü ildə isə keçmiş SSRİ qeyri-qanuni olaraq Azərbaycanın Yardımlı rayonu ərazisindəki torpaqlarının bir qismini İrana verib. Bunun əvəzində SSRİ İrandan indiki Tükmənistan ərazisi olan Aşqabadın yaxınlığındakı Füruzə vadisini alıb. O vaxt SSRİ birinci katibinin (keçmiş SSRİ Nazirlər Şurasının sədri Georgi Malenkov 6 mart 1953 – 8 mart 1955) istirahət yeri yox idi. Füruzə dağlıq ərazi olduğuna görə birinci katibin istirahət yeri üçün Yardımlı rayonunun ərazisi İranla dəyişdirilib. O vaxt süzsüz ki, Azərbaycandan heç bir razılıq alınmamışdı. Faktiki olaraq Azərbaycan ərazisi İrana verilib Türkmənistandan torpaq alınıb. Ona görə də, SSRİ yarandıqdan sonra Azərbaycan-Ermənistan sərhəddində hər hansı bir dəqiqləşdirilmə aparılmayıb. 1984-cü ildə isə Azərbaycanın Qazax rayonu istiqamətindən meşə zonası Ermənistana verilib. Bu da Şamil Rəsizadənin imzası ilə edilib.

- Bişkekdə Rusiya prezidenti sülh imzalandıqdan sonra Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsinin texniki məsələ kimi həll edilə biləcəyini deyib. Belə çıxır ki, sülh razılaşmasından sonra sərhədlərin konkretləşdirilməsi prosesi uzun müddət davam edəcək?

- Burada tək sərhədlərin dəqiqləşməsi deyil, anklavlarla bağlı da məsələlər həllini tapmalıdır. Hazırda Qazağın 7-i, Naxçıvanın 1 kəndi Ermənistanın işğalındadır. Erməni tərəfi isə Başkəndlə bağlı iddia irəli sürür. Əslində bu kənd Gədəbəyin tarixi ərazisidir və sovet dövründə bu torpaqlar da Ermənistana peşkək edilib. Bu torpaqlar heç bir əsas olmadan Ermənistana verilib. Fakt odur ki, Ermənistanın ərazisi 9 min kv km-dir. Qalan torpaqları yəni, 20 min kv km-lik ərazi 1920-ci ildən sonra Azərbaycandan qopardılıb Ermənistana verilən torpaqlardır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqda ərazisi 114 min kv km-r olub. Belə olan Azərbaycanla ərazi mübahisəsi aparmaq Ermənistan üçün sərfəli deyil. Əgər erməni tərəfi nədəsə inad edirsə, Azərbaycanla Ermənistan dövləti yarandıqda mövcud olan ərazi və xəritələr gündəmə gəlməlidir.


Вернуться назад