Главная > Siyasət > Tarixin qara ləkələrini silib Pyotrun vəsiyyətini puç edən qərar - XANKƏNDİ DASTANI

Tarixin qara ləkələrini silib Pyotrun vəsiyyətini puç edən qərar - XANKƏNDİ DASTANI


20-10-2023, 09:16. Разместил: admin
Tarixin qara ləkələrini silib Pyotrun vəsiyyətini puç edən qərar - XANKƏNDİ DASTANI


“Xankəndidə Azərbaycan bayrağının sancılmasının elə bir böyük tarixi əhəmiyyəti var ki, onu  insan sözlə ifadə etməkdə çox çətinlik çəkir. İlk olaraq onu qeyd edim ki, Xankəndidə ucalan Azərbaycan bayrağı dünya düzəninə təsir edən bir hadisədir”. 

Bunu açıqlamasında Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.

Vitse-spikerin sözlərinə görə, Dağlıq Qarabağ məsələsi yüz il idi ki, Azərbaycanın başı üzərində asılmış domokl qılıncı idi.

“Dağlı Qarabağ nəinki sovetlər dönəmində və ya ondan sonrakı dövrdə, hətta 1920-ci ildə  Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda da böyük rol oynadı. Bir sözlə, Dağlıq Qarabağ bu ötən yüz ildə Azərbaycan üçün bir faciə mənbəyi oldu. 1920-ci ilin mart-aprel aylarında ermənilər Qarabağda Azərbaycana qarşı üsyan qaldırdılar və o zaman Cümhuriyyətin 40 mindən bir az artıq ordusunun 33 mini Qarabağa göndərildi. Yerdə qalan azsaylı qoşun isə Bakıda dövlət idarələrini və dövlətin təhlükəsizliyini qoruyurdu. Dövlətin diqqəti bu istiqamətə yönəldiyi zaman rus qoşunları aprel ayında Azərbaycana daxil oldu. Burada artıq şərhə ehtiyac qalmır. Bu azsaylı ordu ilə nə etmək olardı? Bax, o zaman da ermənilərin Qarabağda üsyan qaldırması, AXC-nin  süqutuna gətirib çıxardı”, - deputat qeyd edib.

Vitse-spiker əlavə edib ki, 70 illik sovet hakimiyyəti dövründə də sakit durmurdular, ancaq Heydər Əliyevin hakimiyyətdə olduğu müddətdə onlar heç nə edə bilmədilər: “Heydər Əliyev  Moskvada Siyasi Büronun üzvlüyündən uzaqlaşdırıldıqdan sonra ermənilər yenidən fəallaşdılar və Dağlıq Qarabağ məsələsi gündəmə gəldi. O dövrdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyası ilə Aqanbekyan Fransa mediasında çıxış etdi. 1988-ci ildən keçən 35 il müddətində Cənubi Qafqazda marağı olan bütün dünya gücləri bu erməni layihəsindən özü üçün faydalanmağa çalışdı. Avropa, ABŞ, Rusiya, İran erməni layihəsi üzərində Qafqaz siyasətini qurdular. Cənab Prezident Xankəndidə Azərbaycan bayrağını dalğalandırmaqla 35 illik erməni layihəsini yerlə yeksan etdi. Bölgədə marağı olan güclərin əlindən bu kartı alıb atdı. O baxımdan Xankəndidə ucalan bayrağın Azərbaycanın həm keçmişi, həm də gələcəyi baxımdan çox mühüm əhəmiyyəti var. 

Birincisi, bayrağın sancılması ilə Azərbaycan yenidən Cənubi Qafqazda geosiyasi yol xəritəsini müəyyən etdi.

İkincisi, rəsmi Bakı “artsax”  planını Cənubi Qafqazın geosiyasi gündəliyindən çıxartı. Bu, qalsa-qalsa ancaq ermənilərin sərsəm düşüncəsində qala bilər, vəssalam.

Üçüncüsü, regionda mövqelərini təmin etmək istəyən güclərin əlindən Qarabağ kartı alındı.
Bütün bunların nəticəsidir ki, Fransanın artıq sancısı tutub. Özünü sağa-sola vurur, özünü gah yolun altına, gah da üstünə atır. Vurnuxur, amma heç nə edə bilmir. 

ABŞ bundan istifadə edib Rusiyanı bölgədən çıxarıb öz siyasi nüfuzunu təmin etmək istəyir. Bunlara baxmayaraq Xankəndidə Azərbaycan bayrağı dalğalanır”.

Fransanın, bəzi Qərb ölkələrinin, Avropa təşkilatlaırnın son günlərdəki can-fəşanlığına, Azərbaycana qarşı qərəzli mövqe sərgilməsinə gəldikdə isə vitse-spiker deyib ki, bu hərəkətlər erməni lobbisinin xidməti qarşısında bir borc qaytarmağa bənzəyir: “Çünki seçkilər zamanı həmin ölkələrin siyasətçiləri erməni lobbisi qarşısında müəyyən öhdəlikləri var və bu yolla həmin borcu geri qaytarmaq istəyirlər. Vurnuxub nəsə etməyə can atırlar, amma alınmır. Nəticədə də özləri daha pis vəziyyətə düşümüş olurlar. 

Ona görə də belə bir mürəkkəb siyasi şəraitdə Prezidentin Xankəndidə bayraq sancması yuxuya bənzəyir. Belə hadisələr nağıllarda olur. Dastanlarda və yaxud filmlərdə olur ki, qəhrəman sonda qalib gəlir. Amma Azərbaycanda bu reallıqdır. Dövlət başçısı, qalib sərkərdə Xankəndidə bayrağı sancmaqla dünyaya mesaj verdi ki, bu yerlər əzəli Azərbaycan torpaqlarıdır və buranın öz sahibləri var. Bundan sonra onlar əbədi olaraq bu torpaqlarda yaşayacaqlar”.

Millət vəkili məsələ ilə bağlı daha vacib bir məqəma toxunaraq bildirdi ki, tarixin dərinliyinə varsaq, o zaman bayrağın sancılması ilə Pyotrun vəsiyyətinin və düşüncələrinin üzərindən xətt çəkildiyini görərik: 

“Hələ 1723-cü ilin noyabrında Birinci Pyotr üç erməni katalikosu ilə görüşündən sonra bölgədəki gələcək planlarını reallaşdırmaq üçün ermənilərin Azərbaycanın müxtəlif ərazilərinə - Bakıya, Qarabağa, Dərbənd, Mazandarana və sair ərazilərə ermənilərin köçürülməsi ilə bağlı göstəriş verir. Bu plan ancaq Birinci Pyotrun ölümündən yüz il sonra Gülüstan və Türkmənçay müqaviləsindən sonra icra olundu. Bu məqsədlə İran və Osmanlı ərazilərindən yüz mindən artıq erməni bu ərazilərə köçürüldü. Bununla da ermənilərin bu ərazilərdə yerləşdirilməsinə başlandı.

Prezident Xankəndidə bayrağımızı dalğalandırmaqla Azərbaycan tarixinin qaranlıq və qara ləkələrini silmiş oldu. Bununla da dəfn etməkdə olduğumuz “Böyük Ermənistan” ideologiyasının tabutuna son mismarı vurmuş olduq”.

Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıqlayan Fəzail İbrahimli deyib ki, siyasətdə zamanlama xüsusi əhəmiyyət kəsb edir: “Odur ki, cənab Prezident nəyi nə vaxt edəcəyini çox gözəl bilir. Zamanı gələndə o məsələ də həllini tapacaq”.

Avropa strukturlarının və ölkələrinin Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib sənədlər qəbul etməsinə gəldikdə isə vitse-spiker deyib ki, bu ölkələr Azərbaycanın qələbəsindən şoka düşüb başlarını itiriblər və nə edəcəklərini özləri də bilmir: “Qəbul edilən kağız parçalarının Azərbaycan üçün elə bir əhəmiyyəti yoxdur. Buna eyni zamanda ermənilərin başını aldatmaq, ovundurmaq üçün əllərinə verilən yaxmaca bənzəyir. 

Ağlı başında olan, ciddi ölkələr isə Qafqaz siyasətində uğur qazanmaq üçün Azərbaycanla münasibətlərini qurmağa çalışır. Azərbaycan Qarabağ məsələsinə nöqtə qoymaqla bölgədə yeni bir mərhələ başlanğıcına start verdi. Bu mərhələdə də bizi ciddi qələbələr gözlənilir”.


Вернуться назад