Главная > Siyasət > Prezident taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə başsağlığı verib
Prezident taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə başsağlığı verib18-09-2023, 12:14. Разместил: admin |
"Mən taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirəm". Bunu Prezident İlham Əliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciətində deyib. Dövlət başçısı bildirib ki, 30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir: "Mən itkin ailələrini əmin edirəm ki, Vətən uğrunda döyüşlərdə itkin düşmüş bütün şəxslərin taleyinin aydınlaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik. İtkin düşmüş şəxslər məsələsi post-münaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında tərəfimizdən xüsusi qabardılır. Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir. İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, barışıq baxımından da vacibdir. Bu sahədə əməkdaşlıq effektiv etimad quruculuğu tədbirlərindən biri ola bilər". Вернуться назад |