Главная > Siyasət > Rusiya son nəfəsinə qədər SÜLHƏ MANE OLACAQ... - NƏ BAŞ VERİR?

Rusiya son nəfəsinə qədər SÜLHƏ MANE OLACAQ... - NƏ BAŞ VERİR?


19-07-2023, 15:30. Разместил: admin


Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel iyulun 15-də Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanla görüşündən sonra mətbuata bəyanatla çıxış edib. Mişel açıqlamasında prezident Əliyev və baş nazir Paşinyan arasında altıncı görüşün nəticələrindən razı qaldığını vurğulayıb.

“Bizim müzakirələrimiz yenə də səmimi, dürüst və məzmunlu oldu. Görüşümüz mayın əvvəlindən Ermənistan və Azərbaycan liderləri, baş nazirlərin müavinləri və xarici işlər nazirləri arasında Brüsseldə, Kişineuda, Vaşinqtonda, Moskvada, həmçinin sərhəddə intensiv və məhsuldar keçirilən yüksək səviyyəli görüşlər silsiləsinin davamı oldu.

Biz Ermənistan ilə Azərbaycan arasında danışıqların ən əhatəli və mürəkkəb mərhələlərindən birini keçirik. Mən liderləri sülh prosesinə davamlı sadiqliklərinə görə təqdir etdim. Mən onları normallaşma yolunda qəti və dönməz irəliləyişi təmin etmək üçün daha cəsarətli addımlar atmağa çağırdım. Baxmayaraq ki, görüşümüz gərginliyin artması fonunda baş tutdu, mən siyasi müzakirələrdə və səylərdə mühüm irəliləyiş olduğunu qeyd etdim.

Biz gündəlikdəki bütün məsələləri müzakirə etdik”, – deyə Avropa İttifaqının rəhbəri bildirib.

Daha sonra o, danışıqların məzmununu barədə bənd-bənd danışıb:

Suverenlik və ərazi bütövlüyü. Ermənistan və Azərbaycan liderləri Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bir daha qəti şəkildə təsdiqlədilər.

Sərhədlərin delimitasiyası. Hər iki lider delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il “Alma-Ata Bəyannaməsi”nə birmənalı sadiqliklərini bir daha təsdiq etdilər.

Mən hər iki sərhəd komissiyasının 12 iyul tarixli iclasını alqışladım. Bu komissiyaların nizamnaməsi və sərhədlərin müəyyənləşdirilməsinin əsasları ilə bağlı müzakirələrdə irəliləyiş əldə edilib.

Ən mühümü isə odur ki, liderlər komissiyaların işini intensivləşdirmək və sürətləndirmək barədə razılığa gəliblər.

Kommunikasiyalar. Bu məsələyə gəldikdə, tərəflər son iki ay ərzində regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə də aşkar irəliləyişə nail olublar. Biz suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə cavab verən gələcək nəqliyyat razılaşmalarının şərtlərini müzakirə etdik.

Dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalıdır. Avropa İttifaqı maliyyə töhfəsi verməyə hazır olacaq. Bəzi detallar hələ də aydınlaşdırma tələb edir, lakin bu mövzuda indi mövqelər yaxınlaşır və variantlar fəal şəkildə araşdırılır.

Humanitar yardımlar. Qarabağın erməni əhalisinin vəziyyətini, Laçın dəhlizi ətrafında vəziyyəti müzakirə etdik. Aydındır ki, mövcud vəziyyət dayanıqlı deyil və heç kimin marağına uyğun gəlmir. Vəziyyətin normallaşmasına kömək üçün mümkün konkret addımları da müzakirə etdik.

Mən Laçın yolunun açılmasının vacibliyini vurğuladım. Mən Azərbaycanın Ağdamdan humanitar yardımları təmin etmək istəyini də qeyd etdim. Mən hər iki variantı vacib hesab edirəm və əhalinin ehtiyaclarının təmin olunması üçün hər iki tərəfdən humanitar yardımların çatdırılmasını dəstəkləyirəm.

Mən, həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tibbi təxliyənin bərpasını da alqışladım.

Hüquqlar və təhlükəsizlik. Yerli əhalinin ilk növbədə hüquqlarının və təhlükəsizliyinin təmin olunmasına ehtiyacı var.

Mən bu kontekstdə Avropa İttifaqının Bakı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan ermənilərin nümayəndələri arasında birbaşa dialoqu dəstəklədiyini bildirdim.

Bu dialoq bütün tərəflər üçün çox vacib olan etimadı təmin etməlidir.

Saxlanılanlar. Biz saxlanılanlar məsələsini də müzakirə etdik. Liderlər alicənablıq anlayışına sadiqliklərini bir daha təsdiqlədilər və bununla da ehtiyatsızlıqdan qarşı tərəfə keçən əsgərlərin azad olunması asanlaşacaq.

Mən hər iki tərəfdən saxlanılanların azad edilməsinin tərəfdarı olduğumu bildirdim.

İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və minatəmizləmə üzrə əməkdaşlığın genişləndirilməsinin vacibliyi də müzakirə olundu. Mən bir daha tərəfləri mümkün qədər çox məlumat mübadiləsi aparmağa çağırdım.

Hadisələrin inkişafı. Biz razılaşdıq ki, komandalarımız bu gün müzakirə olunan məsələlərin daha sonra konkret inkişafını təmin etmək üçün sıx təmasda olacaqlar. Real inkişaf isə yaxın gələcəkdə atılmalı olan növbəti addımlardan asılıdır.

Əsas prioritet isə odur ki, sülh və normallaşma danışıqlarına lazımi şəraiti təmin etmək üçün zorakılıq və sərt ritorika dayandırılmalıdır.

Mən, həmçinin Ermənistan və Azərbaycan liderlərinə yaydan sonra Brüsseldə növbəti görüşə dəvət etmək niyyətimi bir daha bildirdim. Bundan əlavə, “Avropa siyasi birliyi”nin növbəti Zirvə toplantısı çərçivəsində Qranadada Fransa və Almaniya liderlərinin də iştirakı ilə beştərəfli görüş təklifimi də diqqətə çatdırdım.

İlk baxışdan elə gəlir ki, deyəsən, hər şey həqiqətən müzakirə olunub. Amma nədənsə Şarl Mişel bu görüşdə əldə olunan nəticələrlə bağlı konkret məlumat verməyib. Bəlkə ona görə ki, ortada nəticələr yoxdur? Onun sözlərindən belə nəticəyə gəlmək olar ki, tərəflər hər şeydən razıdırlar, bütün məsələlərdə anlaşma var. Lakin Bakı və İrəvanın əsas sənəd – sülh müqaviləsini imzalamağa nə dərəcədə yaxınlaşdıqları qaranlıq olaraq qalır.

Bölgədə isə vəziyyət daha pisdir. Ermənistan və Azərbaycanın müdafiə nazirliklərinin gündəlik hesabatları buna əyani sübutdur – həm sərhəddə, həm də Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında daimi atışmalar baş verir.

Yəni, bir tərəfdən nikbin sayıla biləcək yüksək səviyyədə danışıqlar prosesi, digər tərəfdən isə daha bir irimiqyaslı müharibənin başlaması qorxusu yaradan gecə-gündüz baş verən atışmalar davam edir.

DİA.AZ bildirir ki, bu ziddiyyətli mənzərəni Press Klub üçün tanınmış siyasi şərhçilər izah etməyə razılaşıblar.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze hesab edir ki, bütün bunlar münaqişənin şaxələnmə həddinə çatması deməkdir: “Bu, poker oyununda olduğu kimi, oyunçuların kartlarını açmağa məcbur olmasıdır”.

“İki bəyanat – Şarl Mişelin görüşdən sonra və Rusiya Xarici İşlər Nazirliyinin görüş davam edən zaman bəyanatları bu silsilədəndir. Bax bunu izləyəcəyik. Azərbaycan və Ermənistanın sülh müqaviləsi imzalamağa nə qədər yaxın olduğunu söyləmək çətindir, lakin əminliklə demək olar ki, tərəflər tarixdə heç vaxt indiki kimi sülh müqaviləsinə yaxın olmayıblar.

Və bəlkə də tarixdə ilk dəfə olaraq sülh prosesinə qarşı çıxan qüvvə ilə (və bu qüvvə, şübhəsiz ki, Rusiyadır) yanaşı, məhz bu prosesdə maraqlı olan başqa güclü qüvvələr var. Buna görə də, Rusiya Federasiyası tərəfindən pisliklərin nəinki mümkün, həm də qaçılmaz olmasına baxmayaraq, biz optimist olmalıyıq. Və bu pisliklər miqyasına görə kiçik deyil”, – gürcü analitik proqnozlaşdırıb.

Öz növbəsində müstəqil politoloq Xaqani Cəfərli Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də ABŞ Dövlət katibinin vasitəçiliyi ilə iki ölkənin xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilən görüşlərdən sonra kifayət qədər optimist şərh verib.

“Belə bir təəssürat yaranır ki, Bakı və İrəvan sülh müqaviləsi imzalamağa çox yaxındırlar. O cümlədən, Azərbaycan və Ermənistan liderləri arasında Ermənistan ərazisinin 29,8 min kv. km., Azərbaycan ərazisinin isə 86,6 min kv. km. qəbul edilməklə ərazi bütövlüyü və suverenliyin tanınmasına dair qarşılıqlı razılaşması çox yaxın gələcəkdə sülh müqaviləsi imzalana bilinəcəyi təəssürat yaradır. Bununla yanaşı, regionda gərginlik müharibədən sonrakı dövrdə ən yüksək həddə çatıb”, – Cəfərli qeyd edir.

Onun sözlərinə görə, bu ziddiyyət təsadüfi deyil. Çünki postsovet respublikalarının ərazisindəki münaqişələr bu ölkələri Moskvanın təsir dairəsində saxlamaq vasitəsi kimi seçildiyi üçün Rusiya münaqişələri həll etməyə yox, onları idarə etməyə çalışırdı.

“Rusiya münaqişələri idarə etməklə postsovet respublikalarını öz təsir dairəsində saxlayırdı. ABŞ və Avropa İttifaqı bu münaqişələr arasında ən qəlizi olan Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə çox yaxındır. Rusiya buna imkan vermək istəmir. Ona görə də, Ermənistanda və Xankəndində öz təsir dairəsini səfərbər edib. Məhz rusiyapərəst qüvvələr təxribat törədir və sülh müqaviləsinin imzalanmasının qarşısını almağa çalışırlar. Moskvanın özü də bu prosesdə rəsmən iştirak edir. Rusiya Xarici İşlər Nazirliyinin Qarabağın dağlıq hissəsi ətrafında vəziyyətin pisləşməsi və bu regionda humanitar böhranla bağlı bəyanatı Moskvanın regionda artan gərginlikdə birbaşa iştirakını təsdiqləyir. Rusiya Azərbaycanın daxili işlərinə kobud müdaxilə etməklə yanaşı, erməniləri qızışdırır.

İran da bu prosesdə Rusiyanın siyasətini açıq və gizli şəkildə dəstəkləyir. Nəticə ziddiyyətli bir mənzərə yaranıb. Nikol Paşinyan hökuməti sülh sazişinin imzalanmasında maraqlı görünsə də, Paşinyanın bütün ölkəyə, xüsusən də orduya tam nəzarət edə bilməməsi vəziyyəti daha da gərginləşdirir. Artan gərginlik yeni döyüşləri qaçılmaz edə bilər. İndi Paşinyanın rəhbərlik etdiyi hökumətin qarşısında böyük vəzifə durur. Paşinyan Ermənistanda və Xankəndindəki Rusiyaya bağlı “müharibə partiyası”nı məhv edə bilməsə, sülh sazişinin imzalanması gecikə bilər. Digər tərəfdən, sülh müqaviləsi imzalansa belə, Rusiya son nəfəsinə qədər bölgədə sülhün və sabitliyin tam bərqərar olmasına mane olmağa çalışacaq. Buna hər kəs əmin ola bilər”, – deyə azərbaycanlı ekspert yekunlaşdırıb.


Вернуться назад