Главная > Siyasət > Ukraynanı qorxunc təhlükə gözləyir: ABŞ bu ölkəni Rusiya ilə təkbaşına buraxır
Ukraynanı qorxunc təhlükə gözləyir: ABŞ bu ölkəni Rusiya ilə təkbaşına buraxır3-10-2023, 09:00. Разместил: admin |
Belə anlaşılır ki, ABŞ-da hakimiyyət dəyişərsə, Ukrayna Ağ Evin dəstəyindən məhrum qalacaq, Bu halda, Avropa Birliyinin də kənara çəkilməyə məcbur olacağı şübhə doğurmur... Bu halda, Ukraynanın bir dövlət kimi xəritədən silinməsi ilə bağlı təhlükə real görüntülər ala, Avropa Birliyi isə Rusiyanın qarşısında ümumiyyətlə, müdafiəsiz qala bilər... ABŞ və Qərb Ukrayna savaşı ətrafında yaranmış vəziyyətdən qətiyyən məmnun deyil. Əksinə, zaman keçdikcə, Ukrayna savaşı ABŞ və Qərbin çiyinlərində daşınması çətinləşən ağır yükə çevrilir. Çünki bu savaşın ideoloqlarının və strateqlərinin qarşıya qoyulan hədəflərə tam çatdığını iddia etmək mümkün deyil. Və hazırda bəzi Qərb ölkələrində Ukrayna savaşına yönəlik narazılıqların intensiv olaraq, artdığı da müşahidə edilir. Birinci önəmli məqam ondan ibarətdir ki, Ukrayna ordusunun əks hücum əməliyyatlarının effektivliyi Qərb hərbi dairəsinin gözləntilərindən çox-çox uzaq qalıb. Hər halda, Ukrayna ordusunun Rusiya silahlı qüvvələrini məğlubiyyətə yaxın situasiyaya sala biləcəyinə ümid bəslənilirdi. Və bu, baş versəydi, Kremli Rusiyanın maraqlarına zidd şərtlər altında uzunmüddətli "nə hərb, nə sülh" vəziyyətinə məhkum etmək planlaşdırılırdı. Ancaq bütün bu gözləntilər reallıqdan uzaqdır. Rusiya ordusu Ukraynanın əks hücum əməliyyatlarına hələlik tab gətirməyi bacarır. Düzdür, Rusiya da olduqca ağır vəziyyətdədir, müharibədə öz xeyrinə dönüş yaratmaq imkanları və resursları qətiyyən ümidverici deyil. Ancaq indiki halda, mövcud situasiya Kremlə ABŞ və Qərb qarşısında əzici şərtləri bloklamaq imkanları verir. Və böyük ehtimalla Rusiya kollektiv Qərbə müqaviməti mümkün qədər uzatmağa çalışacaq. Məsələ ondadır ki, son vaxtlara qədər Ukrayna savaşı ucbatından ABŞ və Qərbin təzyiqləri qarşısında aciz duruma düşən Rusiya siyasi dairələri yaxın gələcəyə indi daha ümidli baxmağa başlayıblar. Halbuki, bu ümidli baxışlarda Rusiyanın hərbi-siyasi potensialı, savaşda qalib gəlmə şansları qətiyyən rol oynamır. Və Kremlin indiki halda, situasiyanı dəyişmək imkanları demək olar ki, yoxdur. Maraqlıdır ki, hazırda Kremli gələcəyə ümidləndirən yeganə faktor ABŞ və Qərbdən aldığı mesajlardır. Qərbdə Ukrayna savaşından xilas olmağın yollarının axtarılması indi əsas hədəfə çevrilməyə başlayıb. Hətta bəzi Qərb ölkələri öz milli gəlirlərinin əhəmiyyətli hissəsini məhz Ukrayna savaşına xərcləmək istəmədiklərini qətiyyən gizlətmirlər. Bunu hər imkanda gündəmə gətirirlər, savaşa xərclənən maliyyə vəsaitinin sosial-iqtisadi böhranın dərinləşməsinə qarşı yönəldilməsinin vacibliyini qabardırlar. Rəsmi məlumatlara görə, Avropa Birliyi son bir il ərzində Ukrayna savaşına 85 milyard avro xərcləyib. Bu nəhəng məbləğ məhz üzv dövlətlərin büdcəsindən yönəldilir. Bəzi Avropa Birliyi ölkələri, xüsusilə də, Fransa, Almaniya və İtaliya bu maliyyə yükünün artıq çəkilməz səviyyəyə çatdığı qənaətinə gəliblər. Və uzun müddət belə davam edə bilməyəcəyinə əmindirlər. Üstəlik, Avropa Birliyi ölkələri Rusiyaya qarşı sanksiyaların əks effektini də daha sərt şəkildə hiss etməyə başlayıblar. Xüsusilə də, enerji resurslarına olan ehtiyacların təmin edilməsi zaman keçdikcə, daha da çətinləşir. Avropa Birliyi Rusiya enerji resurslarına alternativ mənbələrin tapılmasında problemlər yaşayırlar. Və Rusiya ilə düşmənçilik faktoru da Avropa Birliyində müəyyən xofa yol açır. Təbii ki, Avropada Ukraynanın hərbi məğlubiyyətinin "qoca qitə"yə vəd etdiyi perspektiv təhlükələri də anlayırlar. Bu savaşda qalib gələcəyi təqdirdə, Rusiyanın Avropa ölkələrindən intiqam alacağı qətiyyən şübhə doğurmur. Ona görə də, indi Avropa Birliyini yalnız Ukrayna savaşından xilas olmaq deyil, həm də hərbi xərcləri artırmaqla, "qoca qitə"nin müdafiə potensialının gücləndirilməsi də düşündürür. Və bu baxımdan, Avropa Birliyinin Ukrayna savaşına münasibətdə "geopolitik labirintə" düşdüyü də inkaredilməz reallıqdır. Avropa Birliyinə daha bir real təhlükə məhz ABŞ-ın qeyri-müəyyən mövqeyindən gözlənilir. Belə ki, Ukrayna savaşı ABŞ-ın siyasi elitasında da ciddi qarşıdurmalara yol açmağa başlayıb. Artıq Bayden adminstrasiyası bu məsələdə özünü əvvəlki kimi rahat hiss etmir. Əksinə, son vaxtlar Ağ Evə qarşı siyasi rəqiblərin təzyiqləri maksimum həddə qədər güclənib. Və Bayden adminstrasiyası artıq bu təzyiqlərə tab gətirməkdə çətinlik çəkir. (Yeni Müsavat) Məsələ ondadır ki, ABŞ-ın yaxın üç ay üçün müəyyən edilmiş dövlət büdcəsində Ukraynaya hər hansı yardım nəzərdə tutulmayıb. Yəni, yaxın üç ayda Ağ Ev Ukraynaya maliyyə dəstəyi verə bilməyəcək. Böyük ehtimalla növbəti prezident seçkiləri yaxınlaşdıqca, ABŞ Ukrayna savaşı ilə bağlı mövqeyini arxa plana keçirtmək məcburiyyətində qala bilər. Təbii ki, Ukrayna savaşı ABŞ-da seçkiqabağı siyasi mübarizənin əsas mövzusuna çevrilib. Bayden adminstrasiyasını hakimiyyətdən kənarlaşdırmağı hədəfləyən Respublikaçılar Partiyası Ukraynaya hərbi və maliyyə dəstəyinin tamamilə kəsilməsini tələb edirlər. Onların fikrincə, bu savaş ABŞ-ın maraqlarına ziddir və Ukraynanı maliyyələşdirməyə borclu deyil. Hətta növbəti seçkilərdə prezident Co Baydenin yenə də əsas rəqibi olacağı gözlənilən Ağ Evin keçmiş sahibi Donald Tramp Ukrayna savaşını ən qısa zamanda ABŞ-ı Ukrayna savaşından xilas edəcəyini iddia edib. Respublikaçılar hakimiyyətə gələcəkləri təqdirdə, Ukraynaya maliyyə dəstəyini dərhal dayandıracaqlarını bəyanlayırlar. Bir qrup respublikaçı konqresmen isə elə indidən Bayden adminstrasiyasına bu barədə rəsmi münasibət ünvanlayıb. Onu da qeyd etmək lazımdır ki, ABŞ indiyə qədər Ukraynaya 146 milyard dollardan artıq dəstək verib. İndi ABŞ siyasi elitasında belə nəhəng məbləğin boşuna xərcləndiyini və bunun yolverilməz olduğunu düşünənlər durmadan artmaqdadır. Və bu, Ukrayna, hətta Avropa üçün böyük təhlükə vəd edə biləcək yanaşmadır. Belə anlaşılır ki, ABŞ-da hakimiyyət dəyişərsə, Ukrayna Ağ Evin dəstəyindən məhrum qala bilər. Yəni, Ağ Evin Ukraynanı Rusiya ilə baş-başa buraxma ehtimalı kifayət qədər inandırıcı görünür. Bu, baş verərsə, Avropa Birliyi də Ukraynaya dəstək verməkdən imtina edə bilər. Bu halda, Ukraynanın bir dövlət kimi xəritədən silinməsi ilə bağlı təhlükə real görüntülər alacaq. Avropa Birliyi isə Rusiyanın qarşısında müdafiəsiz qalacaq. Вернуться назад |